Nazim Sultanov Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqova arxalanır
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunun fəaliyyəti həm yerli sakinlərin, həm ölkənin digər vətəndaşlarının, o cumlədən məhz bu istiqamətdən Azərbaycana daxil olan əcnəbilərin ciddi narazılığına səbəb olur. Çünki "Sınıq Körpü” keçid məntəqəsinin rəisi, Sultanov Nazim və onun tabeliyində çalışan şəxslərin bəziləri bir sıra nöqsanlara yol verirlər. Belə ki, sözügedən keçid məntəqəsinin fəaliyyətinin "Mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti zamanı gömrük yoxlamasının keçirilməsi Qaydaları”na tamamilə zidd olduğunu vurğulayan mənbə iddia edir ki, "Sınıq Körpü”də insanlar saatlarla soyuq havada gözləməli olurlar ki, gömrük əməkdaşları nə vaxt insafa gəlib onları yoxlayıb buraxacaqlar. Məlumatlı şəxsin sözlərinə görə, "Sınıq Körpü” keçid məntəqəsində Gürcüstan tərəfinə keçərkən və oradan qayıdarkən avtobusun yoxlanılması beş saata yaxın vaxt aparır: "Halbuki Gürcüstan gömrüyündə bu yoxlama cəmi 10-15 dəqiqə çəkir. Minik avtomobili ilə gələnlər isə nəyinsə qarşılığında növbəsini qabağa saldırır və bu yolla postu asanlıqla keçirlər. Beləliklə, irəli sürələn "şərt”lərlə razılaşmayan sürücülər isə əsassız yerə saatlarla gözlədilir, yubanmaq məcburiyyətində qalırlar. Bütün bunların məsuliyyəti isə birbaşa "Sınıq Körpü” keçid məntəqəsinin rəisinin üzərinə düşür”. Nazim Sultanovun Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun himayəsinə arxalandığını deyən mənbə bildirir ki, ölkəmizə Gürcüstandan idxal olunan hər 6 dollarlıq malın yalnız 1 dolları rəsmiləşdirilir: "Deyilənlərə görə, "Sınıq Körpü” keçid məntəqəsinin bəzi əməkdaşlarının əməlləri heç bir qanuna sığmır. Çünki onlar malları və nəqliyyat vasitələrini keçirən şəxslərin, onların səlahiyyətli nümayəndələrinin, bu şəxslər olmadıqda isə tədqiqatın nəticəsində marağı olmayan fiziki şəxslərin iştirakı ilə prob və nümunələrin götürülməsinə şərait yaratmırlar. Bununla yanaşı, "Sınıq Körpü” keçid məntəqəsinin əməkdaşları mallara və nəqliyyat vasitələrinə əsassız ziyan vurmaqdan, hətta malları və nəqliyyat vasitələrini keçirən şəxslərin hüquqlarına, onların qanuni maraqlarına xələl gətirməkdən belə, çəkinmirlər. Bütün bunlar isə öz növbəsində, Azərbaycan Respublikasının qanunvericiliyinə, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, eyni zamanda Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktlarının tələblərinə tamamilə ziddir. Məsələnin maraqlı tərəfi ondadır ki, artıq Dövlət Gömrük Komitəsinin rəhbərliyi də "Sınıq Körpü” keçid məntəqəsində yaşanan olaylardan, Nazim Sultanovun fəaliyyətindən yetərincə məlumatlı olsa da, nədənsə bununla bağlı hər hansı tədbirə əl atılmayıb. Görünür, Nazim Sultanovun arxasında kifayət qədər güclü himayədarı var…” Bildiyiniz kimi, bu ilin iyun ayında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qazax rayonunda sakinləri qəbul edib. Görüş rayonun Şahmat Mərkəzində baş tutub. Qazax, Tovuz və Ağstafa rayonundan olan sakinlərin iştirak etdiyi görüş zamanı şikayətlər əsasən, "Sınıq Körpü” keçid məntəqəsinin rəisi Nazim Sultanovun nöqsanlı fəaliyyəti, sərhəddə Dövlət Görmük Komitəsinin işçilərinin vətəndaşlara qarşı sərt davranışları barədə olub. Görüşdən sonra "Sınıq Körpü” keçid məntəqəsinin rəisi Nazim Sultanovun qarşısını kəsən Qarabağ əlilləri və qəbula keçə bilməyən vətəndaşlar, ona ünvanlanan məktublara, qəbuluna düşmək üçün edilən müraciətlərə hansı səbəbdən baxmadığına dair suallar veriblər. Suallara cavab verə bilməyən Nazim Sultanov üstünə yeriyən kütləni yarıb, avtomobilinə oturaraq görüş yerini tərk edib. Bütün bunlar bir daha onu təsdiqləyir ki, "Sınıq Körpü” keçid məntəqəsinin fəaliyyətində ciddi neqativ hallar müşahidə olunur. Nəzərinizə çatdıraq ki, "Borçalı” İctimai Cəmiyyəti də məhz bu qənaətdədir. Belə ki, bu günlərdə "Sınıq Körpü” keçid məntəqəsində monitorinq aparan "Borçalı” Cəmiyyətinin bununla bağlı açıqlamasında deyilir ki, keçid məntəqəsində vəziyyətin son dərəcə acınacaqlı olduğu, qanunsuzluğun hökm sürdüyü Gürcüstandan Azərbaycana qayıdarkən müşahidə edilib. Məsələn, monitorinq qrupunun üzvləri saat 17:00-da sərhəd keçid məntəqəsinə Gürcüstan tərəfdən yaxınlaşarkən avtomobil növbəsinin iki kilometrə yaxın məsafədə Gürcüstanın içərisinə tərəf uzandığının şahidi olublar. Bu məsələ ilə bağlı Gürcüstan gömrükçülərinə müraciət edərkən qarşı tərəf "Günahı özünüzünkülərdə – Azərbaycan gömrüyündə axtarın, bu vəziyyətdən biz də bezmişik”, deyə cavab verib. "Borçalı” Cəmiyyətinin üzvləri sərhədi şəxsi avtomobillə keçdiklərinə baxmayaraq, doğrudan da məntəqənin Gürcüstan tərəfində heç bir maneə ilə rastlaşılmadığının canlı şahidi olublar. Hətta qeydə alınıb ki, bir avtomobilin yoxlanılıb gömrük və sərhəd postunu keçməsi bir dəqiqədən də az vaxt aparır. Müşahidələr zamanı məlum olub ki, Azərbaycan tərəfi avtomobilləri həddindən artıq ləngidərək, əsasən sürücülərin heysiyyatına toxunmaqla avtomobildəki pal-paltarı, zənbilləri primitiv üsulla, son dərəcə xırdaçılıqla, qanuna zidd formada yoxlayır və bu problemi qəsdən, süni surətdə yaradırlar. Məlum olub ki, bu bezdirilmələr əsasən avtomobillərdəki malların qeyri-qanuni müsadirəsinin asanlaşdırılmasına xidmət edir. Monitorinq qrupu ilə söhbətləşən sürücülərdən bir çoxu şikayətində məntəqədə avtomobilin yoxlanmasının ləngidilməsinə səbəb olan amillərdən biri kimi oradakı məmurların yoxlama aparmaq əvəzinə yoxlayacağı avtomobilə söykənib telefonla yazışdıqlarını, "vatsap”la kiminləsə məzələndiklərini, yaxud da öz aralarında iş prosesindən kənar söhbətlərə qoşulduqlarını göstəriblər. Hətta monitorinq qrupu şahid olub ki, avtomobillə hirsli vəziyyətdə sərhəddən çıxmağa çalışan başqa bir sürücü maşınla keçirmək istədiyi 3kq mal ətinin və bir kisə mandarinin gömrükdə müsadirə olunduğunu deyib, hətta "Borjomi” butulkasını belə götürüb onun içini gözdən keçirməklə əsəblərinə toxunduqlarından söhbət açıb. Bundan başqa, sərnişini olduğu avtomobilin sərhəddən keçməsini saatlarla gözləyən insanlar soyuqdan əziyyət çəkdiklərini, heç olmasa bir gözləmə yerinin və ayaqyolunun olmadığından şikayətləniblər. Halbuki Gürcüstan tərəfdəki məntəqədə bu problem yoxdur. Gördüyünüz kimi, hazırda "Sınıq Körpü” keçid məntəqəsində kifayət qədər nöqsanlar, ciddi neqativ hallar yaşanmaqdadır. Lakin buna baxmayaraq, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov, eləcə də Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev hələ də "Sınıq Körpü” keçid məntəqəsinin rəisi, Nazim Sultanov barəsində müvafiq ölçü götürmək niyyətində deyil. Maraqlıdır, görəsən onlar nəyi və ya kimi gözləyirlər? Məgər bu qədər fakt yetərli deyil?..
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Sərxan Məlikbəyli