Şəfəqə Doğru » Gündəm » Prezidentliyə namizəddən həyəcanlı bəyanat

Prezidentliyə namizəddən həyəcanlı bəyanat

Prezidentliyə namizəddən həyəcanlı bəyanat
"ATƏT DTİHB-in müşahidə missiyası seçkidə təxribat hazırlayır”

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası prezident seçkilərində təxribat hazırlayır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası seçki məntəqələrinə yerli müşahidəçi qismində Əli Kərimliyə yaxın olan çoxlu sayda adam yerləşdirib”. Bu barədə APA-ya açıqlamasında "Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizədliyi irəli sürülmüş Razi Nurullayev bildirib.

Nurullayev deyib ki, bunu etməkdə məqsəd səsvermə günü məntəqələrdə guya kütləvi pozuntuların olduğu, səsvermənin nəticələrinin saxtalaşdırıldığı və digər namizədlərə verilən səslərin Razi Nurullayevə yazıldığı barədə rəy formalaşdırmaqdır.

Prezidentliyə namizəd bildirib ki, ATƏT DTİHB müşahidə apardığı bəzi ölkələrdə keçirilən seçkilərin nəticələri barədə, bir qayda olaraq, qərəzli hesabatlar hazırlayır: "Bu zaman həm özünün müşahidə missiyasının üzvlərinin, həm də onun tövsiyəsi əsasında məqsədli şəkildə seçilib məntəqələrə yerləşdirilmiş bəzi yerli müşahidəçilərin fikirlərinə istinad edir. Qeyd etmək istəyirəm ki, yerli müşahidəçilər daha çox məni özünün bir nömrəli düşməni sayan Əli Kərimlinin adamlarından formalaşdırılıb. Bütün bunlar namizəd kimi yalnız mənə qarşı deyil, bütövlükdə Azərbaycanda keçirilən prezident seçkilərinə qarşı təxribatdır. Bəri başdan bəyan edirəm ki, biz qərəzli hesabatı qəbul etməyəcək, onu hazırlayanların ifşası yönündə iş aparacağıq”.

Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasına 30 uzunmüddətli və 280 qısamüddətli müşahidəçi daxildir. Onlar ölkə boyunca seçki prosesini və seçkilərin özünü müşahidə edəcəklər. Missiyaya, Koryen Yonker rəhbərlik edir. Ötən həftə yayılan xəbərə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru İngibyorq Solrun Gisladottir seçkini şəxsən izləmək üçün Azərbaycana səfər etməyi planlaşdırır.

Seçki Məcəlləsinə əsasən, seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün son müddət isə bu gün başa çatır.

Prezident seçkiləri ilə əlaqədar bütün Azərbaycan ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılan müddət isə martın 31-də başa çatıb.

Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş yerli müşahidəçilərin sayı ilə bağlı dünən son statistika açıqlanıb. MSK-nın Media və ictimai əlaqələr şöbəsindən verilən xəbərə görə, prezident seçkiləri ilə əlaqədar 57 min 373 yerli müşahidəçi akkreditə olunub. 800-dən yuxarı beynəlxalq müşahidəçi qeydə alınıb.

ATƏT Parlament Assambleyasının seçkini müşahidə edəcək nümayəndə heyətinin isə dünən sayı açıqlanıb. 33 nəfərlik nümayəndə heyətinə rumıniyalı deputat Viorel Rikard Badea rəhbərlik edəcək. Onlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə birlikdə seçkiləri izləyəcəklər.

Qeyd edilir ki, missiyanın namizədlər və ya onların nümayəndələri, siyasi partiya rəhbərləri və Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşləri nəzərdə tutulur. Nümayəndə heyətinə səfər zamanı Venesiya Komissiyasının üzvü- Avropa Şurasının müstəqil hüquqi ekspertlər qrupu hüquqi yardım göstərəcək. Missiyanın aprelin 10-da Bakıya gəlməsi gözlənilir. Onlar seçki ilə bağlı ilkin rəylərini aprelin 12-də açıqlayacaqlar.