Şəfəqə Doğru » Gündəm » Rusiya Paşinyanı bu yolla aradan götürəcək

Rusiya Paşinyanı bu yolla aradan götürəcək

Rusiya Paşinyanı bu yolla aradan götürəcək
Paşinyanı qarşıda çox ciddi sınaqlar gözləyir.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Qarabağ separatçılarının lideri Bako Saakyan heç vaxt Paşinyanın adamı olmayacaq:
"Paşinyanın Dağlıq Qarabağa səfəri özünütəbliğ xarakteri daşıyırdı. Çünki o, nümayişlər zamanı həmişə Qarabağ klanının əleyhinə müxtəlif tezislər səsləndirmiş, Bako Saakyan başda olmaqla, Qarabağdakı idarəçilik sistemini özündən küskün salmışdı. O, ilk səfərini Dağlıq Qarabağa etməklə həm Qarabağ ideyasına sadiqliyini nümayiş etdirib, həm də orada Azərbaycan əleyhinə danışmaqla bu ideyaya həmişə tərəfdar olacağını, onun təbrincə desək, "Qarabağ xalqı”nın apardığı milli azadlıq mübarizəsinə dəstək verəcəyini bildirib. Ancaq bu bir siyasətdir və hər şey heç də birdən açıqlanmır. Saakyan Köçəryan və Sərkisyanın adamıdır. Əgər Paşinyanın hakimiyyətinin ömrü imkan verərsə, haçansa Saakyanın da hakimiyyətdən uzaqlaşdırılması lazım gələ bilər. Yaxud da hər şey əksinə də ola bilər. İş orasındadır ki, Saakyan Paşinyana Serj Sərkisyan qədər sadiq olmayacaq. Bəli, bu fonda o təxribatlar törədə, təmas xəttində müxtəlif qarşıdurmalar yarada bilər. Ancaq məsələ burasındadır ki, Qarabağda olan güclərlə Azərbaycanla bağlı təxribatlara getmək elə də asan məsələ deyil. Çünki bu, bumeranq effekti yarada və separatçıların tamamilə sonunu gətirər. Ona görə də Saakyan Ermənistan tərəfinin hansı qərarlar qəbul edəcəyini və Kremlin əmrlərini gözləyəcək”.
Politoloq vurğulayıb ki, avantürist təbiətli Paşinyan onsuz da Dağlıq Qarabağda və Ermənistanda müxtəlif avantüralara gedəcək:
"Paşinyan hazırda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyası üzərində "işləyir”. Bunu da o, Dağlıq Qarabağda bəyan etdi. Paşinyanın Dağlıq Qarabağda və Ermənistanda avantürizmləri isə bir gün onun özü üçün ciddi problemlər yarada və hakimiyyətinin ömrünü qısalması ilə nəticələnə bilər. Onsuz da Paşinyanı çətin günlər gözləyir. Məsələn, Rusiyanın Ermənistana yardımı kəsiləcək. ABŞ və Avropadakı erməni lobbisindən isə İrəvana sadəcə maddi dəstək gələcək. Həmçinin Rusiyadan Ermənistana silah göndərilməsi də dayandırılacaq. Bu fonda ola bilsin ki, Rusiyadan Azərbaycana yeni silah növləri göndərilsin və Azərbaycanın atəş gücü daha da artırılsın. Nəticə etibarilə danışıqlar prosesi ilə bağlı o qədər qayğı göstərilməyəcək və tərəflər arasında müharibə şəraitinin yaranması an məsələsi olacaq. Zənnimcə, Rusiya bundan sonra Paşinyan rejiminin çökməsi üçün əlindən gələni edəcək. Bu prosesdə Moskvanın adamı Saakyan birbaşa Kremlin göstərişlərini yerinə yetirəcək. Bir sözlə, Paşinyanı qarşıda çox ciddi sınaqlar gözləyir”.