Şəfəqə Doğru » Gündəm » Gədəbəyin başçısı belə komanda qurur... - İDDİA

Gədəbəyin başçısı belə komanda qurur... - İDDİA

Gədəbəyin başçısı belə komanda qurur... - İDDİA
 Gədəbəyin başçısı belə komanda qurur... - İDDİA
Gədəbəy Rayon İcra Hakimiyyətinin Qaradağ kəndi üzrə nümayəndəsi Cahangir Qasımovun aprelin 3-də başçı İbrahim Mustafayevin qəbulunda halını dəyişərək vəfat etməsi faktı ətrafında «Dəryaz» qəzetinin apardığı araşdırmalara hüquq-mühafizə və cinayət təqibi orqanlarından dəstək verilməməsi oxucularımızı məyus etmişdir. Mərhumun qardaşı Məmməd Qasımovun verdiyi açıqlamalar əslində ölüm həddinə çatdırma maddəsi ilə cinayət işinin başlanılmasına və icra başçısının məsuliyyətə cəlb olunması üçün ciddi əsas sayılmalı idi. Həmin açıqlamada bildirilirdi ki, mərhum ölümündən qabaq pul tədarükü görməkdə imiş və bu məqsədlə yaxın qohumlarından pul istəyib, sonra bankdan kredit də götürüb. Rayon ictimaiyyətinə o da məlum idi ki, başçı ilə nümayəndə arasında möhkəm mübahisə olub. İş o yerə çatıb ki, başçının nümayəndəni vəzifədən azad etməsi niyyətini həyata keçirməsinə kənd sakinlərinin RİH — nin inzibati binası qarşısında etiraz aksiyası keçirməsi mane olub. Bundan sonra başçı onu yanına çağıraraq «bağışlayıb» və möhkəm danlayıb. Xərcə-borca düşməsinin ardından üstəlik həqarətli davranışla üzləşməyi isə mərhumun ürəyini çatladıb. O da bəllidir ki, başçı ilə nümayəndəsinin arasındakı nəhayətdə faciə ilə nəticələnən münasibətlərin «tənzimlənməsində» rayon rəhbərinin Bakıdan özü ilə gətirdiyi sadiq kadrı Əkbər Kazımovun «xüsusi xidməti» olub.

Yeri gəlmişkən, onu da qeyd edək ki, rayona təzə gələndə ilk baxışdan mədəni, dövlət qulluqçularının etik davranış kodeksinə ciddi əməl edən şəxs təsiri bağışlayan RİH başçısının əsl siması tezliklə özünü göstərdi. Aparat işçiləri ilə xoşagəlməz davranışı diqqət çəkməyə başladı. İşə başlayan kimi rayonda öz işinin mahir bilicisi olan 20 nəfərə yaxın rəhbər işçini vəzifəsindən kənarlaşdırdı. Özünə yeni komanda, yalnız zəngin məmurlardan ibarət bürokratiya maşını formalaşdıran başçının bu yarıtmaz kadr siyasətinə qurban getməmək, vəzifəni qorumaq üçün ya ölmək, ya sakitcə vəzifədən gedib yerini daha pullu, tələbləri ödəyən namizədə təhvil vermək, ya da «xirtdəyəcən» banka borclu düşərək təhqirlərinə dözmək lazımdı. Buna misal olaraq Gədəbəydə az qala hamının bildiyi bir hadisə xatırlanır. Ağsaqqal bir dövlət qulluqçusunu yanına çağırıb. Oturmasını işarə edib. Həmin şəxs əyləşib. Başçı soruşub: «Sənə kim dedi otur». O da cavab verib: «Siz». Bu dəfə başçı başqa söz deyib: «İndi isə deyirəm qalx». Və həmin ağsaqqalı öz hüzurunda xeyli ayaq üstə saxlamaqdan zövq alıb…

İndi isə keçək başçının sədaqətli kadrı, Gədəbəy RİH-nin Kommunal Müəssisələr Kombinatının direktoru Əkbər Kazımovun sərgüzəştlərinə. Belə görünür, başçı onu özü ilə zibil təmizləməyə deyil, yerli məmurların ciblərini təmizlətməyə gətirib. Feyzbuk şəbəkəsindəki dostlarımızdan biri Mamedali Ceferov yazıb ki, Gədəbəy şəhərində gündüz saat 11-ə kimi zibil daşınmır.

Gədəbəyin başçısı belə komanda qurur... 

Qəsəbə və kənd icra nümayəndəliklərində son vaxtlar təmizlik işinə 7-8 ştat kadr ayrılsa da, vəziyyətin müsbətə doğru dəyişdiyi müşahidə olunmur. Gədəbəyin Şınıx kənd sakini olan bir süpürgəçi qəzetimizin əməkdaşına deyib: «Əkbər Kazımov vəzifə başına gələndən bizim günümüzü qara edib. Təzə vaxtı İcra Nümayəndəsinin əli ilə hərəmizdən 100 manat pul yığdırdı. İndi də adambaşına 50 manatdan yığdırır. İcra Nümayəndəsi deyir mən sizdən ötrü işdən çıxmalıyammı? Gərək siz verəsiniz ki, mən də «yuxarı» ötürüm. Qayda qoyub ki, xadimələr hər həftənin təyin olunmuş günü rayon mərkəzinə — idarəyə iclasa toplaşsınlar. Təsəvvür edin, ayda dörd-beş dəfə 45 kilometr məsafədə yerləşən Şınıx kəndindən ucuz ictimai nəqliyyatın olmadığı halda rayon mərkəzinə taksi ilə gedib-qayıtmaq 165 manat maaş alan fəhlə üçün nə deməkdir. Az qala bütün qazancımızı yola xərcləyirik. Şınıxın baş tərəfində zibil konteynerləri olmadığından, məcbur olub zibili çaya tökürlər. Sonra da həmin zibil axıb çayın aşağı tərəfində ilişib qalır ki, bunu da təmizləmək bizim üstümüzdə qalır».

Bu və digər məlumatlara münasibətini öyrənmək üçün Əkbər Kazımova zəng etdik. Cavabı nə olsa yaxşıdı: «Bilmirəm, bu «Dəryaz» bizdən nə istəyir… Gedin, nə istəyirsiz, yazın». Sonrakı zənglərimizi də götürmədi. Ertəsi gün, yəni, may ayının 9-da 2 kəndin icra nümayəndəsi və bizə məlumatı vermiş süpürgəçilər redaksiyamıza zəng vurub başılovlu bildirdilər ki, bəs «bu nə oyundu başımıza gətirdiniz, bayramın günündə Əkbər Kazımov bizi yenə iclasa yığdı, indi aramızda «şpion» axtarır, «tövbə keçisi» kim olacaq — bilinmir».

Aldığımız son məlumata görə, hazırda zibili «nümunəvi tərzdə» təmizlənən yeganə yer Əkbərin Qızıl Torpaq kəndiində özünə villa tikdirmək üçün seçdiyi geniş ərazidir. Bu barədə oxucularala irəliləyən görüşlərimizdə ətraflı məlumat verəcəyik.