"Qafqazinfo” Maliyyə naziri Samir Şərofovun Amerikanın Səsinə verdiyi müsahibəni təqdim edir:
- Siz Azərbaycan-Amerika hökumətlərarası iqtisadi komissiyanın həmsədrisiniz. İki ölkə arasında iqtisadi əlaqələr sahəsində indiki səviyyə necədir?
- Hesab edirəm ki, bundan yaxşı ola bilər.
- İndi hansı birgə layihələr həyata keçirilir?
- Əsasən Amerika İnkişaf Agentliyi (USAİD-red) xətti ilə müəyyən layihələr həyata keçirilir, müştərək maliyyələşdirilir. Yəni layihələr həm Azərbaycan, həm də Amerika hökuməti tərəfindən maliyyələşdirilir. Layihələrin icrasına nəzarət qarşılıqlıdır, həm Beynəlxalq İnkişaf Agentliyi, həm də Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Müxtəlif regionlarda həyata keçirilən layihələrdir.
- Birgə komissiyanın növbəti iclası nə vaxt olacaq?
- Azərbaycan tərəfi buna hazırdır. Biz belə başa düşürük ki, Amerika tərəfindən də qarşılıqlı təklif olmalıdır. Hazırda birgə komissiyanın Amerika tərəfindən sədri məsələsi nəzərdən keçirilir və güman edirik ki, tezliklə mümkün olacaq.
- Hökumətlərarası komissiyanın işi Azərbaycan tərəfini razı salırmı?
- Mən hesab edirəm ki, o zamanlar ki, komissiya fəal çalışırdı və biz iqtisadi sahədə əməkdaşlığımızın səviyyəsindən məmnun idik.
- Son dövrlər Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə danışıqlar aparılır. Danışıqlarda əsasən hansı mövzular müzakirə olunur?
- Beynəlxalq Valyuta Fondu ilə danışıqlar Azərbaycan üçün mütəmadi xarakter daşıyan danışıqlardır. Hər bir BVF-nin üzvü olan ölkə hər ildə bir dəfə onunla məsləhətləşmələr aparır. Söhbət fondun Maddələr Sazişinin 4-cü maddəsinə uyğun olaraq aparılan məsləhətləşmələrdən gedir. Bu il də hal-hazırda BVF-nin missiyası Bakıda məsləhətləşmələr aparır və bunların işləri artıq yekunlaşmaq üzrədir. Eyni zamanda, BVF ilə Azərbaycan hökuməti və hökumət orqanları müxtəlif istiqamətlər üzrə texniki yardım proqramları da həyata keçirilir. Hesab edirəm ki, bu Azərbaycan üçün faydalıdır və biz o proqramların həyata keçirilməsində maraqlıyıq. O ki, qaldı siz dediyiniz digər qurumlara, - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əlaqədar. Bu təşkilatların da Azərbaycan üzvüdür və üzvlük haqqımızdan istifadə edərək, şübhəsiz ki, biz bu təşkilatlarla müxtəlif layihələrin həyata keçirilməsini müzakirə edirik. O cümlədən, bu təşkilatlardankreditlər cəlb olunur və həm bilavasitə hökumət tərəfindən, həmdə hökumət zəmanəti ilə dövlətə məxsus şirkətlər kreditlər cəlb edir. Eyni zamanda son zamanlar bu təşkilatlar çox fəal şəkildə Azərbaycanda özəl sektorda layihələrin maliyyələşdirilməsini həyata keçirir. Hər üç istiqamətin inkişaf etdirilməsində biz maraqlıyıq. Şübhəsiz ki, bunun üçün səmərəli layihələr seçilməlidir, bu layihələrin uğurla və vaxtında icra olunması təmin edilməlidir.
- Bir çox ekspertlər yalnız neft sektorunda layihələrin həyata keçirilməsi üçün kreditalınması ətrafında söhbətlərin olduğunu qeyd edir. Buna münasibətiniz necədir?
- Hesab edirəm ki, bu əsassız iddiadır. Hal-hazırda bilirsiniz ki, Azərbaycan hökuməti tərəfindən dəstəklənən iri neft-qaz sahəsinə aid olan layihə Cənubi Qaz layihəsidir. Bu layihə təkcə region dövlətləri tərəfindən deyil, yəni söhbət Azərbaycan, Gürcüstan, Türkiyədən gedir və dəhliz layihəsi eyni zamanda Avropa Birliyi tərəfindən dəstəklənən bir layihədir. Eyni zamanda bu layihəyə ABŞtərəfindən də çox güclü bir dəstək verilir. Hesab edirəm ki, bu layihənin həyata keçirilməsi həm Azərbaycan, həm də region dövlətləri üçün vacibdir. Bu məqsədlə Azərbaycan hökuməti tərəfindən dövlət neft şirkəti və dövlət neft fondu vasitəsi ilə Cənubi Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün bu günədək kifayət qədər vəsait ayrılıb. Adətən bu kimi layihələrin maliyyələşdirilməsi müəyyən düstur əsasında həyata keçirilir. Yəni, layihənin dəyərinin təxminən 30-40 faizi layihəni həyata keçirən təşkilatın öz vəsaiti hesabına maliyyələşdirilir. Yerdə qalan 60-70 faizə qədər vəsait isə borc şəklində cəlb olunur. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən xüsusi bir şirkət yaradılıb, Cənub Qaz Dəhlizi şirkəti. Bu şirkət hökumət və Dövlət Neft Şirkəti tərəfindən yaradılmış bir şirkətdir. Bu şirkət vasitəsi ilə həmin Cənubi Qaz Dəhlizi layihəsində iştirak üçün müvafiq vəsaitlər artıq ayrılır. Yerdə qalan vəsaiti isə cəlb etmək üçün həmin şirkət tərəfindən maliyyə məsləhətçisi cəlb edilib, LAZA şirkəti. Həmin məsləhətçinin xidmətlərindən istifadə edilərək müəyyən borclanma strategiyası işlənib hazırlanıb ki, bunun əsasında müvafiq işlər aparılır. Bunun birinci mərhələsi olaraq, bildiyiniz kimi, bu ilin əvvəllərində həmin şirkət tərəfindən dövlət zəmanəti ilə xarici maliyyə bazarlarında bir milyard məbləğində avro bondlar yerləşdirilib. Bu yerləşmə uğurla baş verib. Eyni zamanda, bir sıra beynəlxalq maliyyə qurumları ilə əlavə vəsaitin cəlb olunması istiqamətində danışıqlar aparılır və bu beynəlxalq maliyyə qurumları sırasında siz istinad etdiyiniz qurumlar da var.
- Beynəlxalq Bankın özəlləşdirməyə hazırlanması ilə bağlı hansı işlər görülüb? Bu bank nə vaxt özəlləşdirməyə hazır olacaq?
- Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı ilkin mərhələdə bankın sağlamlaşdırılması istiqamətində işlər həyata keçirilir. Bu işlər Azərbaycan Respublikası prezidentinin sərəncamına uyğun olaraq həyata keçirilir. Sağlamlaşdırma tədbirləri çərçivəsində bankın problemli aktivləri bankın balansından çıxarılır. Bu çıxarılma da əsasən həmin problemli aktivlərin və həmin aktivlərlə bağlı girovların və girovlarla bağlı tələb hüquqları başqa bir quruma, - Aqrarkredit Qapalı Səhmdar Cəmiyyətinə satılır. Aqrarakredit Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bunlar alınaraq həmin problemli aktivlərin, belə deyək, idarə edilməsi həyata keçirilir və orada bunların satışı da nəzərdə tutulur. Bu işlər müəyyən bir vaxt aparacaq. Bu tədbirlər başa çatdıqdan dərhal sonra müvafiq maliyyə məsləhətçiləri, güman edirəm ki, bu işlərə beynəlxalq aləmdə nüfuzlu investisiya şirkətləri cəlb ediləcək. Beləliklə bankın özəlləşdirməyə açıq olması mümkün olacaq.
- Problemli kreditlər nə qədərdir? İndiyədək bankın problemli kreditlərinin nə qədəri qaytarılıb?
- Bilirsiniz, problemli kreditlərin qaytarılması üçün xüsusi tədbirlər görülür. Bu tədbirlərdə bəzi hallarda həm də hüquq mühafizə orqanları iştirak edir. Çünki, bəzi hallarda biz saxtakarlıqla, fırıldaqçılıqla üzləşmişik. Həmin müdaxilə nəticəsində təxminən 400 milyon manatadək vəsaiti qaytarılması təmin olunub. Digər vəsaitlərin qaytarılması üzrə bank tərəfindən iş aparılır. Bilirsiniz bank özü bu işlərlə məşğul olsa, bank fəaliyyəti ilə məşğul ola bilməyəcək. Məhz buna görə, beynəlxalq praktikaya uyğun olaraq problemli aktivlərin idarə edilməsi üzrə quruma verilməsi daha məqsədəuyğundur.