Vasif Talıbov Naxçıvan Ali Məclisinin ali kürsüsündəki vəzifəsini itirsə də, o, 1 saylı Şərur-Sədərək seçki dairəsini Azərbaycan Milli Məclisində təmsil edən deputat mandatı ilə vidalaşmayıb. O, 1995-ci ildən Milli Məclisin deputatıdır. Amma bu 27 ildə Milli Məclisin heç 27 iclasında iştirak etməyib. Yada salaq ki, Vasif Talıbov ötən il dekabrın 21-də Naxçıvan MR Ali Məclisinin sədri postundan istefa verib. İstefasından sonra Milli Məclisin iclaslarının heç birinə qatılmayıb. 2023-cü il fevralın 1-də başlayan Milli Məclisin yaz sessiyasında da Vasif Talıbov iclasların heç birində görünməyib.
Vasif Talıbov yeganə deputatdır ki, Milli Məclisin heç bir komitəsinin üzvü deyil. Halbuki bəzi deputatlar bir neçə komitənin üzvüdür. O, Milli Məclisdə yalnız Azərbaycan-İran parlamentlərarası işçi qrupunun rəhbəridir. Hazırda İran-Azərbaycan münasibətlərində ciddi gərginlik yaşanır. Tehran Azərbaycanla münasibətlərdə parlamentlər səviyyəsində də hər hansı təmasa maraq göstərmir. Amma hər halda, Talıbovun rəhbərlik etdiyi işçi qrupu bu istiqamətdə hansısa cəhdlər edə bilərdi.
Milli Məclisin daxili nizamnaməsinin 6-cı maddəsinə görə iclaslarda üzrlü səbəblərdən iştirak edə bilməyən deputatlar bu barədə əvvəlcədən Milli Məclisin Aparatına məlumat verməlidirlər. Həmin maddədə o da qeyd edilir ki, Milli Məclisin iclasında üzrsüz səbəbdən iştirak edə bilməyəcəksə, deputat qabaqcadan Milli Məclisin sədrindən icazə almalıdır. İcazə alaraq Milli Məclisin iclasında iştirak etməmək üzrlü səbəb sayılır. Vasif Talıbovun eyni zamanda Milli Məclisin komitələrinin iclaslarına da qatılmadığı bildirilir.
Milli Məclisin Nizamnaməsindən aydın olur ki, Milli Məclisin, onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən deputat barəsində parlament sədri İntizam Komissiyasına təqdimatla müraciət edir. İntizam Komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir. Proses deputatın mandatdan məhrum edilməsinə gətirib çıxara bilirmi? Qanunvericilik MSK-ya bu məsələdə hansı səlahiyyəti verir?
Milli Məclisdə Talibovun işçi qrupundakı yerinə niyə təyinat olmur?
Milli Məclisdə azlıqda təmsil olunan partiyalardan ehtiyatda olan Mərkəzi Seçki Komissiyasının üzvü Niyaməddin Orduxanlı “Yeni Müsavat”a bildirdi ki, Vasif Talıbov 30 ilə yaxındır Milli Məclisin üzvüdür: "Lakin bir neçə dövlət tədbirində iştirak etməsi üçün parlamentdə oturmasını çıxsaq, heç vaxt onun Milli Məclis iclaslarında iştirakına və çıxışına rast gəlinməyib. Biz onun bu illər ərzində 3 dəfə çıxış etdiyini görmədik. Talıbov həm də deputatı olduğu Naxçıvan Şərur-Sədərək seçki dairəsindən olan 40 000-dən artıq seçiciyə görə Milli Məclis iclaslarında iştirak etməyə borcludur. Lakin o, bunu da nəzərə almayıb və bu gün də nəzərə almır. O, dekabr ayında Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən könüllü istefa verməyib, məcbur edilib. Vasif Talıbovun deputat mandatından məhrum edilməsi üçün kifayət qədər qanuni hallar artıq mövcuddur. Təkcə Milli Məclisin iclaslarına qatılmaması kifayət edir ki, onun mandatdan məhrum edilməsi Milli Məclisə çıxarılsın və qərar verilsin. Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verməmişdən öncəki dövrlərdə də, dediyimiz kimi, Milli Məclisin iclaslarına qatılmayıb. Deputatın üzrsüz yerə ardıcıl 6 dəfə iclaslara qatılmamasına görə spikerin İntizam Komissiyasına müraciət etməsi tələbi qanunda əksini tapır. Talıbov nəinki 6 dəfə, 60 dəfədən artıq iclaslara qatılmayıb. Qanunvericilikdə açıq-aşkar yazılıb ki, deputat bu hallara yol verərsə, onun deputat mandatı ləğv edilməlidir. Bu qərarı artıq Milli Məclis verməlidir. Bu gün qanun da tam imkan verir ki, Vasif Talıbovun mandatı ləğv edilsin. Ən vacib məqamı da diqqətinizə çatdırım ki, ana yasamız olan konstitusiyamızın 89-cu maddəsində deputat mandatının ləğv edilməsi ilə bağlı bəndlər var. Əgər deputatın özü könüllü şəkildə ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edərsə, o zaman MSK onun ərizəsi əsasında mandatına xitam verə bilər. Yalnız bu halda MSK qərar qəbul edə bilər. Ancaq qeyd etdiyim kimi, indiki halda Milli Məclisin nizamnaməsi əsas verir ki, Vasif Talıbovun deputat mandatı ləğv edilə bilər. Milli Məclisin qərarı MSK-ya təqdim edildikdən sonra məsələyə MSK-da baxılır və deputat mandatı rəsmi ləğv edilir”.
O ki qaldı Vasif Talıbovun Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərliyindən uzaqlaşdırılması, onun yerinə yeni şəxsin seçilməsi məsələsinə, N.Orduxanlı dedi ki, adıçəkilən İşçi Qrupu əslində ləğv olunmalıdır: "Fevralın 1-də yaz sessiyasının ilk iclasında deputatlardan bir neçəsi həmin işçi qrupunun ləğvi məsələsini qaldırmışdı. Faktiki olaraq işçi qrupunun adı formal olaraq var, lakin indiki vəziyyətdə fəaliyyəti yoxdur. Məncə, bu qrupun hər hansı bir şəkildə fəaliyyət göstərməsi üçün də heç bir siyasi-ideoloji səbəb yoxdur. Gələcəkdə İranın Ermənistanla bağlı siyasətində dəyişiklik olarsa, bu məsələyə yenidən baxıla bilər. Lakin indiki məqamda bu qrupun fəaliyyəti demək olar dayandırılıb".
Qeyd edək ki, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupuna Vasif Talıbov, Fazil Mustafa, Ülviyyə Həmzəyeva, Eldar İbrahimov, Cəbi Quliyev, Elşad Mirbəşiroğlu, Aydın Mirzəzadə, Madər Musayev, Əziz Ələkbərli və Cavanşir Paşazadə daxildir.
Heç vaxt Milli Məclisin iclaslarına gəlməyən Vasif Talıbovun nə vaxtsa Azərbaycan-İran parlamentlərarası işçi qrupunun iclasını keçirdiyini də parlamentdə xatırlayan yoxdur.
“Yeni Müsavat”