Şəfəqə Doğru » Gündəm » Qarabağ erməniləri niyə indi ürəkləndi? - Əsas səbəblər

Qarabağ erməniləri niyə indi ürəkləndi? - Əsas səbəblər

Qarabağ erməniləri niyə indi ürəkləndi? - Əsas səbəblər

Dağlıq Qarabağda baş verən hadisələrə real səbəblərinə görə qiymət vermək doğru olmazdı.

Bu sözləri Axar.az-a beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Qarabağda baş verən etiraz aksiyalarının səbəblərini şərh edərkən deyib. O bildirib ki, iki nəfərin xüsusi təyinatlılar tərəfindən döyülməsinə etiraz olaraq keçirilən aksiyaları siyasiləşdirməyə cəhd edənlər olacaq:

"Amma niyə indi?! İllər ərzində orada belə hallar olmamışdımı?! Olmuşdu və bundan daha ağırları haqqında məlumatımız var idi. Amma o zamanlar bu şəkildə etirazları görmədik. Deməli, bu gün orada baş verənlərə səbəb olan amillər o zaman yox idi. Ermənistanda etiraz nümayişləri nəticəsində baş verən hakimiyyət dəyişikliyi, son günlər Gürcüstanda təxmini eyni səbəblərlə olmuş etirazlar bir təcrübə olaraq Qarabağ ermənilərini də ürəkləndirib”.

Ekspert qeyd edib ki, bundan istifadə etmək istəyəcək güclər isə, sözsüz ki, olacaq:

"Hadisələrin inkişafı Paşinyan əleyhinə də, lehinə də istiqamətləndirilə bilər. Paşinyanın son Qarabağ səfərində separatçı rejimin rəhbərləri ilə görüşdə nədə razılaşıb-razılaşmadığı da sonrakı mərhələdə çox hadisələrə təsir edə bilər. Yəni orada baş verən hadisələri Qarabağ klanı bilərəkdən inkişaf etdirməklə, təhlükəli durum yarandığını bildirərək, Paşinyanın zəif hakimiyyətini bunda günahlandıra bilərlər. Eyni zamanda ola bilər ki, Qarabağın özündə Bako Saakyana müxalif olan güclər bundan istifadə etməklə, həmçinin, Paşinyandan dəstək almaqla rejim dəyişikliyinə getməyə çalışsın. Qarabağ kartı problem davam etdiyi müddətdə Ermənistanda hər zaman aktual olacaq. Separatçı rejimin başında Sərkisyana yaxın bir adamın qalması isə Paşinyanın idarəetməsində ona mane olacaq əsas əngəllərdən biridir və əslində özünə yaxın birisinin separatçı rejimin başında olması onun üçün çox vacibdir. Odur ki, bu gün proqnoz vermək tezdir. Amma etirazlar davam edəcəyi halda gedişatda söylədiyim fikirlərdən hansının üzərində dayanmağın mümkünlüyü də bilənəcək”.

Politoloq Arzu Nağıyev isə bildirib ki, Paşinyan hakimiyyətə gələndən Dağlıq Qarabağ kartından istifadə edir:

"Bu gün Serj Sərkisyanın partiyası parlamentdə çoxluq təşkil etməsinə baxmayaraq, müxalifətdə olan partiyadır. Bako Saakyan isə birbaşa Sərkisyanın təyin etdiyi şəxsdir. Dağlıq Qarabağla bağlı özünün "daha prinsipial" olduğunu göstərmək üçün Paşinyan ilk səfərini bu bölgəyə etdi, daha sonra oğlunu Azərbaycanın işğal altında saxlanılan ərazisinə hərbi xidmət keçməyə göndərəcəyini açıqladı. Bu gün Bako Saakyanı vəzifədən uzaqlaşdırmaq variantı birbaşa separatçı qurumun özünə aiddir. Çünki Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim, Dnestryanı və Cənubi Osetiya rejimlərinin nümayəndələri ilə daha əvvəl görüşmüşdü. Bununla da Rusiya separatçı rejimi dəstəklədiyini bir daha sübut etmişdi. Paşinyan təbii ki, Bako Saakyandan istifadə edə bilər. Lakin Saakyanın Sərkisyanın komandasına daxil olması buna əngəldir. Ona görə də onun dəyişdirilməsi məsələsi ancaq içəridən baş verən hazırkı hadisənin təhlilindən sonra mümkündür. Hazırda qondarma rejimdə baş verən aksiyalara səbəb olan hadisə sadəcə bir vasitə ola bilər”.

Qeyd edək ki, Qarabağda iyunun 1-dən etiraz aksiyaları keçirilir. Etirazçılar separatçı rejimin güc strukturlarının istefasını tələb edirlər.