Şəfəqə Doğru » Gündəm » "Polis jurnalist xanımı elə vurdu ki, döşəməni islatdı" - Gəncə məhbusu

"Polis jurnalist xanımı elə vurdu ki, döşəməni islatdı" - Gəncə məhbusu

"Polis jurnalist xanımı elə vurdu ki, döşəməni islatdı" - Gəncə məhbusu
"Gəncə hadisəsinin hamısı başdan-ayağa qurama bir işdir və mənim kimi sadəlövh insanlar qurban verildik”

"... Mən bir neçə nəfərin eyni istiqamətdə qaçdığını gördüm, nə baş verdiyini anlamadım və qeyri-ixtiyari mən də həmin istiqamətdə 8-9 addım qaçdım, lakin öndə qaçan qara paltarlı bir nəfərin, adı mənə sonra məlum olan Rəşadın, əlində qılınca bənzər bir şey gözümə sataşdı və həmin oğlanın polislər tərəfə qaçdığını gördükdə, onun niyyətinin pis olduğunu anladım və qorxub geri çəkildim, dərhal ordan uzaqlaşdım, camaat arasında gərginlik yaranmağa başladı və bu üzdən də mən evə getməyə tələsdim”.

Bu sözləri 2018-ci ilin 10 iyulunda Gəncə hadisəsinə görə həbs edilmiş Elmir Natiq oğlu Hüseynzadə ailəsinə göndərdiyi məktubunda yazıb. 

Valideyinləri həmin məktubu "vetenugrunda.az” saytına təqdim ediblər.

"Polislər qadını döyüb, söyürdülər”

Məhbus məktubunda yazır ki, evə doğru gedəndə, meydanın yaxınlığında olan "Şah Abbas” məscidinin parkında onu iki nəfər mülki geyimli şəxslər saxlayıb və Nizami Rayon Polis İdarəsinə gətirib:

"Həmin günü Nizami RPİ-də adam əlindən tərpənməyə yer yox idi, məni və digərlərini, qadın - uşaq fərq qoymadan, hamını polis idarəsinin dəhlizində üzü divara, dizi üstə, əlimiz başımızın arxasında saxlayırdılar, aramızda 33-35 yaşında bir qadın, yanında 6-7 yaşlı oğlu var idi. Qadın ayaq üstə qalxdı və polisə üz tutub dedi ki, mənim ayaqlarım ağrıyır, dizüstə dura bilmirəm, qoy ayaq üstə durum. Qəfildən polis qadını vurdu və alçaldıcı, küçə söyüşlərilə təhqir edərək, onu döyməyə başladı. Həmin vaxt mən dəhlizin orta hissəsində idim, qadının yaxınlığında olan 5-6 nəfər oğlan uşaqları, 1-2 nəfər kişi xeylağı ayağa durdular ki, qoymasınlar qadını döyməyə, lakin polis nəfərlərin sayı çox olduğundan bunları da ağızlarından qan gələnə kimi döydülər, uşağın çığırtısı ürək ağrıdırdı, mən qorxu, həyacan və dəhşət içində idim, ürəyim elə çırpınırdı ki, sanki çölə çıxacaqdı, həyatımda belə şeylər görməmişdim, burada qadın - uşaq demir, böyük - kiçik fərq qoymur, hamını amansızcasına döyürdülər.

Bir nəfər 22-23 yaşlı xanım, çox güman ki, müxbir idi, yanında da bir nəfər əlində kamera olan cavan oğlan döyülə-döyülə bizim yanımıza – dəhlizə gətirildilər. Xanım başladı polislərə deməyə ki, siz etdikləriniz qanunsuzdur, belə etməyin və sair, bu kimi sözlər, həmin an iki əməliyyatçının biri xanıma tərəf, o biri isə həmin oğlana tərəf yaxınlaşdı. Biri xanımı təpiklə çox bərk vurdu. Elə vurdu ki, xanım qalxıb divara dəyib yerə yıxıldı və qeyri-ixtiyari sidik ifrazı etdi, kafelli döşəməni batırdı. Polislərin onun işiyib batırmasına lağ edib gülməklərindən anladım orada nə baş verdiyini. Cavan oğlanın isə başından, üzündən vargücləri ilə vururdular, üzü-gözü qan içində idi”.

"Türkiyə vətəndaşını "abi, abi” deyib lağa qoyaraq söyürdülər, döyürdülər”

Elmir Hüseynzadə yazır ki, 10 dəqiqə sonra hamını dəhlizin sağ tərəfindən sol tərəfinə keçiriblər və yenə həminki qaydada dizi üstə, əlləri başlarının arxasında, üzləri divara sarı düzüblər:

"Təxminən 15-20 dəqiqə keçmişdi, dəqiq xatırlayıram ki, bir Türkiyə vətəndaşı var idi, onu 12-14 nəfər eyni zamanda amansızcasına döyürdülər "abi, abi” deyib lağa qoyaraq söyürdülər, "...nəyə gəlmisən, bura çeviriliş etməyəmi gəlmisən, nə etmək istəyirdin?” deyə-deyə döyürdülər, o da cavabında "...işimlə bağlı burdayam, ailəmlə gəlmişəm, mənim heç nədən xəbərim yoxdur...” söyləyəndə onu döyənlər sanki daha da azğınlaşıb əvvəlkindən daha da bərk döyürdülər. Dəhlizin digər tərəfində başqa bir dəhşətli mənzərə var idi: mayor rütbəli, lakin mülki formada bir hərbçini yerdə uzanıqlı vəziyyətdə sillə, yumruqla döyürdülər, döyə-döyə deyirdilər ki, niyə işdə deyilsən, nəyə gəlmisən bura, nə etmək istəyirdin.

Aradan bir müddət keçdi, lakin bizi dizi üstə yerdə həmin qaydada durmağa məcbur edirdilər, hamımızı ara-sıra döyürdülər, digər dəhlizdən ara-sıra səslər gəlirdi, işgəncə səsləri idi, səslərdən adamı vahimə basırdı, qorxu və dəhşət bürüyürdü. Bir nəfər mülki geyimli şəxsə, - belə anladım ki, polis işçisinə - telefon zəngi gəldi və o qışqıraraq "...necə yəni öldülər?! Bu boyda hazırlıq, bu boyda qüvvə - öldülər nədir?! Bunların var-yoxunu (söyüşlər)...” telefonu söndürəndən sonra həmin şəxs bizə tərəf dönüb qəzəblə baxdı, sanki gözlərindən od püskürürdü... ağına-bozuna baxmadan hardan gəldi, kimi gəldi başladı qəzəblə, şiddətli döyməyə, bütün idarədəki polis işçiləri tökülüşdülər, qoşuldular bir-birinə və bizim hamımızı amansızcasına sillə, yumruq, təpik, dəyənəklə başladılar döyməyə. Biz artıq yerdə uzanıqlı vəziyyətdə döyülürdük, mənim özümü 4-5 nəfər eyni zamanda 15-20 dəqiqə döydülər, döyülən şəxslərdən bir nəfərin səsini eşitdim: "...niyə vurusunuz məni, ermənisinizmi döyürsünüz?” Bu sözə görə daha da azğınlaşıb vəhşicəsinə döydülər həmin oğlanı, o qədər döydülər ki, onun səsi çıxmadı, ancaq ciyilti eşidilirdi, həmin ciyiltili səs 3 ay mənim qulağımdan getmədi”.

"Bizi Tovuza apardılar”

Məhbus yazır ki, həmin gecə onunla birgə daha 10 nəfəri ayırıb harasa aparıblar:

"İdarənin qapısından darvazasına kimi polislərdən canlı sədd düzmüşdülər, biz keçəndə hər duran polis bizi qəzəblə qəddarlıqla vururdu, kimisi təpiklə, kimisi yumruqla, kimisi dəyənəklə, kimisi radiostansiyanın (ratsiyanın) arxasıyla, üstümüzə tüpürürdülər, söyürdülər. 5 nəfər olmaqla bizi 2 "Mercedes-Sprinter” markalı maşına mindirib Tovuz RPŞ-nə apardılar. Yolda gedərkən bizə oturmağa icazə vermirdilər, döyərək bizi ağzı üstə yerə uzatdılar, Tovuza çatana kimi dəyənəklə, təpiklə, şapalaqla, ratsiyanın arxasıyla vururdular. Mənim başımın arxasından o qədər vurdular ki, burnumdan qan açıldı, birtəhər çöməldim, bunu görən sürücü polislərə dedi ki, maşının içini qan etməyin, bu zaman polis saçımdan tutaraq, başımı dizimə vurub, burnumun qanını şalvarımın dizinə sürtməyə başladı.

Tovuza çatanda bizi polis şöbəsinin zirzəmisinə saldılar. Orada gördüm ki, bizimlə birgə yetkinlik yaşına çatmayan 2 nəfər də gəlib, onlar da döyülmüş halda idilər, üst-başları, üz-gözləri çox pis gündə idi. Zirzəmidə də bir neçə dəfə girib döyüb çıxırdılar. Beləliklə, səhər üzümüzə açıldı. Artıq 15-16 saat idi ki, bizə nə yemək, nə də su verirdir, heç bir tibbi yardım göstərilmirdi, vəziyyətimiz çox pis idi. Səhər bir nəfər gəldi, çox güman ki, müstəntiq idi, yanında da sənəd gəzdirən və yazanlar vardı. Yetkinlik yaşına çatmayan uşaqlardan biri qəfldən titrəyib huşunu itirib yerə yıxıldı, onun üzünə su vurdular, birtəhər ayıltdılar, rəis göstəriş verdi ki, bunlara su alıb versinlər, bundan sonra biz nəhayət ki, su içdik.

"Gecə 22.00-dək uzanmağa qadağa qoydular”

Sonra bizi Gəncə Nizami Rayon Məhkəməsinə gətirdilər, mənim barəmdə 20 sutka inzibati həbs qətimkanı seçildi, vəkilim yox idi, dəfələrlə hakimə dedim ki, məni döyüb öldürürdülər, ailəmlə əlaqə saxlamağa şərait yaradılmır, doğmalarım məndən nigarandır, məni axtarırlar, saxlandığım yerdə ağzımı açıb nəsə deyən kimi məni söyüb döyürlər, səsimi kəsməsəm, öldürməklə hədələyirlər. Mənim döyülmüş bədənim özü öz sözünü deyirdi, hər yerim pis gündə idi, lakin hakim nə dediklərimə, nə də gördüklərinə məhəl qoymadı, öz qərarını oxuyub getdi, və məni yenidən Tovuz RPŞ-nə qaytardılar, müvəqqəti saxlanma yerinə saldılar. Saat günorta 4-5 arası idi mən kameraya girəndə, 4 nəfərlik yer idi, mənim bütün bədənim ağrıyır, sızıldayırdı, ac və susuz, yuxusuz idim. Uzandım ki, bir az dincələm, lakin 5 dəqiqə keçməmiş əllərində dəyənək 5-6 nəfər polis işçisi söyüş söyə-söyə içəri daxil oldu, sən demə, otaqda video-müşahidə kamerası var və bunlar mənim uzandığımı görüb gəliblər. Mən qorxudan səsimi çıxartmayıb küncə sıxıldım, onlar mənə tərəf gəldilər, məni yataqdan qaldırdılar, 5-6 dəfə vargücləri ilə vurdular və saat 22:00-dək uzanmağıma qadağa qoydular, mən qorxumdan dedikləri kimi edirdim.

Səhər saat 8-dən qaldırırdılar, axşam saat 22:00-dək uzanmaq olmaz, gün ərzində 10-15 dəqiqə hava almağa çıxarırdılar”.

"Növbə və fasilələrlə 3-4 saat ərzində bizi döyürdülər”

Elmir Hüseynzadə yazır ki, iyulun 20-də, inzibati cəzanın 10-cu günündə onu Gəncəyə aparıblar, əvvəlcə Kəpəz RPİ-nin müvəqqəti saxlanma yerinə, 1-2 saatdan sonra isə, təxminən saat 6 radələrində Nizami RPİ-nin rəisi Ədalət Sadıxovun otağına gətiriblər:

"Orada 6-7 nəfər mülki geyimdə işçilər oturmuşdu, rəis video-görüntü nümayiş etdirdi və orada məni göstərib soruşdu ki, bu sənsən. Mən də dedim ki, bəli, ikinci sözü ağzımdan çıxartmağa qoymadı, başladı özü məni döyməyə, sonra göstəriş verdi ki, bunu da onların yanına aparın. Məni işığı zəif olan bir otağa saldılar, içəri daxil olan kimi badalaq vurub yerə yıxdılar, ayağımı, əlimi skoçla bağladılar, gözlərimə paqon qoyub skoçladılar, məni döyməyə başladılar, onlar 8-9 nəfər olardı, ayağımdan çəkələyi çıxarıb oturacaq stola diriyib ayağımın altına dəyənəklə var gücləri ilə vururdular, iki nəfər iri gövdəli adam, kürəyimə çıxıb tapdalayıb əzirdi (mənim cəmi 50-55 kq çəkim var), döyməkdən yorulmurdular, növbə və fasilələrlə 3-4 saat ərzində bizi döyürdülər, həm döyür, həm də söyürdülər, təhqir edirdilər, bir anlıq huşum gedib-gəlirdi, nəfəs ala bilmirdim, sonra məni və mənimlə bir qandala vurulmuş Asif Cavadovu Kəpəz RPİ-nin müvəqqəti saxlanma yerinə gətirdilər.

Orada da Asiflə məni iki nəfər, mayor və serjant rütbəli işçilər döyürdülər, gecəyarısı ara-sıra ayrı-ayrı şəxslər otağa daxil olub, bizi döyüb gedirdilər. Səhər bizi yenidən Nizami RPİ-nə gətirdilər, 4 nəfər idik - Şahin Verdiyev, Mirzə Hüseynov, Asif Cavadov və mən. Orada müstəntiq Orxan Babayev ifadəmi aldı və imzalamağa verdi, oxuyanda gördüm ki, izahatda əlavə olaraq törətmədiyim şeylər qeyd edilib, imza etməkdən imtina etdim, onda gördüm ki, müstəntiq otaqdan çıxdı və otağa iki nəfər mülki geyimli, iribədənli şəxs daxil olub üstümə gəldilər, dəhşət məni bürüdü, "...yenə döyəcəklər...” düşündüm və onlar doğrudan da, məni top kimi ora-bura çırparaq amansızcasına döydülər, ağzım-burnum qan içində idi, ayaqyoluna üzümü yumağa apardılar, lakin orada da məni döydülər, başımı "rakovina”ya vura-vura, yumruq, təpik, sillə vurub, söyüşlər söyə-söyə məni alçaldıb döyürdülər, başım kafelli divara dəyəndə gözlərim qaralıb sanki huşumu itirmiş kimi olurdum, ağır gövdəlilər kürəyimi, belimi o qədər əzmişdilər ki, artıq zərbələrə tab gətirə bilmirdim, nəfəsin sanki kəsilirdi, elə bilirdim ki, öləcəm, burdan sağ çıxmayacam... Yekunda mən məcbur qalıb yalançı və qurama izahata imza atdım, əlavə də mənə yazdırdılar ki, "ifadəmi öxudum, öz sözlərimdən düzgün yazılıb, düzgünlüyünü öz imzamla təsdiq edirəm...". Elə vəziyyətdə idim ki, artıq mənim üçün heç nəyin fərqi yox idi, nə aydın düşünə bilirdim, nə də sağ qalmağıma ümidim vardı...

İzahatım hazır olandan sonra dövlət tərəfindən təyin edilmiş Hidayət Məmmədov adlı vəkil gəldi, mənim döyülmüş, qan içində olmuş vəziyyətimi o da gördü, izahata imza atmaq istəmədi, bu an müstəntiq əsəbindən vəkilin üstünə şığıdı, xirtləyindən tutub divara dirədi, yumruğunu sifətinin qarşısında qıcayıb hədələdi ki, "...nətər yəni qol çəkmirsən? Çək sənə deyirəm!” Vəkil dedi ki, mənə hədə-qorxu gəlməyin, imza atmayacağam, bu sözlərdən sonra mən sanki bir ümid işığı gördüm, lakin müstəntiq vəkildən əl çəkib kiməsə telefon zəngi etdi və dəstəyi vəkilə ötürdü, onu gördüm ki, vəkilim əli-ayağı əsə-əsə izahatıma və digər zəruri sənədlərə qol çəkib getdi... ancaq bir fikir keçdi ağlımdan "vəssalam, məni yüklədilər, torbamı da tikdilər”...

"Cinayət materialları ilə yalnız istintaq bitəndən sonra tanış ola bildim”

Bundan sonra onu Nizami Rayon Məhkəməsinə aparıblar və barəsində 4 ay həbs-qətimkan tədbiri seçiblər. Daha sonra Gəncə 2 saylı İstintaq Təcridxanasına gətiriblər:

"Oranın işçiləri məni və mənimlə birgə gələnləri döydülər, sonra "kars”a saldılar, 4 gün orda qaldıq, yalnız krandan gələn suyu içirdik, 2 dəfə bizə eləcə çörək verdilər, ağrıdan onsuz da heç nə yeyə bilmirdim. İyulun 24-də, axşam saatlarında bizi "kars”dan çıxardılar və Bakı İstintaq Təcridxanasına göndərdilər. Saxlandığım 8 ay ərzində nə ailəmlə əlaqə saxlaya, nə də görüşə bilmişəm, görüş və telefon danışıqlarıma qadağa qoyulub, vəkilim də heç nə edə bilmirdi. Cinayət materialları ilə yalnız istintaq bitəndən sonra (8 aydan sonra) tanış olmağa icazə verdilər, mən hansı maddələrlə ittiham olunduğumu yalnız 2 dəfə həbs-qətimkanı sanksiyasını alanda bilmişəm, amma hansı əməllərimə görə bu ittihamlar mənə qarşı sürülüb, bu günə kimi anlaya bilmirəm.

"Hadisəni tərədən Rəşadı öldürdülər…”

Həbs qərarı sanksiyasının artırılması ilə bağlı keçirilən məhkəmədə, "boks” deyilən yerdə, mənimlə birgə şəmkirli oğlan var idi, onunla bir az söhbət etdik. O dedi ki, hadisəni törədən Rəşad Böyükkişiyev onun evində gizlənib, Şəmkir rayonun Morul kəndində və Rəşadı evdə sağ-salamat tutublar, onu tutandan sonra adamın evə gəlməyini gözləyblər və o, evə girən kimi tutublar. Ondan sonra Rəşadı öldürdülər, adını da qoydular ki, güya silahlı müqavimət göstərib və s... Bu eşitdiklərimdən sonra mən tam əminliklə anladın ki, bu Gəncə hadisəsinin hamısı başdan-ayağa qurama bir işdir və bu işdə mənim kimi sadəlövh insanlar qurban verildik. Xocalıda ermənilər millətimizə verdiyi zülmü mənə və tutulan bütün şəxslərə Nizami RPİ-də və digər yerlərdə verdilər, düşmən bizim başımıza belə oyun açanda bunu hardasa başa düşmək olar ki, bu düşməndir, amma özümüzünkülərin bizə qarşı belə qəddarlıq və vəhşilik etməsi heç bir ağıla, məntiqə sığmayan haldır”.

Məhbus daha sonra yazır: "Bir ildən artıqdır ki, həbsdəyəm, heç nədən kimlərinsə çirkli siyasi oyununun qurbanına çevrilmişəm, 24 illik həyatımda görmədiyim çirkabları mən təcrid olunduğum yerlərdə görürəm. Bu yerlər məni fiziki və mənəvi olaraq məhv edir, mən hər günümdə psixoloji sarsıntı keçirirəm, əgər belə davam etsə, sabahsı gün mən nə cəmiyyətimizə, nə də anama layiqli oğul ola bilməyəcəm, bu çirkab mənu udacaq... Anam gözümün önünə gəlir. Bir ildən çoxdur sən də iztirablar çəkirsən mənə görə, sənə dərd verdiyim üçün bağışla məni, belə olmasını istəməzdim...

2019-cu ilin mart ayının 14-dən mənim məhkəmə proseslərim başlayıb və bugünədək davam etməkdədir. İşim Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun icraatındadır, lakin məhkəmə iclasları hər həftə Bakı Sabunçu Rayon Məhkəməsində keçirilir, mənim valideynlərim Gəncə-Bakı-Gəncə yollarında qalıblar, iztirablar, mənəvi yorğunluq və maddi sıxıntılar yaşayırlar. Mən haqqın və ədalətin sorağındayam”.