Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat çərçivəsində icra başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlara qarşı rüşvət alma (Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri) üzrə ittiham irəli sürülüb.
Əməliyyat zamanı daha bir neçə şəxs də saxlanılıb. Onlardan bəziləri barəsində həbslə bağlı olmayan qətimkan tədbirləri tətbiq edilib.
Hazırda istintaq davam edir, vəzifəli şəxslərin dindirildiyi bildirilir və yaxın günlərdə yeni saxlanılmaların ola biləcəyi istisna edilmir.
Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat keçirdiyi İcra Hakimiyyətini uzun illərdi ki, Süleyman Mikayılov rəhbərlike dir.
Modern.az saytı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının dosyesini təqdim edib:
Süleyman Surxay oğlu Mikayılov 1962-ci ildə aprelin 27-də Naxçıvanda anadan olub. 1979-ci ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib.
1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984-1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994-1995-ci illərdə "Səma” kiçik müəssisəsinin direktoru işləyib.
1995-1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.
1999-2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.
13 may 2005-ci ildən 2005-ci ilin dekabr ayınadək Yardımlı Rayon İcra Hakimiyyətinin, 21 dekabr 2005-ci il tarixindən 4 mart 2010-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olub.
Prezidentin 4 mart 2010-cu il tarixli sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidentidir. Ailəlidir, iki övladı var.
Süleyman Mikayılov üst-üstə 20 ildən çoxdur ki, icra başçısı işləyir.
