Əmlak Məsələləri üzrə Dövlət Komitəsi vətəndaşların mülklərini qəsb etməkdə ittiham olunur. Komitə ayrı-ayrı şəxslərin adların çıxardığı qanunsuz çıxarışlarla vətəndaşların və dünyasını dəyişmiş adamların əmlaklarını yağmalamaqdadır. Anaxeber.info-nun verdiyi məlumata görə, onlardan biri batalyon komandiri olmuş mərhum Rafael Kərimovun həyat yoldaşıdır.
Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 42, mənzil 335-də yaşayan komandirin xanımı video müraciətində komitə sədri Kərəm Həsənovun qanunsuzluqlarından haray çəkib. Prezident İlham Əliyevə üz tutan şikayətçi 9 ildir ki, məhkəmələrdə qaldığını, komitənin onun 3 əmlakını əlindən alaraq başqalarının adına rəsmiləşdirdiyini söyləyib.
Onun sözlərinə görə, Əmlak Komitəsi sədri Kərəm Həsənovun adı gələndə heç bir dövlət orqanı şikayətə baxmır, işi araşdırmır.
Hətta Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin müstəntiqlərindən biri ona bildirib ki, K.Həsənovun adı gəlir, bu işə baxa bilməzlər. Çarəsiz qadın artıq hara müraciət edəcəyini də bilmir. Komandirin xanımı video çıxışında deyib ki, onların ilk qəsb olunan əmlakı Şəmsi Bədəlbəyli küçəsində yerləşir:
"Mənim oradakı zirzəmidə yerim vardı, özüm həkiməm, kosmetik klinika üçün abadlaşdırdım, sahmana saldım.
Sonra yarırus, yarıerməni bir adamın adına sənədləşdirib, əmlakımı əlimdən aldılar. Tək qadın olmağımdan istifadə edib, hüquqlarımı tapdaladılar”.
Şikayətçi qeyd edib ki, əlindən alınan digər əmlak Binəqədidə 12-ci mağazadır. Əmlak Komitəsi Ali Məhkəmənin qərarını gözləmədən,icra etmədən həmin mağazanı Ərşad Həsənov adlı universitet müəlliminin adına çıxarış verməklə sənədləşdirib.Halbuki yoldaşım o əmlakı hərracla almışdı, əlimizdə bütün qəbzlər, sənədlər var. Sonra Ərşad Həsənov saxtakarlıqdan xəbər tutanda imtina etdi ki, mülkü sahibinə qaytarın.
Bu zaman Kərəm Həsənovun adamları Vaqif Əfəndiyev adlı şəxsin adına çıxarış verdilər. O da deyir ki, bütün bunlardan xəbərim yoxdur. Müstəntiq deyir ki, biz baxa bilmirik. Haçana kimi bu quldurluq davam edəcək? Mənim yoldaşım vətən üçün vuruşub ki, öləndən sonra mülkü əlindən alınsın?
Mərhum komandirin yoldaşı 3-cü əmlakın 12-ci mağazanın anbarı olduğunu söyləyib və komitə eyni qanunsuzluğu təkrarlayıb:"Biz kommunal ödənişlər etmişik, vergi vermişik. 8 ildir məhkəmələrdə qalmışam. Ölünün əmlakını əlindən alırlar.Mən burdan prezidentə müraciət edirəm.Cənab prezident, onun-bunun adına çıxarış verə-verə vətəndaşların əmlaklarını qəsb ediblər. Komitənin Binəqədi şöbəsinin rəisi Çingiz Məmmədovun işçiləri əmlakımıza soxulublar, avadanlıqları, əşyaları aparıblar. Kərəm Həsənov məni saymır, bəs prezidentin fərmanını niyə saymır? Cənab prezident, biz ölkədən getmək istəmirik. Respublikanın qaymaqları ölkədən gedir. Qoymayın cənab prezident, bu adamların özbaşınalıqlarına son qoyun”.
Əslində, batalyon komandirinin ailəsinin başına gətirilənlər təəccüb doğurmamalıdır. Əmlak Komitəsi son illərdə yüzlərlə belə əmlakları hərraca çıxarıb yaxud gizli şəkildə başqalarının adlarına sənədləşdirib.
Xatırlayırsınızsa, bir neçə il qabaq K.Həsənov zavodlardan birini Keşlədəki "Şanxay” deyilən ərazidə yaşayan çobanın adına sənədləşdirmişdi. Həmin adam müsahibə verərkən heç nədən xəbəri olmadığını bildirmişdi. Yəni, çobanı zavod müdiri ediblər, özünün xəbəri belə yox… (Anaxeber.info)