Şəfəqə Doğru » Gündəm » Milli Məclisdə növbəti qalmaqal: "Axı, burada qızışmağa nə var ki?!"

Milli Məclisdə növbəti qalmaqal: "Axı, burada qızışmağa nə var ki?!"

Milli Məclisdə növbəti qalmaqal: "Axı, burada qızışmağa nə var ki?!"

"Neçə ildir Milli Məclisdə çalışırıq. Hər kəsə söz verilir, danışır və vaxtı bitir. Hər bir çıxışa reaksiya da ola bilər. Axı burada qızışmağa nə var?!".

Bunu Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsi YAP icra katibinin müavini Siyavuş Novruzov MM-in növbədənkənar sessiyasının sonuncu plenar iclasında deyib.

Komitə sədrinin sözlərinə görə, parlament sədri istənilən məsələyə müdaxilə etmək hüququna malikdir və edir: "Burada gərək etika qaydalarına riayət edək. Azərbaycanda mövcud adət ənənə böyük-kiçik məsələsi var. Milli Məclisdəki əvvəlki vəziyyətləri görmüşük. Deyirsiz ki, həmin dövrə qayıdaq? Fikir bildirdin, bitdi. Hər kəs deyə bilməz ki, bu fikir düzdür. Hər kəsin öz fikri var. Bir-birimizə hörmətlə yanaşmalıyıq. Söz verildi danışırıq mikrafon söndüsə deməli söhbət bitdi. Yoxsa hər kəs yerdən bir söz desə onda bizim Milli Məclis hansı vəziyyətə qalar? Ona görə də gələcəkdə bu məsələni nəzərə almalıyıq".

Milli Məclisin sədri Oqtay Əsədov isə parlamentin İntizam Komissiyasının sədri Ağacan Abiyevə müraciət edərək deputat Zahid Orucun etik-davranış qaydalarına düzgün riayət etmədiyinə görə komissiyaya dəvət edilməsini və məsələnin araşdırılmasını istəyib.

Xatırladaq ki, parlamentin növbədənkənar sessiyasının sonuncu iclasında MM sədri Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında mübahisə düşüb. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı müzakirələrdə, millət vəkilinin çıxışı saxlanılıb, o isə buna etiraz edərək danışmaq istədiyini bildirib. Spiker ona irad tutaraq deyib ki, Z.Oruc hər dəfə mövzudan kənar məsələlərə toxunur. O.Əsədov deyib ki, bir daha ona söz verməyəcək: "Çünki Zahid, sən özünü düzgün aparmırsan. Sənin səviyyən yoxdur. Bunu da bu gün gördüm”.

Z.Oruc isə bildirib ki, sədrin "səviyyəsiz” sözünü işlətməsi düzgün deyil.