Şəfəqə Doğru » Gündəm » Moskva artıq Yerevanın nazını çəkməkdən yorulub - TƏHLİL

Moskva artıq Yerevanın nazını çəkməkdən yorulub - TƏHLİL

Moskva artıq Yerevanın nazını çəkməkdən yorulub - TƏHLİL
Son dövrlər Rusiya mətbuatında ard-arda Ermənistanı tənqid edən materiallar dərc edilməkdədir. Əvvəllər isə belə tənqidi yazılara çox az təsadüf edilirdi və daha çox Cənubi Qafqazın digər ölkələri hədəfə çevrilirdi. İndiki halda Rusiya mətbuatının Ermənistanı tənqid edərkən hədəfləri müxtəlifdir. Burada əsas istiqamət nasist erməni Njdenin Yerevanda heykəlinin ucaldılması və erməni cəmiyyətinə "qəhrəman” kimi təbliğ edilməsi ilə bağlıdır. 

Onu qeyd edək ki, BMT Baş Assambleyası 2017-ci il 19 dekabrda Rusiyanın təklifi ilə nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə məzmunlu qətnamə qəbul edib. Sənədə əsasən, bütün dövlətlər nasizm rejiminin bütün mərasimlərini qadağan etməli, ona qarşı çıxmalıdırlar. Bu istiqamətdə Rusiya tərəfindən bir sıra tədbirlər də həyata keçirilib. Rusiya Dövlət Dumasında "Faşizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə və neonasizmin dirçəldilməsi - qanunverici aspektlər və beynəlxalq təşəbbüslər” mövzusunda dəyirmi masa keçirilərək faşizm ideyalarının yayıcıları ilə bağlı məsələ gündəmə gətirilib. Rusiya və Belarus İttifaq dövlətinin İctimai Palatasının üzvü Dionis Kaptar Yerevanın mərkəzində erməni daşnak generalı Njdeyə abidənin qoyulmasını qeyd edərək, Rusiyanın narazılığına baxmayaraq, Ermənistanın hazırkı rəhbərliyinin III Reyxlə əməkdaşlıq edən bir şəxsə heykəl ucaltdığını bəyan edib.

Bundan başqa, Ermənistanın Avropa İttifaqı ilə assosiativ saziş imzalaması da Rusiya tərəfindən birmənalı qarşılanmayıb. Bütün bu və digər məsələlər Ermənistanı Rusiya mətbuatının hədəfinə gətirib. Bəlkə başqa amillər də mövcuddur?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, burada əsas məqamlardan biri Ermənistanda anti-Rusiya meyillərinin güclənməsidir: "Bu, təsadüfi proses deyil. Çünki bu istiqamətdə məqsədyönlü şəkildə iş aparan qüvvələr var, onlar xaricdən dəstək alırlar. Qərb təsisatlarının bilavasitə istəyi ondan ibarətdir ki, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarsınlar. Bu da məsələni bir az qəlizləşdirir. Çünki Rusiyanın Ermənistanla birbaşa sərhədi olmadığı üçün ona bilavasitə təsir göstərə bilmir. Lakin Rusiya Ermənistana köməkliklər göstərir, kreditlər verir. Buna baxmayaraq, Ermənistan özü işləmək istəmir və rəsmi Moskvadan nə isə umur. Yerevana ayrılan kreditlər isə talan olunur, iqtisadi baxımdan inkişaf edə bilmir. Digər bir tərəfdən də Qarabağ probleminin həlli tapılmır. Çünki Ermənistan bu problemin həllini istəmir və işğal etdiyi torpaqları birdəfəlik mənimsəmək istəyir. Buna görə də bir çox məqamlarda Rusiya ilə Ermənistanın baxışları üst-üstə düşmür. Bu baxımdan da Qarabağ problemi Rusiya üçün başağrısıdır və Ermənistanla müttəfiq olsa da, anlayır ki, Azərbaycanın haqqı tapdanır. Bütün bu proseslərin üst-üstə yığılması və ümumilikdə Ermənistanın özünü dövlət kimi ifadə edə bilməməsi həm də yaxın müttəfiqi olan Rusiya üçün böyük bir problem törədir. Düşünürəm ki, Rusiya artıq Ermənistanın nazını çəkməkdən yorulub. Çox güman ki, elə bu il ərzində regionda böyük dəyişikliklər görəcəyik. Bu da Ermənistan üçün müsbət heç nə vəd etmir”.

T.Abbasov vurğuladı ki, Rusiya mətbuatı qeyd olunan məsələlərin hamısını izləyir: "Bundan əvvəl uzun müddət Rusiya mətbuatı Azərbaycana qarşı ədalətsiz mövqedən çıxış edirdi. Amma məsələləri özü üçün ayırd etdikdən sonra başa düşür ki, ölkəmizin də haqqı var, onu danmaq olmaz. Ona görə də Rusiya mətbuatı Ermənistanın nankorcasına hərəkət etməsini, iddialar irəli sürməsini görür və bunu tənqid edir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Rusiyanın bəzi mətbuat orqanları həqiqətən son vaxtlar Ermənistana qarşı tənqidi yazılarla çıxış edir: "Onu da qeyd edim ki, faşizm mövzusu Rusiya dairələri, mediası üçün həssas bir mövzudur. Çünki çox böyük əziyyətlər çəkiblər, milyonlarla insan itiriblər. Ona görə də harada nasistlərdən qəhrəman obrazı yaradırlarsa, onlara qarşı çox sərt mövqe nümayiş etdirirlər. Məsələn, biz Ukrayna nümunəsini göstərə bilərik. Ukrayna xalqının böyük əksəriyyəti Banderanı özünün qəhrəmanı sayır. Amma Rusiya onu nasist, millətçi, insanları qətl edən bir şəxs kimi qiymətləndirir. Digər səbəblərlə yanaşı, həm də buna görə də Ukraynanın Rusiya ilə münasibətləri pisdir. Eynilə, Ermənistan hakimiyyəti də düşünmədi ki, Njdeyə heykəl qoyanda, bu, Rusiyadakı dairələri qıcıqlandıra bilər. Yenə Bandera öz milləti üçün savaşıb, Njde isə birbaşa faşist Almaniyasının əlində bir alət olub, insanları qətlə yetirib. Bu da Rusiyada ciddi narazılıq doğurur və zaman-zaman mətbuat bunu gündəmə gətirir. Ermənistan bu tənqidlərlə hələ çox üzləşəcək. Nə qədər ki o heykəl Yerevanın mərkəzindədir, etirazlar azalmayacaq”.

E.Şahinoğlu qeyd etdi ki, Ermənistan Rusiyanın forpostudur, orada hərbi bazası var, sərhədlərini qoruyur: "Əsas zavod və fabriklər Rusiyanın əlindədir. Faktiki olaraq, Ermənistan Rusiyanın bir vilayətidir və baş qaldıra bilməz. İndi qarşıdan seçkilər gəlir və buna görə Ermənistan prezident məsələsini də gərək rəsmi Moskva ilə razılaşdırsın. Eyni zamanda, Ermənistan hərdənbir müstəqil siyasət yürütməyə çalışır, onda da Moskva başından vurur. Njde məsələsi, görünür, Rusiyadakı dairələri çox qıcıqlandırıb, Ermənistandakılar da həddini aşıblar. Ona görə də belə xəbərdarlıq mesajları göndərilir”. 

Ermənistanda aksiyalara toxunan E.Şahinoğlunun sözlərinə görə, ermənilər elə bilirdilər ki, Rusiyanın boyunduruğu altında olandan sonra bunların bütün problemləri həll olunacaq: "Amma rəsmi Moskva bunu etmir və Ermənistandan sadəcə bir forpost kimi istifadə edir. Rusiyanın nəyinə lazımdır ki, Ermənistan iqtisadiyyatını dirçəltsin, sosial həyatını düzəltsin? Bu da ermənilərin narazılığına səbəb olur ki, niyə Rusiya bizim problemləri həll etmir. Ona görə də Yerevan küçələrində yürüşlər keçirir, tənqidlər səsləndirirlər, guya ki, Avropaya yaxın olmaq istəyirlər. Bu isə mümkün deyil, çünki Rusiya Ermənistanı əldən verməz”. \\kasöi.az\\