DİA.AZ: - Bir neçə gün əvvəl məlum oldu ki, Bakı Apellyasiya Məhkəməsində deputat İqbal Məmmədov və digərlərinin "Xalq Sığorta” şirkətinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Hakim Vüqar Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar keçən ayın 10-da elan olundu. DİA.AZ xatırladır, qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb. İqbal Məmmədovun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, İqbal Məmmədov və digərləri "Xalq Sığorta” şirkətini məhkəməyə verib. Yasamal Rayon Məhkəməsinə müraciət edən İqbal Məmmədov sığorta ödənişinin verilməsi barədə tələb irəli sürüb. Amma məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan İqbal Məmmədov və qeyriləri apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Yanan evin tüstüsü millət vəkilini ziyana salıb
"Xalq Sığorta” şirkətindən mətbuata verilən məlumata görə, məhkəmə mübahisəsi millət vəkilinin evinə dəyən ziyanla bağlı olub. Belə ki, "Sahil Metrostansiyası”nın yaxınlığında yanğın baş verib.İqbal Məmmədov əvvəlcə evini könüllü qaydada "Xalq Sığorta” şirkətində sığortalayıb. Aşağı mərtəbədə yanan evin tüstüsü yuxarı mərtəbədə yaşayan millət vəkilinin evinə 7 min manata kimi ziyan vurub.
"Xalq Sığorta”: "Ev əşyalarını sığortalamayıb, ödəniş istəyir”
Sığorta şirkəti evə dəyən ziyanı təmin etməyə razılaşsa da, millət vəkili evdəki əmlaka dəyən ziyanın ödənilməsini də tələb edib. Məsələn, sığorta şirkətinin tüstünün zərər vurduğu ev əşyalarına, geyim və xəzlərə dəyən ziyanın qarşılanması da istəyir. "Xalq Sığorta” şirkətindən bildirilib ki, bu əşyalar sığortalanmadığı üçün sığorta ödənişi verilə bilməz. Bakı Apellyasiya Məhkəməsi də bununla bağlı İqbal Məmmədovun apellyasiya şikayəti təmin edilməyib.
DİA.AZ xatırladır ki, İqbal Məmmədov 2015-ci ilin noyabrında V çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən deputat seçilib.
Böyük pulları belə xəsisliklə qazanırlar?
Bildirək ki, İqbal Məmmədov kifayət qədər zəngin birisi kimi tanınır. Yəni onun bu gün "Xalq Sığorta"ya qarşı qaldırdığı məbləğ iddiasına heç də ehtiyacı yoxdur. Əksinə, çoxları üşün deputatın belə bir tələbdə bulunması və özü da HAQSIZ TƏLƏBDƏ bulunması yetərincə təəccüblü gəldi.
Toyuqçuluqdan tutmuş otelçiliyə qədər böyük biznes şəbəkəsinə malik olan İqbal Məmmədov üçün "Xalq Sığorta"dan istədiyi pullar qəpik-quruşdur. Amma görünür, milyonları məhz həmin qəpik-quruşlar əmələ gətirdiyinin tam fərqində olan İqbal Məmmədov əlinə düşən fürsəti qaçırmaq istəmir. Ona görə də iş yenə də məhkəmədədir.
DİA.AZ xatırladır ki, Məmmədov İqbal Nəriman oğlu 1965-ci ildə Lerik rayonunun Rəzgov kəndində ziyalı ailəsində anadan olub.
1982-ci ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun Mühasibat Uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinə qəbul olub və 1988-ci ildə təhsilini başa vurub.
Elə həmin ildə Azərbaycan neft sənayesində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. Onun əmək fəaliyyəti Neft Daşları, Nəriman Nərimanov və Qum adası neft-qaz çıxarma idarələrində operatorluqdan rəis müavini kimi yüksək bir pilləni əhatə edir.
1996-cı ildə nəinki Azərbaycanda, bütövlükdə Xəzəryanı ölkələrdə analoqu olmayan "Kaspi-Yıldız” Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin İdarə Heyətinin sədri seçilən İqbal Məmmədov az sonra baş direktor vəzifəsinə irəli çəkilib.
Sahibkarlıq fəaliyyəti ilə Azərbaycan iqtisadi sahəsinə verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 11 fevral 2005-ci il tarixində "Tərəqqi” medalı ilə təltif edilib.
2010-cu ilin noyabrında IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilib. 2015-ci il Azərbaycan Respublikası Milli Məclis(V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən millət vəkili olaraq seçilmişdir.