Lənkəranda
imtahanda yüksək bal topladıqdan sonra sabiq təhsil naziri Mikayıl
Cabbarovun əmri ilə məktəb direktoru vəzifəsinə təyin olunan gənc
müəllim Fazil Gülverdiyev Lənkəran şəhər Təhsil şöbəsinə rüşvət
vermədiyi üçün məcburi olaraq istefa ərizəsi yazaraq vəzifəsindən
uzaqlaşdırılıb.
Fazil Gülverdiyev Unikal.org saytına müsahibəsində iddia edib
ki,Lənkəran şəhər Təhsil şöbəsinin keçmiş rəhbəri tərəfindən ondan
dəfələrlə rüşvət tələb olunduğuna görə, məcburi şəkildə ərizə yazaraq
vəzifəsindən istefa verib:
-Siz iddia edirsiz ki, sabiq şöbə rəisinin tələbi ilə ərizə yazmısız. Bəs necə məktəb direktoru ola bildiniz?
-Hazırda
Lənkəran rayonu Tükəvilə kənd tam orta məktəbində müəllim işləyirəm.
Özüm ali məktəbi fərqlənmə diplomu ilə bitirmişəm. Bir kitabın
müəllifiyəm. 2016-cı ildə Təhsil Nazirliyi Lənkəran rayonunda yerləşən
14 məktəb üzrə direktor vəzifəsinə vakansiya elan etmişdi. 2016-cı ildə
keçirilən direktorların işə qəbulu imtahanında 60 sualdan 50-sinə düzgün
cavab verərək 50 bal topladım. İmtahanda ən yaxşı nəticə toplayan 4
müəllim arasında oldum. Bundan sonra, növbəti mərhələdə Təhsil
Nazirliyinin məsul işçilərindən ibarət komissiyanın təşkil etdiyi
müsabiqədən yüksək bal topladım. 10 gündən sonra sabiq təhsil naziri
Mikayıl Cabbarovun əmri ilə Lənkəran rayonu Tükəvilə kənd tam orta
məktəbinə direktor təyin olundum. Daha sonra sabiq təhsil naziri Mikayıl
Cabbarov yeni direktorlarla görüş keçirdi və hər birimizi təbrik etdi.
-Bundan sonra nə baş verdi?
-Bundan
sonra rayona qayıtdım. Lənkəran şəhər Təhsil şöbəsinin sabiq müdiri
Şəhanə Əhmədova məni qəbul etdi. O məndən yeni vəzifəmə görə, rüşvət
tələb etdi.
Bildirdi ki, pul
verməliyəm, əks halda nazir mənimlə bağlı verdiyi əmri geri götürəcək.
Soruşdum nəyə görə? Cavab olaraq əlavə etdi ki, 7 min pul verməliyəm.
Səbəb kimi, sözügedən vəsaiti müvafiq icra orqanlarına çatdıracağını
bildirdi.
-Bəs siz rüşvət verdinizmi?
-Bəli.
Şəhanə Əhmədova məndən 7 min manat pul aldı. İstəmədim ki, yeni işimdə
hansısa problem yaransın. Onun tələb etdiyi pulu tapıb, özünə verdim.
Bundan sonra məktəbə getdik və təhvil-təslim aktı aldım. Məktəbdə dərs
bölgüsü apardım, kollektivlə işə başladım. Orada heç vaxt olmayan
müasir, qanunvericiliyə uyğun qaydalar tətbiq etdim. Bütün kənd camaatı
da bu dəyişikliklərdən razı idilər. Məktəbdə şagirdlərin dərsə
davamiyyəti də yaxşı idi. Bir neçə ay üzərindən keçdikdən sonra,
gözlənilmədən Şəhanə Əhmədova məni məktəb direktoru kimi sıxışdırmağa
başladı.
-Rüşvət verdiyiniz halda nəyə görə sizi sıxışdırırdı?
-Məndən
əvvəl məktəbdə direktor əvəzi Günay İsmayılova idi. O, bu vəzifəyə
təyin olunmaq üçün Şəhanə Əhmədovaya 8000 manat rüşvət vermişdi. Məndən
sonra, Əhmədova məcbur olub, Günayı Veravul kənd 2 nömrəli orta
məktəbinə direktor əvəzi təyin etdi. Çünki, Günay xanım ondan pulunu
tələb edirdi. Halbuki, Günay İsmayılova Təhsil Nazirliyinin
direktorların işə qəbulu imtahanında 2016-cı ildən bəri 2 dəfə iştirak
etmiş, lakin birinci mərhələni belə keçə bilməmişdir. İmtahanda cəmi 16
bal toplamışdı.
-Siz bunu hardan bilirdiz ki, o, Şəhanə Əhmədovaya rüşvət verib?
-Mən
direktor təyin olunandan sonra, Günay İsmayılova müəllim kimi məktəbdə
çalışırdı. Dəfələrlə Ş.Əhmədovanın yanına gedir, ondan pulunu tələb
edirdi. Bundan sonra, sabiq şöbə rəisi məcbur olub, Günay İsmayılovanı
Veravul kənd 2 nömrəli orta məktəbinə direktor əvəzi təyin etmişdi.
Məqsədi onu sakitləşdirmək, ora-bura şikayət etməsinin qarşısını almaq
idi. Bundan sonra onların əsas işi məni məktəbdə vəzifəmdən
kənarlaşdırmaq oldu. Bu məqsədinə də Şəhanə Əhmədova qısa müddət ərzində
çata bildi.
-Sizə hansı yollarla təzyiqlər edilirdi?
-Şəhanə
Əhmədova məktəbə dəfələrlə yoxlama göndərir, fəaliyyətimdə nöqsanlar
tapmağa çalışırdı. Fəaliyyətimdə qüsur tapmaq üçün oktyabr, noyabr
ayında məktəbə kompleks yoxlama göndərdi. Heç bir problem tapa bilmədi.
Məni təhsil şöbəsinə çağırıb, yenidən rüşvət tələb etdi. Bu dəfə
rüşvətin məbləği 5 min manat idi. O etiraf etdi ki, Günay İsmayılovadan
rüşvət alıb: "Hazırda da G.İsmayılova rəhbəri olduğun məktəbin direktor
əvəzi olmaq üçün mənə 5 min rüşvət təklif edir. Bu məbləği sən mənə
versən, vəzifəndə qala bilərsən”. Müəllimlərin maaşları hesabına, hər ay
təhsil şöbəsinə 199 manat rüşvət göndərirdik.
-Siz 5 min də rüşvət verdiniz?
-Xeyir.
Bu dəfə bu məbləğdən imtina etdim. Çünki, bu məbləği verə bilməzdim.
Mən Şəhanə Əhmədovaya dedim ki, biz müəllimik, aylıq maaş alırıq. Sizin
tələb etdiyiniz pulu mən hardan gətirə bilərəm? Hər dəfə çağırıb, bir
problem çıxarırsız.Bundan sonra məktəbdə müəllimlərlə aramda müəyyən
problemlər yaratmağa başladı. Haqqımda şöbəyə şikayət olundu. O, yenidən
məni şöbəyə çağırıb, vəzifəmdən getmək üçün ərizə yazmağımı tələb etdi.
Bildirdi ki, özün ərizə yaz, fəaliyyətində ciddi nöqsanlar var, əks
halda özüm səni qovacam. Məcbur olub, ərizə yazdım və cənab sabiq nazir
də işdən azad olunmağım üçün əmr verdi. Şəhanə Əhmədova Günay
İsmayılovanı yenidən məktəbimizə direktor əvəzi təyin etdi. Nəhayət hər
ikisi arzularına çata bildilər.
-Məsələ ilə bağlı nazirliyə niyə müraciət etmədiniz?
-Hər
yerə müraciət etmişəm. Günay İsmayılova Tükəvilə kənd tam orta
məktəbində hazırda qanunsuz əməllərlə məşğuldur. Mən onları videoya da
çəkmişəm. Əlimdə sübutlar da var. Lənkəran rayonu Tükəvilə kənd tam orta
məktəbində dərs zamanı pullu məşğələ keçirlər. Buna sübut kimi,
məktəbin riyaziyyat müəllimi Kəmalə Quliyevanı da videoya çəkmişəm.
Başqa fakt! Qanunla direktor müavini məktəbdə yalnız 6 saat dərs deyə
bilər. Amma, Günay İsmayılova başqa yolla direktor müavini Murad Əzizova
pul qazanmasına şərait yaradıb. Belə ki, başqa müəllimin adına əlavə
dərs saatı yazdırır. Maaş dövründə bu pulu sözügedən müəllimin kartından
çıxararaq Murad müəllimə verir. Bunlar ciddi maliyyə pozuntularıdır.
Hər iki faktla bağlı müvafiq qurumlara müraciət etmişəm. Həmçinin bir
neçə gün əvvəl məktəbdə qanunsuz pullu məşğələ keçən müəllimin
görüntüsünü də Lənkəran rayon polis şöbəsinə təqdim etmişəm. Bu işi də
bağlamaq istəyirlər.
-Şəhanə Əhmədova vəzifəsindən azad olunandan sonra onunla bağlı hüquq-mühafizə orqanlarına şikayət etmisiz?
-Bəli.
Baş Prokurorluğa bununla bağlı müraciət etdim. Prokurorluqda cinayət
işi açıldı və o istintaqa dəvət edildi. O, izahatında məndən rüşvət
almadığını bildirdi. Bunun üçün məndən sübut tələb olundu. Halbuki, 7
min manat pulu mən onun qəbul otağında vermişəm. Qəbul otağına daxil
olan zaman telfonlarımızı da əlimizdən alırdılar. Rüşvət verdiyimi Baş
Prokurorluğa sübut edə bilmədiyim üçün iş onun xeyrinə bağlandı.
-Hazırda Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimovdur. O bu barədə nə deyir?
-Sonuncu
maliyyə pozuntuları ilə bağlı A.İbrahimova da müraciət etmişəm. O,
başqa yerlərə şikayət etməməyim üçün, 2-3 dəfə məni şöbəyə çağırıb.
-Şöbəyə çağırıb sizə nə təklif edib?
-Bildirib ki, sənə vəzifə verəcəyik. Amma çatışmamazlıqlarla bağlı heç yerə müraciət etmə!
-Yeni şöbə rəhbəri sizi hansı vəzifəyə təyin etmək istəyir?
-Deyir
ki, rayonun özündə məktəblər var. Yeni tədris ilindən səni onların
birinə yerləşdirəcəm. Cavab olaraq bildirdim ki, mən direktor
vəzifəsində çalışmışam, hazırda isə bu vəzifəyə iddiyam yoxdur. Sadəcə
olaraq tələbim ondan ibarətdir ki, nöqsanlar aradan qaldırılsın. Hər
məktəb şöbəyə aylıq "haqq” ödəyir. Məbləğ müxtəlifdir. Şagird və müəllim
heyyətinin sayına görə, aylıq rüşvətin məbləği də dəyişir.
N.Novruzov