Qulu Məhərrəmli (Ayna.az)
Bir ölkədə yaltaqlığın qazancı dürüstlüyün qazancından artıq
olarsa, həmin ölkə batar.
Şarl Lui Monteskyö
****
Yurdu bürümüş qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq!!
Hüseyn Cavid
***
"Yaltaq”
sözünü oxuyan kimi, təbii ki, dərhal xəyalınıza tanıdığınız, ekranlarda
gördüyünüz yaltaq sifətlər gələcək. Gözünüzün önündən öz işinin xatiri
üçün alçalaraq yalan danışan, kiminsə şəninə təmənnalı təriflər deyən,
utanmadan həqiqəti təhrif edən, xüsusən vəzifəli şəxslərin xoşuna gəlmək
üçün dəridən-qabıqdan çıxan bir xeyli yaltaq adam gəlib keçəcək.
Əlbəttə,
bu məsələdə fantaziyaya xüsusi güc verməyə gərək yoxdur, bədbəxtlikdən
indi yaltaqların sayı o qədər çoxalıb ki, sanki gözümüzün qabağında
qaynaşırlar. İş yerində, qonşuda, televiziya ekranlarında, sosial
şəbəkələrdə, demək olar ki, hər gün rəngarəng yaltaqlara, üzü bu yolda
bərkimiş vücudlara rast gəlirik.
Təbii ki,
bütün normal insanlarda ikrah hissi doğuran ən peşəkar yaltaq da sözün
mənfi yükünə görə özünü bu əməlin sahibi hesab eləmir. Amma hara qaçsan
da, bu hərəkətin adı "yaltaq” kəlməsində həkk olunub. Bütün sözlüklərdə,
o cümlədən Azərbaycan dilinin izahlı lüğətində də "yaltaqlığ”ın
mükəmməl izahı verilib, bu əməl "öz şəxsi xeyri və ya birinin yanında öz
qiymətini artırmaq üçün başqasının qabağında alçalaraq onun istədiyinə
uyğun hərəkətlər etmə, onu riyakarcasına tərifləmə” kimi
səciyyələndirilib. Yəni hörmətli Tağı müəllim demişkən, burada
burcutmağa yer yoxdur: sən şəxsi maraq güdərək nəyisə və kimisə yalandan
tərifləyirsənsə, onu layiq olmadığı şəkildə öyürsənsə, öz təmənnan üçün
həqiqəti tapdalayıb riyakarlıq edirsənsə, YALTAQSAN!
* * *
Azərbaycan
cəmiyyəti üçün yaltaqlıq yeni şey deyil, məşhur "Şərq yaltaqlığının”
bir qolu kimi hələ qədimdən insanların şüuruna və psixologiyasına hopub.
Yaltaqlıq saray əxlaqının bir elementi və "dadlı zəhər” kimi uzun
əsrlər boyu içimizdə yaşayıb. Sovet dövründə də bu, çoxlarının çörək
ağacı olub. Amma müstəqillik illərində yaltaqlıq bizdə görünməmiş bir
miqyas alıb. Bəlkə onun "çiçəklənməsi” üçün daha əlverişli şərait
yaranıb, bəlkə yayım vasitələri çoxaldığından indi yaltaqlıq və onun
"naibləri” daha çox gözə girir.Təbii, bunun səbəblərini hərə bir cür
yoza bilər, amma danılmaz faktdır ki, yaltaqlıq cəmiyyətdə təhlükəli
sosial bəlaya çevrilib və əxlaqı ciddi şəkildə zədələməkdə davam edir.
Hərdən
adama elə gəlir ki, bu gün bütün sahələrdə — mediada, təhsildə,
mədəniyyətdə, siyasətdə və s. əməlli-başlı yaltaqlar ordusu yetişib.
Görün, ətrafımızda çörəyi yaltaqlıqdan çıxan, ictimai sferada təlxəyə
çevrilmiş nə qədər zəhlətökən yaltaq sürüsü var. Aralarında akademikdən
tutmuş müəllimə kimi ütülü danışan oxumuşa da, xüsusi istedad və fəhmlə
nitq irad edən təhsilsiz pambıqçıya da də rast gələrsiniz. Təbii ki,
savadı olan, necə deyərlər "intellektual yaltaqlar” daha qorxuludur,
çünki onlar bəzən mötəbər görünərək adamları, qısa müddətə olsa da,
yalanlara inandıra bilirlər. Bunlar bir parça çörək və mənsəb üçün və ya
sahib olduqlarını əllərində saxlamaq naminə nə oyundan çıxır, hansı
yalanları uydurur, həqiqəti necə tapdalayır, ana dilimizin ən gözəl və
ülvi sözlərinə necə divan tuturlar-bunu bir Allah bilir.
Şübhəsiz
ki, yalmanaraq tikə qazanmağa, mövqeyini qorumağa çalışan yaltaq adam
əxlaqsız, ikiüzlü, hiyləgər, əsl buqəlamundur. İslam peyğəmbəri
"yaltaqların gözünə torpaq sovurun” deyə cəmiyyəti bu adamlardan uzaq
durmağa çağırırdı. Çünki bu adamlar ictimai mühit üçün təhlükədir,
sağlam düşüncə və əxlaq üçün qrip virusu qədər qorxuludur. Bu yerdə
insanlıq adına ləkə olan həmin çağdaş yaltaqları "vəsf” edən böyük
şairimiz Musa Yaqubun misraları yadıma düşür:
Yalmana-yalmana tikə qazanan,
Ah, bu it payına ortaq adamlar!
Tülküyə ayrılmış ruzudan yeyir,
Bu hiylə adamlar, yaltaq adamlar.
Bəli,
əxlaqı ayaqlar altına salan yaltaqlar o kəslərdir ki, umacaqlı gözləri
həmişə yalandan tərif etdikləri ixtiyar sahiblərinin süfrəsindədir.
Həmin umacaq onlar üçün həyat və yaşayış stimuludur, onun xatirinə
utanmadan hər cür alçaqlığa və yaramazlığa getməyə hazırdırlar. Yəni bu
adamlar vicdan və əxlaq sarıdan axsayanlardır, əslində onlar üçün heç
əxlaq və abır-həya anlayışı da yoxdur. Olsaydı, zatən niyə yaltaqlıq
edirdilər ki?!
* * *
Xalq
arasında yaltaqlığın "ona-buna yarınmaq” kimi tutarlı adı var. Və bu
yarınmaq birbaşa nəfsin təhriki ilə, qazanmaq üçün olur. İnsan
ləyaqətini alçaldan bu üsulla qazanmaq əxlaqa zidd olduğundan normal
cəmiyyətlərdə yaltaqlıqla əxlaq bir arada yaşaya bilmir. Çünki yaltaqlıq
əxlaq və mənəviyyat üçün gizli düşməndir. Bu qorxulu düşmən yaşayarsa
və cəmiyyəti idarə edənlər yaltaqlığa rəvac verib ondan zövq almağa
başlayarlarsa, o zaman insan şərəfi və ləyaqət deyilən dəyər həmişə
ayaqlar altında tapdalanar.
Sağlam cəmiyyət
həmişə yaltaqlığa qarşı olub, çünki yalan və riyakarlıqdan qidalanan
yaltaqlıq, ilk növbədə cəmiyyətin minillik dəyərlərinə və ictimai əxlaqa
zərbə vurur. Yaltaqların tirajladığı yalanlar mahiyyət etibarilə
beyinləri dumanlandıra, gerçəyi təhrif edə, insanları doğru yoldan
azdıra bilir. İngilislərin dahi Şekspir qədər dəyər verdikləri Con
Milton hələ XVII əsrdə "Mətbuat azadlığı” ("Areopagitika”) əsərində
Britaniya parlamentinə müraciət edərək deyirdi ki, yerində olmayan tərif
yaltaqlıqdır, şəxsi təmənna üçün yalan danışıb yaltaqlıq etmək, həm də
ölkənin bu günü və gələcəyi üçün təhlükəlidir. Məncə, Miltonun bu
xəbərdarlığı yaltaqlıq girdabında çabalayan bizim kimi cəmiyyətlər üçün
hələ də öz aktuallığını saxlayır…