Şəfəqə Doğru » Gündəm » Sahil Babayevin zəif düşürdüyü SOSİAL MÜDAFİƏ ÇƏTİRİ... - İTTİHAM

Sahil Babayevin zəif düşürdüyü SOSİAL MÜDAFİƏ ÇƏTİRİ... - İTTİHAM

Sahil Babayevin zəif düşürdüyü SOSİAL MÜDAFİƏ ÇƏTİRİ... - İTTİHAM
Redaksiyamıza Rauf Camalov adlı oxucumuz bu gün sosial müdafiə sistemində cərəyan edən neqativləri araşdıran yazısını yollayıb. Bu yazını Shafaqadogru.com olaraq Teref.infoya isdinadən  olduğu kimi oxucularımıza təqdim edirik:

"1 il 6 aydır Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziridir. Bu müddət ərzində sosial müdafiə sahəsində müsbət dəyişikliklər baş veribmi? Bu suala qətiyyətlə yox cavabını vermək mümkündür, çünki nə baş veribsə ya mənfiyə olub, ya da imitasiya xarakteri daşıyıb. İndi isə ötən dövr ərzində ayrı-ayrı istiqamətlər üzrə Nazirliyin fəaliyyətini nəzərdən keçirək.

1. Ünvanlı sosial yardım. Bu sahədə vəziyyət əvvəlki dövrlərdən də pis olub. Əgər əvvəllər kasıb insanlar bu yardımı ala bilirdilərsə, Sahil Babayevin dövründə bu faktiki olaraq mümkünsüz bir işə çevrilib. Güya elektron müraciətin tətbiqi şəffaflıq yaradıb. Əslində isə qeyd olunan mexanizmlə bu sahədəki rüşvət mərkəzləşdirilib. Yenə əvvəlki kimi yardımın 6 ayı insanlar mənimsənilir. Proses necə baş verir? Vətəndaş min bir çətinliklə sənədlərini elektron müraciətin qaydalarına uyğunlaşdırdıqdan sonra elektron qaydada müraciət edir, sənədləri sistemdən keçir. Hər şey bundan sonra başlayır. Sahil Babayev işçilərini həmin vətəndaşın evinə göndərir. Zamanında Səlim Müslümov 5 il pafosla elan edirdi ki, bəs elektronlaşma olandan sonra məmur vətəndaş əlaqəsi kəsiləcək. Əksinə oldu. Əgər əvvəllər işçilər vətəndaşlarla rüşvət məsələlərini çəkiliş kameralarının olduğu idarələrdə danışırdılarsa, indi gedib evində, küçədə daha rahatlıqla danışır. Sahil Babayev də bu mexanizmi var gücü ilə öz xeyrinə davam etdirir.

İşçi vətəndaşın evinə gedib, yardımın təyin olunmaması üçün mütləq bir qondarma bəhanə tapır və vətəndaşa imtina verilir. Bundan sonra vətəndaşa təklif olunur ki, bəs yardım almaq istəyirsənsə, sənədləri ver biz sənin adından elektron müraciət edək, buna görə yardımın 6 ayını bizə verərsən. Naəlac qalan vətəndaşın bununla razılaşmaqdan savayı bir yolu qalmır. Əvvəllər olduğu kimi Sahil Babayev hər ay bu pulları işçilərdən toplamır. Məhz buna görə güya Sahil Babayev DSMF-nin rayon şöbələrindən rüşvət toplamır fikiri səsləndirilir. Əslində isə bu belə deyil. Həmin yığılan pullar Sahil Babayevin nazirliyində daxili nəzarət şöbəsinin müdiri, rüşvət toplama işində asi olan, topdağıtmaz, baş rüşvəttoplayan Heybət İmanov tərəfindən rayonlara göndərilən yoxlamalar zamanı artıqlaması ilə toplanır. Ad olur güya korrupsiya aradan qaldırılıb, amma əksinə daha da artıb.

2. Əlilliyin təyinatı sahəsində. Bu sahədə də vəziyyət əvvəlki dövrlərdən daha da pisləşib. Faktiki olaraq insanlar əlil olduğu halda onu rəsmiləşdirə bilmirlər. Sahil Babayev süni şəkildə insanların bu hüquqlarını əllərindən alıb. Bununla özünə yuxarıların yanında xal toplamaqla məşğuldur. Əlilliyin təyinatını 40-50% aşağı salmaqla büdcədən bu sahəyə ayrılan vəsaitə qənaət etdiyini hər vəclə bildirməklə hakimiyyətə özünü bomba oğlan kimi sırıyır. Əslində isə bununla hakimiyyətə bir nömrəli təhlükə mənbəyi rolunu oynayır. Bu qədər insanı hakimiyyətdən narazı salmağının mənfi fəsadları yəqin ki, zamanı gələndə bomba kimi partlayacaq. Bax onda Sahil Babayevin hakimiyyətə ayı xidməti göstərdiyi məlum olacaq.

3. Özünəməşğulluq sahəsində. Bu sahədəki vəziyyətin nə qədər bərbad olmasından bütün insanlar xəbərdardır. Sahil Babayevin qotur inək siyasətinin iyi bütün ölkəni bürüyüb. Təsadüfi deyil ki, Səlim Müslümov ölü canlar, 6 ay, Sahil Babayev isə qotur inək ayamaları ilə xatırlanır. Yazının sonunda təqdim olunan şəkillər Nazirliyin rəsmi feys səhifəsindən götürülüb. Bunlar hələ ən yaxşıları sayılır ki, onları öz səhifələrində yerləşdiriblər. Daha bərbad olanlar barədə isə internetdə kifayət qədər informasiya və video var. Dövlətin hər bir inəyə görə ayırdığı 2500 manatın 500-600 manatını xərcləyən Sahil Babayev qotur inəklərlə insanların başını qatır. Qalan 2 min manatı isə rahatca cibinə qoyur. Beləcə təkcə bu sahədən hər ay milyonlarla manat qazanır. Yaxşı olar hakimiyyət bu sahəni müstəqil qrumlara yoxlatdırsın, onda çox şeylər ortaya çıxar.

4. İşə qəbul sahəsində. Bu sahədən bəlkə danışmağa belə dəyməz. Əgər əvvəlki nazirlərin dövründə mövcud vakansiyalar barədə Dövlət İmtahan Mərkəzinə məlumat verilib, işçilər imtahan yolu ilə işə qəbul olunurdularsa, Sahil Babayev bu sahədə də "yeniliyə” imza atıb. Əvvəlcə qohum əqrəbasını, tanışlarını, köhnə nazirlərin dövründə rüşvət işində xüsusi ad çıxaranları müqavilə ilə işə götürür, sonra isə onlar daxili müsahibə yolu ilə işə rəsmiləşdirilir. İnsaf naminə deyək ki, mini ətəkli qızların Nazirliyə işə qəbulunda Sahil Babayev böyük irəliləyişlər əldə edib.

5. Vətəndaşların qəbulu sahəsində. Bu sahədə vəziyyət daha acınacaqlıdır. İstər Fizuli Ələkbərovun, istərsə də, Səlim Müslümovun dövründə ən asan iş rəhbər şəxslərin qəbuluna düşüb, problemləri onlara danışmaq olub. O vaxt dinləyirdilər, amma problemləri həll etmirdilər. İndi isə heç dinləməyə belə lüzüm görmürlər. İndi Sahil Babayevin və nazirliyin digər vəzifəli şəxslərinin qəbuluna düşmək mümkünsüz bir işə çevrilib. İnsanlar qəbula yazılıb, aylarla onların qəbuluna düşə bilmirlər.

6. Struktur islahatları sahəsində. Bu sahədə vətəndaşların xeyrinə ola biləcək heç bir ciddi iş aparılmayıb. Yaradılan DOST mərkəzi isə Sahil Babayevin xidməti deyil, hərçənd ki, heç o da kasıb insanların yaralarını sağalda bilmir. Sahil Babayev isə hər vəclə cəmiyyətə onu öz uğuru kimi sırımağa çalışır. Bunun üçün 2019-cu ilin 6 aylıq yekunları ilə bağlı ölkə Prezidenti yanındakı müşavirədə də dəridən qabıqdan çıxdı. DOST mərkəzlərini Asan Xidmət səviyyəsində bir qurum kimi təqdim etmək istəyir. Halbuki DOST mərkəzləri olsa olsa Asan Xidmət modelinin sosial sahədəki qoludur. Burada əlavə heç bir yenilik yoxdur ki, onu da Sahil Babayevin adına yazmaq olsun. Yaxşı olar Sahil Babayev bunu anlayıb, özünün korrupsiya əməllərini DOST adı altında gizlətməyə çalışmasın. Nə vaxtsa yəqin ki, özü də bunun altını möhkəm çəkməli olacaq".

Teref.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...