Şəfəqə Doğru » Gündəm » Vergilər nazirliyi oliqarxlara qarşı... HƏRƏKƏTƏ KEÇDİ

Vergilər nazirliyi oliqarxlara qarşı... HƏRƏKƏTƏ KEÇDİ

Vergilər nazirliyi oliqarxlara qarşı... HƏRƏKƏTƏ KEÇDİ
"Relax" İstirahət Mərkəzində baş verənlər quldurluq faktıdır. Bu öz yerində. Ancaq məsələ bundadır ki, hətta "Relax"-ın deputat sahibini müdafiə edənlər də tapıldı - guya "Relax" vergidən yayınan yeganə obyekt deyil-filan. On milyonlarla dövriyyənin fonunda büdcə cəmi 972 manat ödəyənə dolayısı ilə haqq qazandırmaq, oğruya haqq qazandırmaqdan başqa bir şey deyil.

Ötən il Vergilər Nazirliyinin rəhbərliyi bir qrup eksperti görüşə dəvət etmişdi. Görüşdə mən də iştirak edirdim. 2 təklif verdim. 1-ci təklif: Qeyri-neft sektorunda yığılan vergilərin 83 faizi 8 iri dövlət müəssisəsinin (SOCAR, "Azərenerji", "Azərişıq", Rabitə Nazirliyinin müəssisələri, "Azərsu", AzAL, Azərbaycan Dəmir Yolları, Xəzər Dəniz Gəmişliyi) payına düşür. Qalan 17 faiz isə özəl sektorun payına düşür. Buraya isə nəhəng holdinqlər, dövriyyəsi yüz milyonlara, hətta milyardlarla ölçülən nəhəng şirkətlər daxildir. Yəni faktiki vergi daxilolmalarının həcmi vergi potensialından çox azdır. Təklif etdim ki, kiçik və orta biznesi çıxmaq şərti ilə iri biznesi vergi öhdəlikləri ilə bağlı tədbirlər gücləndirilsin. 2-ci təklif: Hər ilin əvvəlində qeyri-neft sektoru üzrə ən çox vergi ödəyən 100 özəl şirkətin adı açıqlansın, milyonerlər rəsmiləşsin. Əslində hər iki təklif bir-birini tamamlayır.

İndi Vergilər Nazirliyi büdcə öhdəliklərini yerinə yetirməyən iri şirkətlərə qarşı tədbirlərə başlayıb. Bu yaxınlarda vergi müfəttişləri ölkənin 2 ən nəhəng Ticarət Mərkəzi olan "Binə" və "Sədərək"-də xronometraj keçirib və bəlli olub ki, ödənilən vergi potensialının çox cüzi bir hissəsədir Təbii ki, normal prosesdir və təqdir olunmalıdır. Özü də söhbət təkcə istirahət və ya ticarət mərkəzlərindən getmir. Məsələn, mənə maraqlıdır ki, Bakının az qala hər rayonunda yaşayış kompleksləri tikən tikinti şirkəti və yaxud da hər massivdə fəaliyyət göstərən supermarketlər şəbəkəsi büdcəyə nə qədər ödəyir? Bu rəqəmlər ictimaiyyətə açıq olmalıdır.

Başqa tərəfdənsə, bu ilə maaş, pensiya və müavinətlərin ciddi artımları oldu. Təxmini hesablamalara görə, gələn ilin dövlət büdcəsində sosial xərclər ən azı 3 milyard manat çox olacaq. Bəs xərclər hansı mənbə hesabına qarşılanmalıdır? Təbii ki, vergi potensialını büdcəyə cəlb etmək yolu ilə. Bu həm də gəlirlərin yenidən bölüşdürülməsi deməkdir. Bu baxımdan Vergilər Nazirliyinin bu istiqmətdəki səyləri normaldır, buna müqavimət göstərən obyekt sahibləri isə qanun çərçivəsində çəzalandırılmalıdır - kimliyindən asılı olmayaraq. \\istiqlal.az\\