Şəfəqə Doğru » Gündəm » “Maaşı yüksək olan qadınlar boşanmağa meylli olur” fikri mübahisə doğurdu

“Maaşı yüksək olan qadınlar boşanmağa meylli olur” fikri mübahisə doğurdu

“Maaşı yüksək olan qadınlar boşanmağa meylli olur” fikri mübahisə doğurdu
"Bəzi qadınlar həqiqətən müəyyən işə sahib olduqdan, yüksək məvacib aldıqdan sonra özlərini daha azad, daha müstəqil hiss etdiklərindən dolayı boşanmaq istəyirlər. Düşünürlər ki ”onsuz da bizim xarakterimiz üst-üstə gəlmir, onsuz da mən ondan ayrı yaşaya bilərəm, özümü dolandıra bilərəm, onun aldığı məvacib də məni qane etmir" kimi fikirlərə qapılırlar". Bu sözləri psixoloq Gülər Məmmədova modern.az saytına açıqlamasında bildirib.

Qeyd edək ki, son illərdə Azərbaycanda boşananların sayı getdikcə artır. Rəsmi statistika da bu faktı təsdiqləyir. Belə ki, statistikaya əsasən son 5 il ərzində nikaha daxil olanların sayı azalıb, boşananların sayı isə artıb. Ölkədə 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514, 2018-ci ildə 14 857 nəfər boşanıb. Mütəxəssislər boşanmaların səbəblərini müxtəlif cür əsaslandırır. Belə ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Azərbaycanda ailələrin ən çox xasiyyətin tutmaması, uşaqların olmaması və yeni qurulan ailələrin həyatına müdaxilələr edilməsi səbəbindən dağıldığını söyləyib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə müasir dövrdə ailələrin dağılmasının əsas səbəbinin heç də maddi durum olmadığını, erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmamasının ailələrdə boşanma hallarına səbəb olduğunu bildirir.

Əhməd Qəşəmoğlu: "Boşanmaları işə, yüksək məvacibə bağlamaq düzgün deyil”

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı "Yeni Müsavat”a danışıb. Sosioloq qeyd edib ki, boşanmalarla bağlı problemi bu cür əsaslandırmaq doğru deyil:

"Doğrudur, boşanmaların sayında artım var. Lakin bunu işə, yüksək məvacibə bağlamaq düzgün deyil. Bu, müəyyən bir vəziyyətdə rol oynaya bilər.

Boşanma bir insanın davranış formasıdır. İnsanın boşanmasında 4 amil çox mühüm rol oynayır. Bu amillərdən birincisi insanın öz xisləti, daxili aləmi, daxili potensialı, psixoloji vəziyyəti ilə bağlıdır. İkinci mühüm fakt mühit, üçüncü fakt aldığı informasiyalar, 4-cü faktor da üstünlük verdiyi dəyərlərdir. Bu 4 amil insanın davranışını, o cümlədən də ailəsindən boşanması ilə bağlı fikirləri formalaşdırır.

Mühit elə ola bilər ki, o mühitdə xanımlar daha da çox bizneslə məşğul ola bilər. Amma bu onlarda ailəyə qarşı münasibətdə soyuqluq yaratmaya bilər. Doğrudur, insanın əsas diqqəti ailəyə yönələndə qadın yalnız ailə qayğıları ilə yaşayır və bu zaman başqa cür psixologiya olur. Lakin qadın cəmiyyətdə ciddi mövqe tutanda və yaxud bizneslə məşğul olanda fikirləri başqa cür formalaşır. Əlbəttə, insanda peşəsinə vurğunluq yarananda bəzən bu da ailəsinə qarşı münasibətinə təsir edə bilər. Bəzən isə əksinə, bu istiqamətdə ailəsini təmin etdikdə ailəsinə daha çox bağlana bilər. Burada çox mühüm rol oynayan məsələ üstünlük verilən dəyərlərdir. Artıq min illərdir ki, bütün ağıllı insanlar, dini kitablar bizə deyir ki, cəmiyyətdə, sosial sistemdə mənəvi dəyərlər öndə olmalıdır. Mənəvi dəyərlər öndə olanda sosial sistemdə münasibətlər ahəngdar şəkildə sistemləşir. Mənəvi dəyərlər arxa plana keçdikdə isə gərginlik artır, xoşagəlməz vəziyyətlər yaranır, insanlar arasında münasibətlər korlanır.

Təbii ki, insanın aldığı informasiyalar da mühüm rol oynayır. Ona görə biz bu gün deyiriksə ki, boşanmaların qarşısını alaq, deyə bilmərik ki, bu ancaq işləməyə görədir. Bu, kobud müdaxilə ola bilər və xanımların cəmiyyətdə passiv rola keçməsinin çağırışı olar.

Biz işi elə qurmalıyıq ki, 4 amil qarşılıqlı əlaqədə ailə dəyərlərini, ailə münasibətlərini daha da gücləndirsin. Bunun üçün də yeni ailə modellərinin qurulmasına ehtiyac var".

Fərqanə Mehmanqızı: "Bu yalnız zəif kişilərin fikri ola bilər”

Psixoloq Fərqanə Fərmanqızı isə mövzuya bu cür münasibət bildirdi: "Düşünmürəm ki, qadın azad, müasir olduqda boşanmaya meylli olur. Bu, yalnız zəif kişilərin fikri ola bilər. Maddi cəhətdən özünü təmin edən qadına kişi tərəfdən yalnız qayğı, sevgi, diqqət gərək olur. Bu cür diqqət, qayğını verə bilməyən kişi əlbəttə ki, qadın tərəfindən tərk ediləcək.

Hər zaman təsdiq olunub ki, maddi cəhətdən özünü təmin edə bilməyən, psixoloji travması olan qadınlar ərləri tərəfindən psixoloji və fiziki şiddətə dözürlər. Niyə dözürlər? Çünki dözdükləri zaman özlərini müdafiə edirlər ki, "camaat nə deyər, bir tikə çörəyini gətirir, uşaqlarının başı üstündədir, mən boşansam hara gedəcəm” və sairə. Beləliklə, həmin qadınlar düşünür ki, boşansalar heç bir yerdən qazanc əldə edə, yaşaya, uşaqlarına baxa bilməyəcəklər.

Bu bir faktdır ki, əksər kişilər boşandıqdan sonra uşaqlarının maddi tələbatlarını əvvəlki kimi ödəmirlər. Hətta bir çoxları aylıq alimenti belə ödəmək istəmir. Əzilməyə alışan qadınlar yeni həyata qədəm qoymaq, ayaq üstə durmaq, özünü təsdiq etməkdən çəkinirlər. Bütün bunlar qadından psixoloji və maddi güc tələb edir.

Bir daha qeyd edirəm ki, hər bir qadının mənəvi ehtiyacları var ki, bu da ər tərəfindən verilməyəndə, təbii ki, maddi asılılığı olmayan qadın boşanmağa üstünlük verir".

Psixoloq həmçinin qeyd edib ki, boşanmaların sayının artmasının əsas səbəblərindən biri də düşünülməmiş evlilikdir: "Bu gün boşanmaların olmasının ən böyük səbəbi düşünülməmiş evliliklərdir. Ailələr sanki övladlarını ərə verməklə öz öhdəliklərini bitmiş kimi bilirlər. Sanki şüuraltı bu məsuliyyətdən canlarını qurtarırlar. Buna görə də müəyyən qədər övladlarına icazə verirlər ki, bu qədər rahat evliliyə getsinlər”.

Xalidə GƏRAY,
"Yeni Müsavat”