Şəfəqə Doğru » Gündəm » Əvəz Zeynallı saytlarla bağlı keçirdiyi sorğunu yekunlaşdırdı –Siyahıdakı ilk 30-luqda kimlər var? - ARAŞDIRMA

Əvəz Zeynallı saytlarla bağlı keçirdiyi sorğunu yekunlaşdırdı –Siyahıdakı ilk 30-luqda kimlər var? - ARAŞDIRMA

Əvəz Zeynallı saytlarla bağlı keçirdiyi sorğunu yekunlaşdırdı –Siyahıdakı ilk 30-luqda kimlər var? - ARAŞDIRMA
Əvəz ZEYNALLI

"Xural” qəzetinin baş redaktoru



Niyə saytlar haqqında sorğu?



Uzun zamandır başladığımız önəmli bir araşdırma-sorğuya artıq yekun vurma zamanı gəlib çatdı. Bir neçə aydır davam edən bəzən yorucu, bəzən də çox maraqlı sorğu bitdi. Bizim üçün təxminən Azərbaycan elektron dünyasının, sayt aləminin şəkli-şəmali müəyyən olundu.

Məlum olduğu kimi, ölkənin media sahəsi ən mürəkkəb və ziddiyyətli dövrünü yaşayır. Müstəqil medianın sərhədlərinin gündən-günə daraldılması prosesi alıb başını, gedir. Ədalət naminə qeyd olunmalıdır ki, bu proses – mətbuat azadlığının məhdudlaşdırılması prosesi bütün dünyada, hətta demokratik ölkələrdə də inanılmaz vüsət alıb, amma ölkəmiz bu sahədə demokratik ölkələri belə, ötüb keçən bir sürət yaxalamaqdadır. Nə qədər inanıb-inanmamağımızdan asılı olmayaraq, "Sərhədsiz Reportyorlar”ın son araşdırması bu "sürət”imizi göstərir – biz media azadlığı indeksinə görə, dünyada 180 ölkənin içində 162-ci yerdə qərarlaşırıq. Ölkəmizdə media azadlığı sürətlə bitir və ölür…

Hələ elektron mediaya əl qatmazdan xeyli əvvəl Azərbaycan hakimiyyəti yazılı medianı nizama salmağa başladı. Bu, çox mürəkkəb və ağır bir proses oldu. Səbəbləri var. Bir neçə il bundan əvvələ qədər Azərbaycanda çox güclü ənənələri olan müstəqil media nümunələri vardı və 1990-cı illərin sərbəstliyinin verdiyi ab-hava ilə bu müstəqil media nümunələrinin sayı həddindən artıq çox idi. 1990-cı illərin ortalarında 300 min tirajlıq qəzetlərimiz vardı. İllər keçdi, bu qəzetlərin tirajı 50.000-100.000 arasında dəyişdi və belə nümunələrin sayı xeyli çoxaldı. 1990-cı illərin ortalarında 35-40.000 tirajlıq qəzetlər normal fəaliyyət göstərirdi və tirajın azlığından şikayət edirdik.

1998-ci ildə senzura ləğv olunandan sonra yazılı mətbuatın qara günləri başladı. Ən müxtəlif metodlardan istifadə edərək qəzetlərin əvvəlcə redaktorları, sonra kollektivləri, nəhayət, tirajları ələ keçirilməyə başlanıldı. Azərbaycan mətbuatı çox qara səhifələr keçdi – əvvəlcə jurnalistlər oğurlandı, onlara hədə-qorxular gəlindi, küçələrdə döyüldü, qorxuduldu. Sonra həbslər dalğası gəldi – sözə qulaq asmayanlar, ipə-sapa yatmayanlar həbs olunmağa başladı. Bu da nəticə vermədi. Həbslər, hədə-qorxular, sillə-təpiklər qələm əhlini qorxutmadı, əksinə, onların sıralarını daha da gücləndirdi. Vəziyyəti başqa cür dəyərləndirmək lazım idi.

Yazıya dəxli olan haşiyə:

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk azad medianın dəstəkçisi olub, amma hər quruluşda olduğu kimi, onun da müxtəlif zamanlarda azad media ilə başı dərddə olub. Türkiyə Cümhuriyyətinin ilk illərində bir jurnalist Atatürkü çox tənqid edir. Hətta təhqirə varacaq dərəcədə. Bir-iki-üç, durum dəyişir, Atatürkün ətrafı Paşanın bundan narahat olduğunu hiss edirlər. Dərhal "yıxım ekibi” hərəkətə keçir. Mustafa Kamal Paşa öyrənir ki, jurnalistə qarşı tədbirlər hazırlanır. Adətən, bu işlərlə məşğul olan "Kılıç Əli”ni yanına çağırır və qətiyyən jurnalistə qarşı güc tətbiq etməməyi tapşırır. Sərtlik yanlısı "Kılıç Əli” bu dəfə başqa cür düşünür: "Rahatsız olmayın, Paşam, məsələ bu dəfə tamam başqa cür həllini tapacaq.” Aradan bir neçə müddət keçir. Atatürk ölkə qurur, Cümhuriyyət yaradır, Xilafəti ortadan qaldırır, Səltənəti padşahların başına uçurur və bu hadisə bir müddət unudulur. Bir müddətdən sonra Mustafa Kamal Paşa "Kılıç Əli”ni çağırır və ömrünü-gününü zəhər edən jurnalist haqqında soruşur. "Paşam, əvvəlcə jurnalistlə dost oldum, sonra bu dostluqdan istifadə edərək onun bütün problemlərini həll etdim, nəhayət, adamı sərvət sahibi etdim. İndi artıq o, itirəcəyi çox şeylərinin olduğunu bilir və öz işləri ilə məşğuldur…” – deyir "Kılıç Əli”…



Nədən 32-33 sayt?



Bax belə. Nəhayət, Azərbaycan hakimiyyəti də bu gerçəyi anladı və Azərbaycan jurnalistlərini yavaş-yavaş müxtəlif vəd və mükafatlarla səflərini dəyişdirməyə vadar etdi. Və… Azərbaycanın qələm adamları jurnalistlikdən yavaş-yavaş oliqarxlaşmağa doğru yol aldılar. Onlar pul qazanmağa başları qarışarkən, peşənin bütün prinsipləri sıradan çıxdı. Bir-birinin ardınca yazılı media qurumları sıradan çıxarıldı.

Mövzumuz elektron media qurumları olduğu üçün yazılı mətbuatın sıradan çıxarılması mexanizmini burada dayandırırıq. O haqda zaman-zaman danışmışıq və hələ çox danışmalı sözlərimiz də var. Yazılı mətbuatın sıradan çıxarılması, onlayn medianın yolunu açdı. Hakimiyyət yazılı medianı cilovlamaq üçün KİVDF-ni yaratdı və 32 qəzetə özünün məsləhət bildiyi məbləğdə maddi yardımlar ayırdı. Bu, bir tərəfdən medianın satın alınıb bitirilməsi kimi dəyərləndirilsə də, o biri tərəfdən medianın iqtisadi bazasının gücləndirilməsi kimi qiymətləndirildi. Artıq ölkənin tam nəzarətdə olan yazılı mediası həm də bu yolla eyni xəttə gətirildi. Əvvəllər bəzi müstəqil kimi görünməyə cəhd edən qəzetlərə maddi yardım verilsə də, sonradan bu da ortadan qaldırıldı və hakimiyyətin yaratdığı KİVDF-nin maddi yardımları 32 qəzetlə məhdudlaşdırıldı. İndi artıq KİVDF-nin müsabiqələrində bu 32-33 qəzetdən başqa kimsə iştirak etmir, heç onu ağlının ucundan da keçirmir…

Saytlar haqqında sorğu ideyası da buradan yarandı. Son zamanlar – yazılı mətbuatla heç bir məsələ qalmadığından, bir növ, gözdən-könüldən uzaq qalan elektron mediaya hakimiyyətin diqqəti artıb. Həm ucuz, həm də yazılı mətbuata nisbətən daha problemsiz olan elektron media resursları indi gündəmin zirvəsini tutub. Hər gün yaranan saytlar, onlarla internet resursunu nəzarətdə saxlamaq asan deyil. Məhz bu məqamda hakimiyyətin media siyasətini müəyyənləşdirənlər indi də saytların maliyyələşdirilməsi məsələsini gündəmə gətiriblər. Təxminən KİVDF-nin quruluşundakı yol xəritəsi izlənəcək görünən odur ki… Təxminən yazılı mediaya ayrılan məbləğdə (üç aşağı, beş yuxarı) pul ayrılacaq və o maddi resurs "maddi yardım" adı ilə təxminən 32-33 sayt arasında bölünəcək. Qalanları ilə də başqa dildə danışılacaq. Üfüqdə görünən odur. Ki, danışılmağa da başlanılıb…

Hakimiyyətin media siyasətini anlamaq üçün Azərbaycanda dahi olmağa gərək yoxdur. Təxminən bütün ağıllı adamlar prosesin haradan gəlib haraya getdiyini bilirlər. Bilirlər, amma bəzi məqamları da aydınlığa qovuşdurmaq bizdən heç nə aparmır. Bax, bu maraqlı və maraqlı olduğu qədər də mürəkkəb proses belə yarandı.

İlk əvvəl təxminən ictimai rəyə müəyyən dərəcədə təsir göstərən saytların siyahısını tutduq. Təxminən 35 sayt adı yazdıq. Amma gün keçdikcə yadımızdan çıxan, unudulan digər saytların olduğunu gördük. Təbii ki, bu ölkədə yüzlərlə saytın olduğunu bilirdik, amma bunları müəyyən etməyin yolu var idi axı, onu axtarıb tapmaq lazım idi. Qərarlaşdırdıq ki, ölkənin sayılıb-seçilən ictimai-siyasi xadimlərinin, media əhlinin və media mütəxəssislərinin arasında bir sorğu keçirək. Sonra da verilən səslərə görə, düzümü quraq. Vəssalam. Bu da olsun ölkədəki saytların sıralaması.



Kimlər sorğuda iştirak etdilər?



Sorğunu iki mərhələli keçirdik. İlk olaraq təxminən 125 adama sorğu göndərdik. Media mütəxəssislərinə, tanınmış reportyorlara, ictimai-siyasi xadimlərə, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərlərinə, partiya rəhbərliyinə daxil olan şəxslərə və partiya sədrlərinə və b. Ayrıca facebook səhifəmdə sorğu ilə sosial şəbəkə iştirakçılarına müraciət etdim və nəticəni 125 adamdan gələcək nəticələrə əlavə etməyi planlaşdırdım. Çünki ictimai-siyasi çevrənin bəzi oturuşmuş qaydaları var. Hər kəs özünə yaxın saytların adlarını yazır. Bu, peşəkar olmamaqla birlikdə, həm də təbiidir. Heç kimə hansısa saytın adını yazmağı diktə etmək, ya da tövsiyə vermək olmaz. Əlavə olaraq, sorğu üçün müraciət etdiyimiz adamlar hər təbəqəyə mənsub idilər.

Yəni ictimai-siyasi çevrənin göndərdiyi sorğunun ədalətlilik əmsalı aşağı olsa da, onu facebookun qaynar gündəmi tarazlayacaqdı. Elə də oldu. Həm isti, tərəfli və rahat otaqlardan gələn nəticələr, həm də sosial şəbəkələrin radikal və qaynar gündəmi ortaya çox maraqlı mənzərələrin çıxmasına səbəb oldu.

Mənim əsas düşüncəm ölkənin ilk 32-33 saytının müəyyənləşməsi idi. Yəni qollarımızı 32-33 sayt üçün çırmalamışdıq. Amma gəl gör ki, cavablar fikirlərimizi dəyişdirdi. Madam Azərbaycanın tanınmış və saytlardan başı çıxan adamlarının siyahılarında ən müxtəlif saytların adları var, nədən bu saytların hamısını geniş ictimaiyyətə təqdim etməyək? Ona görə də ilkin sıralamada ilk 32-liyi müəyyənləşdirəndən sonra qalan saytları da aldıqları səslərə görə siyahılandırdıq.



Ölkədə neçə sayt var?



Müraciət etdiyimiz 125 adamdan 65 nəfəri sorğumuza cavab verdi. Facebook sorğumuza görə isə 110 nəfər səsvermə-sorğuda iştirak etdi. Bütün təbəqələrdən nümayəndələrin iştirakı hamının verdiyi səslərə hörmət etmək anlayışı yaratmalıdır və elə də etdik. Hər kəsin düşünərək yazdığı saytların adlarını 3 kateqoriyada təsnifləndirdik. İlk qrup "İlk 34 sayt” oldu. İkinci qrup "Sorğuda səs alan 64 sayt” başlığı altında, üçüncü qrup da "Sorğuda adı 1 dəfə çəkilən 68 sayt” oldu. Maraqlıdır ki, "facebook"dan tutmuş "youtube"yə qədər adlar çəkilib. Məsələn, 7 səslə "facebook" 51-ci, 1 səslə "youtube" – dünyanın ən məşhur şəbəkəsi bizim sorğunun sonuncusu – 166-cısı olub.

Təbii ki, Azərbaycanda həddindən çox sayt var və təbii ki, bunların hamısını yalnız əlaqədar qurumlar təsnifləndirə bilər. O da artıq sorğu deyil və biz çətin olan bu işi görərkən, heç də hər şeyin bizim dediyimiz kimi olduğunu iddia etmirik. Amma bir şey bilinməlidir ki, mümkün qədər çalışıb ortaya təxmini də olsa, bir sıyahı çıxara bilmişik. Yəni Azərbaycan ictimai fikrində iştirak edən şəxslərin ortaya qoyduqları siyahıdır bu. Bizə yalnız onları aldıqları səsə görə düzüb böyük oxucu kütləsinin qarşısına çıxarmaq qalır.



Kim hansı meyarı əsas götürdü?



Biz sorğu üçün konkret meyarlar qoymuşduq. Təxminən fevralın ortalarında göndərilən sorğu mətnində yazmışdıq: "Xahiş edirik, Azərbaycan mətbuatında özünün ayrıca yeri olan, peşəkarlıq qaydalarına və peşə etikasının gözlənilməsinə riayət edən, ictimai rəyə təsir göstərən ilk 30 saytın adını ardıcıllıqla yazasınız. 30 sayt yazmaq çətinlik törədirsə və ya buna vaxtınız yoxdursa, eyni prinsiplərə uymaqla heç olmasa, 15 saytın adını zəhmət olmasa, bildirin. Biz tam ədalətli qaydalarla tanınmış insanların arasında sorğu keçirərək, ictimai rəyə təsiri olan ilk 30 saytın adlarını müəyyənləşdirmək istəyirik ki, Azərbaycan mediasının durumunu daha yaxından və real olaraq ortaya qoya bilək. Əvvəlcədən təşəkkür edirik. Nəticə geniş ictimaiyyətə elan ediləcək.”

Bu, yetərli olmaya bilərdi, təbii ki. Sorğuya cavab verən həmkarlarımız da müxtəlif kriteriyalar təklif edirdilər. Məsələn, "Strateq.az" saytının baş redaktoru Elxan Şükürlü cavabla birlikdə bu kriteriyaları da göndərmişdi: "1. Saytın toxunduğu mövzuların ölkənin və beynəlxalq aləmin əsas problemlərini nə dərəcədə əhatə etməsi və necə əks etdirməsi, yəni oxucunu məlumatlandırma və maarifləndirmə imkanları; 2. Saytın gün ərzində özünün istehsal etdiyi materialların sayı və bu materialların işlənmə səviyyəsi – keyfiyyəti; 3. Saytdakı materialların sutka ərzində yayım intensivliyi.”

Sorğu göndərilsə də, iştirak eyməyən "Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həzi isə belə cavab vermişdi: "Sizdən xahiş edəcəm ki, mənim sorğuda iştirak etməməyimə anlayışla yanaşasınız. İçi biz qarışıq azad media yoxdur, yaradıcılıq azadlığı olmayan yerdə hansı peşəkarlıqdan danışa bilərik? Mən özüm də hələ ki öz yaradıcılıq və təşkilatçılıq potensialıma uyğun olan, xəyalımdakı saytı yaratmamışamsa, başqa saytlara qiymət vermək haqqım yoxdur. Xahiş edirəm, məni məzur görəsiniz.”

Ya da məsələn, "Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının cavabı çox manidardır: "Azərbaycanda ictimai rəyə təsir edə biləcək bircə sayt belə tanımıram.”

Digər çoxlu təkliflər də vardı. Amma Azərbaycan reallığı, həm də qoyduğumuz konkret "ilk 30” sayt adının yazılması özü hər şeyi ortaya çıxardı. Biri olanda o biri olmaya bilərdi və bu, Azərbaycan mətbuatında qayət normal idi. Bu qədər basqının, bu qədər təzyiqin içində biz dünya standartı tələb edirdik, təbii ki, sorğuya qatılanın da öz maraqları və tələbləri var. Ona görə də siyahıda bəzən peşəkarlığa əməl etməyən saytların da adlarının yazılması təbiidir. Bu, Azərbaycan reallığıdır və normal qarşılamaq lazım.

Kimlərin hansı saytların adlarını yazdığı da maraqlı mənzərələr sərir gözlər önünə. Təbii ki, iştirakçıların da tələblərini nəzərə alaraq, konfidensiallığı qoruyur və kimin hansı sayta səs verdiyini açıqlamırıq. Amma daha dərin bir araşdırma, əslində mənzərənin necə olduğunu tam gözlər önünə sərir. Bu da ayrı bir araşdırmanın mövzusudur.

Məhz sadaladığım səbəblərdən sorğuda müxtəlif kriteriyalar hakim olub. Belə deyək, hər sorğuda iştirak edənin öz kriteriyası olub və bu və ya digər formada Azərbaycan ictimaiyyətinə təsir göstərən saytların adları məlum olub. Məsələn, agentliklər klassik mənada sayt olmasalar da, sorğuda önə çıxanlardan olublar. Tutaq ki, həmən-həmən hər siyahıda adı çəkilən agentliklər siyahının ön yerlərində özlərinin yerlərini tutublar.

Maraqlıdır ki, hamı tələb olunan 30 saytın adını yazmadı cavablarda. Elə iştirakçı oldu ki, 33-35 sayt adı yazdı, eləsi oldu ki, yalnız 3, ya da 5 adla kifayətləndi. Hərə özünün baxış bucağından "gündəmə təsir göstərən” və "ictimai fikri formalaşdıran” "peşəkar”saytların adlarını təqdim etdi.

Yazıya zəruri haşiyə:

"Sancaq” dediyimiz klassik mənada sayt deyil, "Azərbaycan saatı” da, "Qaynar Qazan” da, "Turan TV" də. Amma sorğuda ciddi səs toplayıblar. Xural.com bu gün obyektiv və subyektiv səbəblərdən tam gücü ilə işləyən sayt deyil, amma ciddi səs aldı. "Qaynar Qazan”la birləşincə, ilk 10-luğa çıxdı. Mən bilmirəm, peşəkarlıq baxımından bunu normal qiymətləndirmək olarmı, amma onlarla adamın sorğusunda çəkilən adların düzümünə də müdaxilə etmək istəmədim. O qədər verilən səsləri kənara qoymaq insanların iradəsinə hörmətsizlik olardı və nəticənin bu cür ola biləcəyini təxmin etsəydim, bəlkə də xural.com-un adını sorğuya daxil etməzdim. O, ayrı məsələdir ki, belə olduğu təqdirdə də ədalət tərəzisi pozulur. 16 illik fəaliyyətimizi də yox hesab etmək olmaz. Onsuz da rəsmi hakimiyyət bizi yox etmək üçün əlindən gələni etdi və etməkdədir…

Doğrudur, özlərinin sayt rəhbərləri olmasını əsas gətirib sorğuda iştirak etməkdən imtina edənlərlə yanaşı, özlərinin saytlarından başqa bir sayt tanımadıqlarını bildirənlər, ya da ilk olaraq öz saytlarının adlarını yazan həmkarlarımız da oldu. Ancaq nə olursa olsun, bir ictimai iradə ortalığa qoyuldu ki, buna hörmət etməmək olmaz. Oxucu etibarlıdır. O, media uğrunda yorulmadan vuruşan, savaşan, mübarizə aparan adamların – redaktorların yanındadır. Bəzən gündəmdə olan saytlarla yanaşı, redaktorunun mübarizəsinə, adına, savaşına görə də reytinq müəyyənləşdirir, müəyyənləşdirə bilir. Bu sorğuda bunu əyani gördüm. Oxucu hakimiyyətin sonsuz himayəsi ilə gündəm formalaşdıranlarla birlikdə, heç bir yerdən dəstək almayan, əksinə, ömrü çətinlikdə keçən saytları da qiymətləndirə bilib. Ədalət tərəzisini pozmayıb. Hamıya öz yerini göstərə bilib.



Sorğuda önə çıxan ilk 34 sayt:



1. Azadliq.org – 81
2. Meydan.tv – 79
3. Azadlıq.info – 71
4. Musavat.com – 62
5. Strateq.az – 57
6. Apa.az – 49
7. Azpolitika.info – 43
8. Lent.az – 39
9. Xural.com (Qaynar Qazan) – 38
10. Moderator.az – 37
11. Qafqazinfo.az – 35
12. Modern.az – 30
13. Bastainfo.com – 27
14. Bizimyol.info – 27
15. Trend.az – 24