Şəkidə ov edən ərəb turistlərin azərbaycanlı köməkçiləri ehtiyatsızlıqdan yaralanıblar.
Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 10-da axşam saatlarında Bərdə rayon sakini, 1978-ci il təvəllüdlü Ramin Sahib oğlu Babayev və Bakı şəhər sakini, 1983-cü il təvəllüqlü Ruslan Fərhad oğlu Axundov bədənin müxtəlif nahiyələrində çoxsaylı qırma yarası ilə xəstəxanaya daxil olublar. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, bədən nahiyəsinə girmiş qırmaların bir qismi çıxarılıb. Ramin Babayev və Ruslan Axundov müalicələrinin və qırmaların qalanlarını çıxarılması ücün Bakı şəhərindəki müvafiq xəstəxanalardan birinə müraciət edəcəklərini bildiriblər. Bu səbəbdən onlar ilkin müayinədən sonra sərbəst buraxılıblar.
Şəki rayon ərazisində ov edən və Şəki saray otelində qalan ərəblərin sürücüsü Ramin Babayev və tərcüməçisi Ruslan Axundov hadisənin Şəki saray otelinin həyətində baş verdiyini bildiriblər. Onların sözlərinə görə, ərəb turistlərlə birlikdə ov edib otelə qayıtdıqdan sonra maşından ov tüfəngini götürən zaman tüfəng yerə düşüb. Tüfəng dolu olduğundan yerə düşən zaman qəfildən atəş açılıb və hər iki şəxs bədənin müxtəlif nahiyələrindən çoxsaylı qırma yaraları xəsarəti alıb.