Martın 30-u saat 22:10 radələrində Şirvan Milli Parkın əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mia.az saytına verilən məlumata görə, keçirilən əməliyyat zamanı Milli Parkın 1 saylı
sahəsinin 5 saylı postunun ərazisində, qanunsuz yolla ceyran ovlayan
brakonyerlərin olduğu aşkar edilib.
Əməliyyat
tədbirləri zamanı brakonyerlər parkın əməkdaşlarının qanuni tələblərinə
tabe olmayıb və onlardan biri xidməti vəzifəsini yerinə yetirən Şirvan
Milli Parkının sahə müfəttişi İltifat Xalıqova bilərəkdən ov tüfəngindən
atəş açıb. Nəticədə sahə müfəttişi qarın nahiyəsindən yaralanıb. Həyata
keçirilən operativ tədbirlər nəticəsində brakonyerlərdən biri Milli
Parkın əməkdaşları tərəfindən saxlanılıb, digəri, sahə müfəttişini
yaralayan qanun pozucusu isə gecə saatları olduğundan ərazidən qaçıb.
Hadisə
yerinə keçirilən baxış zamanı qanunsuz yolla ovlanmış 1 baş ceyran, 1
ədəd bıçaq, 1 ədəd fənər aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla
bağlı müvafiq sənədləşmə işləri aparılıb.
Milli
Parkın əməkdaşları saxlanılan brakonyeri rayon polis şöbəsinə təhvil
verib. Digər qanun pozucusunun saxlanılması və müvafiq hüquqi
tədbirlərin görülməsi məqsədilə Şirvan Milli Parkı tərəfindən
hüquq-mühafizə orqanlarına müraciət edib.
Aparılan
araşdırmalar nəticəsində saxlanılan qanun pozucusunun Hacıqabul rayonu
Atbulaq kənd sakini İsrafilov Elvin Tərxan oğlu olduğu müəyyən edilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri
nəticəsində digər qanun pozucusu Hacıqabul rayonu Atbulaq kənd sakini
Ağayev Rahil Heybət oğlu da saxlanılıb.