“Tramp nə qədər proqnozlaşdırılmayan şəxs olsa da, bu hakimiyyəti dövründə çox adekvat olmayanlar qərarlar qəbul etsə də, atom bombasını atmaqdan imtina edəcək, çünki ABŞ dünyada atom bombasından istifadə edən ilk ölkədir, Yaponiyada mülki əhaliyə qarşı istifadə edib. İkinci dəfə ABŞ-nin adının bu cür mənfi planda hallandırılması “gülləni öz ayağına sıxmaq” deməkdir. Hətta tək öz ayağına yox, bütövlükdə ABŞ-nin ayağına sıxmaq deməkdir. Məncə, o buna getməz”.
Bu fikirləri Musavat.com-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib.
Onun sözlərinə görə, bu, faktiki olaraq başqa bir dövlətə də atom bombasından istifadə etmək üçün bəhanə yarada bilər: “ABŞ atom bombanı atarsa, ilk növbədə Rusiya-Ukrayna müharibəsində Putin də bu addımı ata bilər. Putin hər zaman deyib ki, strateji silahları hazır vəziyyətdə saxlamaq lazımdır. Rusiya siyasi şərhçiləri, rəsmiləri dəfələrlə, bəzən təəccüblə soruşurlar ki, nəyə görə Ukraynaya qarşı atom bombasından istifadə edilmir? Rusiya, təkcə Ukraynaya qarşı yox, yeri gəlsə, son günlərdə xüsusilə hədələdiyi Avropaya qarşı da bu addımı ata bilər və nəticədə üçüncü dünya müharibəsi başlaya bilər. Sabah Çin Tayvana qarşı da istifadə edə bilər. Bu isə Trampın, ABŞ-nin tamamilə əleyhinədir. İranda zənginləşdirilmiş uranın çox dərin qatlarda yerləşməsi, məhz oranın hədəf alınması və s. mahiyyəti dəyişmir. 80 il öncə atom bombasından istifadə etdiyi üçün ABŞ-i hələ də qınayırlar, hətta hədəf göstərirlər. Əgər Tramp bu addımı atarsa, ABŞ daha pis hədəfə qalacaq və dünyanı fəlakət bürüyəcək. Söhbət, təkcə dağın dərinliklərindəki zənginləşdirilmiş uranın məhvindən yox, atom bombasından istifadədən gedir. Hesab edirəm ki, ABŞ-də ağıllı adamlar daha çoxdur və onlar bu məsələnin qarşısını alacaqlar”.
İ.İsmayıl əlavə edib ki, əgər ABŞ və İsrailin hədəfi İranda siyasi rejimi dəyişməkdirsə, atom bombasından istifadə olunarsa, siyasi rejim özünü əzabkeş obrazında göstərib daha da möhkəmlənəcək və narazı kütlə belə konsolidasiya olacaq: “Necə ki, Xameneyini vurmaqla elə bilirdilər ki, məsələ bitəcək, bitmədi, eyni situasiya təkrarlanacaq. Ona görə də amerikalılar dərindən düşünməlidirlər”.
Qeyd edək ki, ABŞ-nin tanınmış siyasi şərhçisi Taker Karlson sensasion iddia səsləndirib. O, bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu prezident Donald Trampı İrana nüvə zərbəsi endirmək üçün razı salmağa çalışır. Onun sözlərinə görə, qərar noyabrın 7-dək verilə bilər.
