Şəfəqə Doğru » Gündəm » Jurnalist Masallının icra başçısı barədə prezidentə müraciət etdi: “Cinayətlər ört-basdır edilir”

Jurnalist Masallının icra başçısı barədə prezidentə müraciət etdi: “Cinayətlər ört-basdır edilir”

Jurnalist Masallının icra başçısı barədə prezidentə müraciət etdi: “Cinayətlər ört-basdır edilir”
7gun.az saytının rəhbəri, jurnalist Cavid Şirəliyev Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov barədə dövlət başçısı İlham Əliyevə müraciət edirb.

Shafaqadogru.com  Sozcu.az-a istinadən həmin müraciəti kiçik ixtisarlarla oxuculara təqdim edir:

Peşə fəaliyyətimlə bağlı bir ilə yaxın müddətdə apardığım müşahidələrə və Masallı rayon sakinlərindən aldığım məlumatlara əsasən ölkə başçısı İlham Əliyevə ünvanladığım müraciəti ictimaiyyətin diqqətinə çatdırıram.

Masallı rayonu da bu sahədə xüsusilə diqqəti cəlb edir. Masallıda İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun rəhbərliyi altında rüşvətxorluq və korrupsiya höküm sürür.

Masallı rayonu cənub bölgəsinin strateji məntəqəsidir. Zəngin təbii resurslara malikdir. Lakin son illərdə rayonda əhalinin sosial-iqtisadi problemlərlə üzləşməsi özünü qabarıq şəkildə biruzə verir. İnsanların kənd təssərrüfatı sahəsində işləmələrinə, müxtəlif sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına baxmayaraq, böyük çoxluğ yoxsulluq səviyyəsində yaşayır.

İdarə, müəssisə və təşkilatlarda məmur özbaşınalığı, vəzifə səlahiyyətlərindən sui-istifadə halları və vətəndaşların hüquqlarının davamlı olaraq pozulması adiləşmişdir.

Rayon ictimaiyyəti arasında gəzən söhbətlərə görə 2012-ci ildən Masallıya İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edlən Rafil Hüseynovun rəhbərliyi dövründə rayondakı problemlər və narazılıqlar daha da artmışdır.

Rayonda əhalinin məşğulluğu acınacaqlı vəziyyətdədir. Əmək qabliyyətli minlərlə gənc, həmçinin orta yaşlı insanlar işsizdir və təsadüfi qazanclara ümid edirlər. Yüzlərlə ailələr Masallı rayonundakı iqtisadi və sosial böhrandan xilas olmaq üçün Bakı şəhərində və xarici ölkələrdə yaşamağa məcbur olmuşlar.

Rayon sakinləri bildirir ki, əhalinin sosial müdafiəsini gücləndirməkdən ötrü tətbiq edilən orta və kiçik sahibkarlığın inkişafına dəstək layihələrinə görə Məşğulluq İdarəsinin direktoru İmamyarov Elsevər İsfəndiyar oğlu vətəndaşlardan məcburi qaydada rüşvət tələb edir.

Bundan başqa, Masallı rayon Mərkəzi Xəstəxanasında və digər səhiyyə müəssisələrində pulsuz tibbi xidmət demək olar ki, yoxdur. Kasıblıq və yoxsulluq həddində yaşayan yüzlərlə rayon sakini maddi imkansızlığa görə tibbi müayinə və müalicə hüququndan məhrum olmuşlar. Bəzi məlumatlarda Masallı rayon Mərkəzi xəstəxanasına dövlət büdcəsi vəsaiti hesabına ayrılan dəriman preparatlarının bir hissəsinin apteklərə satıldığı bildirilir. Səhiyyə müəssisələrinə ayrılan büdcə vəsaitlərinin bilavasitə Mərkəzi xəstəxananın baş həkimi Cəlil Nəzərovun rəhbərliyi altında təyinatı üzrə xərclənmədiyi və mənimsənilməsi barədə aidiyyatı instansiyalara edilən müraciətlər yoxlanılmadan nəticəsiz qalır.

Həmçinin rayonun təhsil sistemi də acınacaqlı vəziyyətdədir. Rayon təhsil şöbəsinə pedoqoji səriştəsi olmayan Tarıyel Əkbərov adlı təsədüfi bir şəxs rəhbərlik edir. Pedoqoji kollektivlərdə rayon təhsil şöbəsi rəhbərliyinin tapşırığı ilə müəllimlərin və texniki işçilərin əmək haqqlarından məcburi pul tutma halları barədə məlumatlar vardır. Bəzi valideyinlərin və müəllimlərin Təhsil Nazirliyinə etdiyi müraciətlərdə rayon təhsil şöbəsinin müdiri Tarıyel Əkbərovun özbaşınalığı və qanunsuz əməlləri nəticəsində məktəblərdə tədrisin səviyyəsinin aşağı düşməsi göstərilir. Ümumtəhsil müəssisələrində yaranmış anormal mühitdən ciddi narazılıqlar vardır.

Rayon ziyalılarından birinin məlumatına görə idarə, müəssisə və təşkilatlarda büdcə vəsaitlərinin mənimsənilməsi bilavasitə rayon rəhbərliyinin göstərişi ilə həyata keçirilir.

Rayonun sosial-iqtisadi inkişafı üçün ayrılan büdcə vəsaitləri təyinatı üzrə xərclənmədiyinə görə rayon mərkəzinin və bir çox kəndlərin yolları bərbad vəziyyətdədir.

Rayonda Ekologiya və Təbii Sərvətlərə münasibət qəbul edilən bütün hüquqi aktlarla daban-dabana ziddir. Meşələr və meşə zolaqları amansızcasına qırılıb satılır. Meşə zolaqlarında kommersiya məqsədilə obyektlər tikilir.

Heydər Əliyev adına Viləş Su Anbarının ekoloji təhlükəsizliyi qorunmur. Viləş Su Anbarının qorunma zolağı dağıdılıb qum və çınqıl istehsal edən müəssisələrə satılır. Bu isə gələcəkdə rayonda yaşayan 200 mindən çox əhalinin sel və su daşqınlarına məruz qalacağına səbəb olacaqdır.

Rayon sakinlərinin sözlərinə görə İcra Hakimiyyətinin Bsşçısı Rafil Hüseynov rayonu ekoloji fəlakətə sürükləyən kommersiya tipli fəaliyyət növlərinə şərikdir.

Rayon rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində uzun illərdən bəri yığılmış ağır sosial və iqtisadi problemlərin nəticəsi olaraq yeniyetmələr və gənclər arasında narkomaniyaya meyillilik hərəkətlərinin artması müşahidə olunur.

Rafil Hüseynovun rəhbərliyi altında bir çox cinayətlər ört-basdır edilmişdir. Belə ki, Rafil Hüseynovun oğlu Şahmar Hüseynov 2014-cü ilin yayında şəxsi avtomobili ilə Ərkivan qəsəbəsində 4 nəfərin ölümü və 1 nəfərin ömürlük şikəst qalması ilə nəticələnən ağır yol nəqiliyyat hadisəsi törətmişdir. Həmin cinayət hadisəsinin araşdırılması belə aparılmamışdır. 2018-ci ildə İcra Hakimiyyətinin Başçısının müavini Aybəniz Qafarovanın da oğlu idarə etdiyi şəxsi avtomobili ilə xidmətdə olan YPX əməkdaşını qəsdən vuraraq ona müxtəlif ağır bədən xəsarətləri yetirmişdir. Rafil Hüseynovun göstərişi ilə bu cinayət hadisəsinin də istintaqı aparılmamışdır.

Rafil Hüseynov rayon hüquq mühafizə orqanlarının vasitəsilə onun qanunsuz əməl və hərəkətlərinə qarşı çıxanları təqib etdirir, hətta şərlətdirib həbs etdirməkdən belə çəkinmir.

Rayondakı ictimai, sosial və iqtisadi problemlərdən, məmur özbaşınalığından ali hakimiyyət orqanlarına edilən müraciətlərə və şikayətlərə bütün hallarda mahiyyəti üzrə baxılmır, insanların şikayətlərinə baxılması və müvafiq tədbirlərin görülməsi qanunsuz hərəkətlərindən narazılıq etdikləri vəzifəli şəxslərə həvalə olunur. Bu da mövcud qanunvericiliyin tələblərinin kobudcasına pozulması ilə nəticələnir. Həmçinin həmin şəxslər təqib və təzyiqlərə də məruz qalırlar.

Milli Məclisin deputatları- Nəriman Əliyev və Elmira Axundova da rayondakı özbaşınalıqlardan və haqsızlıqlardan şəxsən məlumatlıdırlar. Lakin onlar da rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun aparatının yarıtmaz fəaliyyəti barədə məlumatların kənara çıxmamasında maraqlıdırlar. Deyilənlərə görə hər iki deputat şəxsi bizneslərinin hüdudlarını genişləndirməklə məşğuldurlar.

Masallı rayonundakı anormal idarəetmə mühiti insanların hüquq və azadlıqlarının pozulmasına, habelə, ictimai narazılığın daha da artmasına səbəb olub. Rayon sakinləri İcra Hakimiyyəti Başçısı Rafil Hüseynovun zülmündən qurtulacaqları günü səbirsizliklə gözləyirlər.

İctimaiyyətin və ziyalıların nümayəndələrinin də iştirakı ilə dövlət komissiyası yaradılarsa və Masallı rayonunda əsaslı yoxlamalar aparılarsa rayondakı dözülməz vəziyyətlə bağlı daha ilginc faktlar aşkarlanar və müraciətimdə göstərdiyim faktlar təsdiqini tapar..
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağam hazırıq!
Teref.az