Şəfəqə Doğru » Gündəm » “Bu gün də çoxları 26 il öncə atdığım addımı təqdir edir...” - Ayaz Mütəllibov

“Bu gün də çoxları 26 il öncə atdığım addımı təqdir edir...” - Ayaz Mütəllibov

“Bu gün də çoxları 26 il öncə atdığım addımı təqdir edir...” - Ayaz Mütəllibov
"Mən o gün əsl demokratik ənənələrə uyğun davrandım...”

1992-ci il martın 5-6-da Azərbaycan siyasi idarəçiliyində baş vermiş olaylar hər birimizin bu günkü taleyinə də təsir gücünü itirməyib hələ... Torpaqların soyqırımı həyata keçirilmiş böyük bir hissəsinin faktiki düşmən əlinə keçdiyi, digər ərazilərin də növbəti qətliam və işğal təhlükəsi qarşısında olduğu bir məqam... İki gün ərzində ardıcıl olaraq ölkənin ali qanunvericilik orqanının rəhbəri və dövlət başçısı istefa verir...

Görəsən, bir qərinəyə bərabər zaman ötdükdən, olub-keçənləri bir daha götür-qoy etdikdən sonra 80 yaşlı eks-prezident Ayaz Mütəllibov o günlər atdığı addımlara görə peşiman deyil ki? O, hələ də 1992-ci il martın 6-da istefa verməsini doğru hesab edirmi?

Shafaqadogru.com  xəbər verir ki, sabiq dövlət başçısı Moderator24.com -ın bu mövzudakı sualını konret cavablandırıb:

"...Vəziyyət çox gərgin idi o dövrdə. Olduqca... Və müəyyən xarici dövlətlərin də Azərbaycanda, Bakıda böyük maraqları vardı... Bütün bunları nəzərə almaq lazımdır... Və mən heç zaman qan tökülməsinin tərəfdarı olmamışam. Kürsü davası da aparmamışam... Bu gün də, 26 il ötəndən sonra da geri baxanda hesab edirəm ki, 1992-ci il martın 6-da istefa verməklə mən doğru addım atmışam. Mən o gün əsl demokratik ənənələrə uyğun olaraq davranmışam. Məhz bu səbəbdən onda da, bu gün də çoxları bu addımımı təqdir edirlər ki, müxalif qüvvələrə, əliyalın insanlara qarşı güc işlənməsinə, qardaş qanı tökülməsinə imkan vermədim... Odur ki, o günkü hərəkətimdən peşiman deyiləm...”