Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesində aparıcı Zaur Baxşəliyevin məhkəmədə dindirilməsi ilə bağlı vəsatətin təmin edilməməsinə aydınlıq gətirilib.
Bu barədə Qaynarinfo-ya açıqlamasında danışan İlkin Süleymanovun vəkili Əlibaba Rzayevin sözlərinə görə, Zaur Baxşəliyev verilişdə ekspertlərə istinadən Nərmin Quliyevanın baş nahiyyəsində 5 ağır xəsarətin olduğu bildirib:
"Həmin xəsarətlərin kəsici-deşiçi dəmir alətlərlə yetirildiyi bildirilmişdi. Amma sonra ekspert rəylərində bu fakt öz əksini tapmadı. Daha doğrusu, 5 xəsarət izi var, amma orada göstərilib ki, həmin xəsarətlər küt alətlərlə yetirilib”.
Vəkil deyir ki, Zaur Baxşəliyevin dedikləri ilə ekspertizanın rəyi üst-üstə düşmür:
"Biz də belə qənaətə gəldik ki, əgər kəsici-deşici alətlərin xəsarətlərdirsə, onda nəyə görə bunlar uyğun gəlmir? Gəlsin Zaur Baxşəliyev, görək məlumatı hardan alıb? Ekspertlərdən almayıbsa, onda bu məlumatı nəyə görə paylaşıb? Onun üçün də vəsatət verdik. Həm videogörüntünün baxışının təmin olunması, həm də Zaurun şahid kimi dindirilməsini istədik. Zaurla bağlı məsələ təmin olunmadı, videogörüntünün isə təminatı sonraya qaldı. Zaur məhkəmədə nə deyəcək, biz onu bilmirik”.
Vəkil bildirib ki, adı gedən məhkəmə prosesində İlkin Süleymanov günahsızdır və ona bəraət verilməlidir.
Qeyd edək ki, dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesində Zaur Baxşəliyevin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırılıb. Vəkillər vəsatətlərində aparıcının efirlərin birində Nərmin Quliyevin meyitinin tapılmasıyla bağlı verilən məlumatların da araşdırılmasını istəyiblər. Məhkəmə vəsatəti təmin etməyib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Bahar Rüstəmli