Hakim polis rəisləri ilə bağlı Ramil Usubova müraciət edəcək - Məhbusların qaçması
- Tarix: 10-sen-2018, 13:44 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 449
Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İsrafil Soltanovun həyat yoldaşı Vüsalə Soltanova şahid qismində dindirilib: "Təqsirləndirilən şəxslərdən həyat yoldaşımdan başqa Aqili tanıyıram. Hadisə olan günü yoldaşım evdəydi. Aqil evə gəldi, onu çağırdı. Evdən çıxıb getdilər. İsrafil gecə gəlmədi. Saat 1-də ona zəng elədim, götürmədi. Sonradan özü yığdı ki, adam var, onu yola salıb gələcəklər. Səhər 6-da evə gəldi. Pasportunu götürdü. Mən və baldızım da onunla Dağıstana getdik".

Şahid bildirib ki, yoldaşı alverlə məşğul olub: "Bakıdan Dağıstana meyvə aparırdı. Onunla biz də gedib mal alıb gətirib satırdıq. Həmin günü gedəndə yoldaşımla bizi sərhəddə saxladılar. Hadisədən sonra bu məsələdən xəbər tutmuşuq".

Prosesdə həmçinin İsrafil Soltanovun bacısı Samirə Abbasova dindirilib. O da digər şahidlə eyni məzmunlu ifadə verib.

Prosesdə Masallı rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanma yerinin rəisi Bəşir Bəşirov şahid qismində dindirilib. O bildirib ki, təqsirləndiriləndən Əli Ağamini tanıyır: "Müxtəlif vaxtlarda Əli Ağami bizə gətirilib. Çox vaxt daxili rejim qaydalarını pozurdu. 2017-ci ilin oktyabrında etab olunan zaman qayıtdı ki, özümə qəsd edəcəm. Mən də aidiyyətı şəxslərə, növbətçiyə məlumat verdim. Rəhbərlik tərəfindən konkret olaraq xidmət rəisi Elmar Paşayev tapşırıq verdi ki, onu qaytaraq. Həmin tapşırığı icra etdim. Hakimin köməkçisi Tofiq Cəbiyev ilə əlaqə saxladım. Dedim Əli Ağamini qaytaracam. Bundan sonra Əli Ağamini Petensiar Xidmətin əməkdaşlarına təhvil verdik".
Hakim isə cavab olaraq Bəşir Bəşirova bildirib ki, məhkəmənin qərarı ola-ola dustağı qəbul etməyib: "Siz buna görə məsuliyyət daşıyırsız. Biz sonda bu barədə qərar qəbul edib, cənab nazirinizə bildirəcəyik. Həm Masallı, həm də Lənkəran Müvəqqəti saxlanmanın rəisləri dustaqları qəbul etmir, səhəri gün dustaqlar qaçır. Belə bir hadisələr baş verir, adam ölür. Siz bunun məsuliyyətini dərk edirsiniz?"

Təqsirləndirilən, keçmiş konvoy taborunun əməkdaşı Ceyhun Səmədov şahidin danışdıqlarına fikir bildirib. O deyib ki, Masallıda Əli Ağamini səhərdən qəbul etmək istəyiblər: "Orda dedilər k, biz Əlini qəbul edirik, amma qaytaracağıq. Həmin gün Lənkəranda bizə Etibar Məmmədovu qaytaracaqlarını dedilər. Biz də bu barədə rəhbərliyə məruzə etdik".

Şahid qeyd edib ki, Etibar Məmmədovun Lənkəran Müvəqqəti Saxlanma yerindən qaytarılmasından xəbərsiz olub.
Proses sentyabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. "Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər - müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri Bəhruz Abdullayev, Penitensiar xidmətin üç sabiq əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.
 

Oxşar xəbərlər