Şəfəqə Doğru » Gündəm » İrəvan təklənmiş durumda - Sərkisyan “Ermənistanı ağrılı qərar gözləyir” dedi

İrəvan təklənmiş durumda - Sərkisyan “Ermənistanı ağrılı qərar gözləyir” dedi

İrəvan təklənmiş durumda - Sərkisyan “Ermənistanı ağrılı qərar gözləyir” dedi
Azərbaycanın yer aldığı daha bir regional əməkdaşlıq formatının növbəti toplantısı İranın paytaxtı Tehranda reallaşdı. Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin açılışı münasibətilə Azərbaycanda keçirilən möhtəşəm mərasimdə Türkiyə və Azərbaycan prezidentlərinin, həmçinin Gürcüstan, Qazaxıstan və digər ölkələrin hökumət rəhbərlərinin iştirakının ardınca baş tutan Tehran zirvəsi həssaslıqla izlənildi.

Sözsüz ki, Azərbaycanda bu əməkdaşlıq formatlarına təkcə iqtisadi əhəmiyyətli layihə kimi yanaşılmır. Bu cür formatlar həm də işğal altındakı ərazilərimizin azad olunması imkanlarını araşdırmaq baxımından mühüm əhəmiyyətə malikdir. Elə Azərbaycan prezidenti İlham Əliyevin İran prezidenti Həsən Ruhani ilə görüşündə vacib məsələlərdən biri olaraq Qarabağ probleminin müzakirə olunması da dediklərimizin təsdiqidir. Rəsmi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin vəziyyəti barədə məlumat verib. Hərbi və hərbi-texniki sahədə əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə olunub, regional məsələlərə toxunulub, terrorizm və ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı zirvədəki çıxışında da Ermənistanın işğalçılıq siyasətinə xüsusi yer ayırıb. Prezident qeyd edib ki, bu gün dünyada beynəlxalq hüququn normalarının bərqərar olması gündəlikdə duran ən önəmli məsələlərdən biridir: "Əfsuslar ki, bir çox hallarda bu normalar işləmir və kobudcasına pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi buna əyani misaldır. Ermənistan Azərbaycanın əzəli torpağı, ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ətraf 7 rayonu 20 ildən çoxdur ki, işğal altında saxlayır. İşğal edilmiş torpaqlarda Azərbaycan əhalisi etnik təmizləmə siyasətinə məruz qalıb, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Qeyd etmək lazımdır ki, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bu münaqişə ilə bağlı müvafiq qərar və qətnamələr qəbul olunmuşdur. Bunların sırasında dünyanın aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatların qəbul etdiyi oxşar qərar və qətnamələri göstərmək olar. Ancaq Ermənistan buna məhəl qoymur, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir, işğalçı siyasətini davam etdirir. Erməni işğalına tezliklə son qoyulmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”. Ölkə başçısı qeyd edib ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal icra edilir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş qətnamələr isə 20 ildən çoxdur ki, kağız üzərində qalır. Bu, ikili standartların göstəricisidir. Bugünkü status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bizim qaçqın və köçkünlərimiz öz ata-baba torpaqlarına qayıtmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”.

Ümumi mənzərə qənaətbəxşdir. Azərbaycan işğalçı Ermənistanın yaxın müttəfiqləri olan iki qonşu ölkə ilə bir formatda addımlarını atır. "Üçlüy”ün növbəti zirvəsi Rusiya paytaxtında baş tutacaq. Ümumiyyətlə, Azərbaycan prezidentinin dediyi kimi, Bakı İran və Rusiya ilə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirir. Həmçinin Azərbaycan İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), Rusiya ilə MDB, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə fəaliyyət göstərir. Bu əməkdaşlıq formatlarından gözləntimiz budur ki, Azərbaycana önəm verən qonşularımız son nəticədə Ermənistana işğalçı siyasətinə son qoymaq üçün təsir göstərsinlər. Regional və qlobal əhəmiyyətli layihələrdən kənarda qalan Ermənistanda durumla bağlı narahatlıqlar elə erməni ekspertləri tərəfindən də etiraf olunur. Hətta rusiyalı bəzi politoloqlar Ermənistanın durumuna acıyaraq çıxış yolları təklif edirlər. Təsəvvür edin ki, Bakı-Tiflis-Qars dəmir yolunun ardınca Şimal-Cənub dəhlizinin reallaşdırılması istiqamətində inamlı addımlar atılır, burada da regionun tək dövləti-işğalçı Ermənistan iştirak edə bilmir. Üstəlik, Ermənistanı Rusiyaya, yaxud İrana bağlayan dəmir yollarının taleyi də sual altındadır.

Bu arada qardaş Türkiyədən gələn növbəti dəstək mesajı kifayət qədər diqqətəlayiqdir. "Azərbaycana dəstək olmaq üçün və ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparılacaq. Təbii ki bu, sadəcə, erməni lobbisini deyil, Qərbdəki bəzi qüvvələri də narahat edəcək”-deyə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident deyib ki, Türkiyə 2018-ci ildə Qafqaz İslam Ordusunun qurulmasının 100 illiyini Azərbaycanla bir yerdə qeyd edəcək. Son fikirlər olduqca ciddi mesajdır. Söhbət 1918-ci ildə Azərbaycanı xilas üçün gələn, o cümlədən elə payız aylarında Qarabağı erməni daşnaklarından təmizləyən Türk ordusundan gedir, bu, ermənilərin qorxulu röyasıdır. Göründüyü kimi, Türkiyə və Gürcüstanla normal əməkdaşlığımızı da nəzərə alsaq, Qarabağı işğalda saxlamaqla özünə təskinlik verən Ermənistan olduqca miskin durumda görünür. 

Rusiya lideri Vladimir Putinin "Azərbaycan prezidenti ilə biz tez-tez görüşürük. Biz müəyyən, daha mühüm istiqamətlər üzrə mövqelərimizi dəqiqləşdirdik, ikitərəfli formatda əmtəə dövriyyəsinin artımını qeyd etdik və qarşılıqlı fəaliyyətimizin perspektiv istiqamətləri barədə danışdıq” - sözləri isə Bakı ilə Moskvanın arasını vurmaq istəyən qüvvələrə cavab sayıla bilər.

"Bakıdakı tədbirdən iki gün sonra Azərbaycan, Rusiya və İran prezidentləri Tehranda toplaşdılar. İlham Əliyev zirvə toplantısında Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından və işğaldan danışdı, Azərbaycanın status-kvo ilə barışmayacağını bildirdi. Ilham Əliyev iranlı həmkarı Həsən Ruhani ilə görüşdə də işğala diqqəti çəkdi”. Bu fikirlər isə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur. Ekspert hesab edir ki, bu fikirlərin hər dəfə Tehranın və Moskvanın diqqətinə çatdırılmasına ehtiyac var: "Çünki Rusiya və İran Ermənistanla əməkdaşlıq edir və bu ölkənin də regional layihələrdə iştirakının tərəfdarıdırlar. Ancaq rəsmi Bakı hər zaman Moskvaya və Tehrana xatırlatmaq məcburiyyətindədir ki, Azərbaycan torpaqları boşaldılmayana qədər Bakı Ermənistanın regional layihələrdə iştirakına icazə verməyəcək. Maraqlıdır ki, Tehran və Moskva Bakının bu arqumentinin əleyhinə çıxmır. Elə prezidentlərin Tehranda toplaşmalarının əsas məqsədi də o idi ki, Azərbaycandan keçən şimal-cənub dəmir yolunun tikintisinin mövcud vəziyyətini müzakirə etsinlər.

Rusiya və Azərbaycan ərazisində dəmiryolları işlək vəziyyətdədir, Azərbaycanla İranı birləşdirən dəmir yolu da inşa edilib. İndi əsas məsələ İran daxilində dəmir yolunun tikintisini sürətləndirməkdir. Azərbaycan İran ərazisindəki Astara-Rəşt dəmir yolunun tikintisi üçün qonşu dövlətə 500 milyon dollar kredit ayırıb. Bundan başqa, 3 ölkəni başqa layihələr də birləşdirir. Bu, Rusiya, Azərbaycan və İran arasında enerji xətlərinin birləşdirilməsi və avtomobil yolunun inşasının tamamlanmasıdır. Bakı-Tiflis-Qars və şimal-cənub layihələri Azərbaycanın bölgədəki iqtisadi və siyasi çəkisini artıracaq. Bu layihələr işğalçı Ermənistanın təcridini daha da gücləndirəcək. Bu faktor da Azərbaycan üçün az əhəmiyyətli deyil". E.Şahinoğlunun sözlərinə görə, Ermənistan çox çalışdı ki, mehriban münasibətlərdə olduğu Tehran və Moskva dəmir yolunu Ermənistandan uzatsınlar: "Amma alınmadı. Çünki Ermənistan ərazisindəki dağ yollarında dəmir yolu çəkmək üçün milyardlar lazım idi. Rusiyanın və İranın Ermənistanla münasibətləri nə qədər yaxşı olsa da, hər iki dövlət reallıqdan çıxış edərək Azərbaycan marşrutuna üstünlük verdilər. Ermənistandan fərqli olaraq Azərbaycan tikinti üçün heç kimdən maliyyə istəmədi, tam tərsinə, Gürcüstana və İrana kreditlər verdi ki, dəmiryollarının tikintisi sürətləndirsin”. Politoloqun fikrincə, erməni şərhçilərin əksəriyyəti Bakı-Tiflis-Qars dəmiryolunun işə başlamasını və Tehranda 3 dövlət başçısının şimal-cənub xəttinin işə salınmasının müzakirəsiylə bağlı görüşünü faktiki Ermənistanın məğlubiyyəti kimi dəyərləndirdilər: "Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması qonşu ölkə ətrafındakı mühasirəni gücləndirir və İrəvanı bütün qazanclardan məhrum edir. Bir erməni müəllif yazıb ki, müharibə əbədi deyil və bir gün Ermənistan da regional layihələrə qoşulacaq. Yaxşı istəkdir, ancaq bunun reallaşması üçün əsas şərt Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarını boşaltmasıdır. İrəvan hələ ki bunu yerinə yetirməyə hazır deyil. Deməli, Ermənistan regional layihələrə qoşula bilməyəcək və getdikcə kasıblaşacaq”.

E.Şahinoğlu "Yeni Müsavat”a onu da bildirdi ki, Bakı-Tiflis-Qars və Şimal-Cənub layihələri Ermənistanın təcridini gücləndirsə də, bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa təsir edəcəyini söyləmək çətindir: "Əgər belə olsaydı, 10 ildən çoxdur istismarda olan Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum münaqişənin həllinə təsir etməliydi. Lakin etmədi. Çünki Ermənistan hakimiyyətindəki separatçılar ölkələrini uçuruma yuvarlandırmağa hazırdılar, bircə işğala son qoymasınlar. Münaqişənin həlli boru xətlərindən, dəmir yollarından asılı deyil. İşğalçı dövləti məcburi sülhə yalnız ordumuz məcbur edə bilər”.

Xarici işlər naziri Elmar Məmmədyarov bu arada İrəvanın Bakı-Tiflis-Qars dəmir yolundan istifadə etmək şansının olduğunu bildirib. Ancaq şərtlə... "Bizim bu layihəyə Ermənistanın qoşulması ilə bağlı şərtimiz odur ki, ilk növbədə münaqişə həll olunmalıdır, qoşunlar bizim işğal olunmuş torpaqlarımızdan çıxarılmalıdır. Daha sonra hər cür imkandan istifadə etmək olar ki, əməkdaşlıq və qonşuluq edək. Azərbaycan heç kəsin torpağını işğal etməyib", - nazir bildirib. İstənilən halda Ermənistan üçün seçim anıdır. Ən azı Tehran zirvəsində dərs çıxartmaq üçün yeni xəbərdarlıqlar səsləndi...

Elə Serj Sərkisyanın son açıqlaması da İrəvanın ciddi tərəddüdlər içində olduğu qənaətini ortaya qoyur. Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində güzəştlərlə bağlı Ermənistanı ağrılı qərar gözləyir. Bu barədə Ermənistan prezidenti hakim Respublika Partiyasının siyasi məktəbində çıxışı zamanı deyib (publika.az). "Dağlıq Qarabağ məsələsində ağrılı qərarlar olacaq. Həll yolu güzəştlərsiz mümkün deyil”, - deyən Sərkisyan söhbətin hansı qərarlardan getdiyini konkretləşdirməyib. Lakin "Joxovurd” qəzeti diplomatik mənbələrə istinadən yazır ki, Sərkisyan ərazilərin qaytarılmasından danışır: "ATƏT-in Minsk Qrupu, eləcə də daha böyük oyunçular Ermənistanı buna məcbur edir”. Ermənistanın millətçi Daşnaksütyun Partiyasının parlament fraksiyasının katibi Aqvan Vardanyan da Sərkisyanın fikirlərini bölüşüb və qeyd edib ki, problemin həlli Ermənistan üçün ağrılı olacaq.

Gözləyək, görək İrəvan özündə cəsarət tapıb özünütəcrid siyasətindən imtina edəcəkmi?..