Şəfəqə Doğru » Gündəm » Polkovnik Şair Ramaldanov: "Şuşanı vursaydıq, sülh danışıqlarını biz pozmuş olacaqdıq"

Polkovnik Şair Ramaldanov: "Şuşanı vursaydıq, sülh danışıqlarını biz pozmuş olacaqdıq"

Polkovnik Şair Ramaldanov: "Şuşanı vursaydıq, sülh danışıqlarını biz pozmuş olacaqdıq"

"Bu gün Azərbaycan Silahlı Qüvvələri erməni işğalı altında olan torpaqlarımızın hər bir nöqtəsini dəqiqliklə vura bilər. Azərbaycan Ordusunun yüksək hərbi imkanları buna əsas verir. Sadəcə olaraq, indi aparılan sülh danışıqlarına görə Azərbaycan Silahlı Qüvvələri gözləmə mövqeyində dayanıb".   


Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib. 


Şair Ramaldanov Şuşanın vurulması ilə bağlı Azərbaycan cəmiyyətindən gələn çağırışlara da münasibət bildirib:


"Bilirsiniz, ermənilər də istəyirdi ki, biz Şuşanı vuraq. Ermənilər Azərbaycana qarşı təxribat törətmək istəyirdilər. Çünki ermənilər indiyədək andiçmə mərasimlərini Şuşada deyil, Xankəndində təşkil edirdilər. Bu dəfə Şuşanı seçməkləri səbəbsiz deyil idi. Ermənilər çox hiyləgər düşməndir. İnaqurasiyanın bu dəfə məhz Şuşada təşkil edilməsinin siyasi məqsədləri var idi. Bəlkə də ermənilərin bu məkrli məqsədləri Azərbaycan cəmiyyətinə hələ də aydın deyil.  Ancaq siz yaxın tarixə nəzər salın! Ermənilər bu inaqurasiyanı keçirmək barədə qərarı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı bəyanatından sonra verdilər. Həmin ərəfədə Lavrov Rusiyanın Qarabağla bağlı mövqeyini açıqlayaraq bildirmişdi ki, mərhələli şəkildə 7 rayonun qaytarılması məsələsi müzakirə olunur. Yaxşı bilirik ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya həlledici mövqeyə malikdir. İndi belə bir məqamda düşmən Azərbaycana qarşı siyasi təxribata əl atmışdı. Yəni, ermənilər istəyirdi ki, Azərbaycan tərəfi doğrudan da Şuşanı vursun, düşmənin təxribatına düşsün və bundan sonra onlar inaqurasiyanı harada olsa keçirəcəkdilər. Bununla da Azərbaycan Sergey Lavrovun vasitəçiliyi ilə aparılan sülh danışıqlarını ilk pozan tərəf olacaqdı. Yəni, biz Şuşanı vursaydıq, o zaman aparılan danışıqlar prosesini pozacaqdıq. Ermənilər də bunu əllərində bayraq edib dünyaya çatdırmaq istəyirdilər".    


Ehtiyatda olan polkovnik deyib ki, Azərbaycan Ordusu Şuşanı istənilən an vura bilər:


"Ancaq hələlik biz sülh danışıqları yolunu seçmişik. Cənab Prezident bütün beynəlxalq qurumların da qarşısında tələb qoyub ki, bizə bir nəticə gətirin. Əks halda biz müharibə yolunu seçəcəyik. Bunu bütün beynəlxalq təşkilatlar da bilir və artıq bu istiqamətdə proseslər gedir. Artıq cənab Prezident beynəlxalq vasitəçilərin qarşısında şərt qoyub ki, Ermənistan rəhbərliyi ilə görüşlər keçirmək üçün konkret nəticələr əldə olunsun. Ona görə də son illər birinci şəxslər mütəmadi olaraq görüşmürlər. Cənab Prezident açıq şəkildə bəyan etdi ki, mən konkret nəticə olan halda görüşəcəm. Hesab edirəm ki, Prezidentin bu mesajı hamı üçün aydın oldu". 


Zaur Hacılı
Demokrat.az