Məhərrəm Quliyev Lənkəranı ələ keçirmək istəyir, atası isə rayonda narazılıq yaratmağa başlayıb
Ağstafanın icra başçısı Məhərrəm Quliyev hazırda rəhbəri olduğu rayonu viran qoymaqda davam edir. Politika.Az xəbər verir ki, icra başçısının atdığı addımlar, pul qazanmaq hirsi işi o yerə çatdırıb ki, artıq Ağstafada da insanlar dillənməyə başlayıblar.
Əldə etdiyimiz məlumatlara görə, Məhərrəm Quliyevin pul qazanmaq hirsinin konkret səbəbləri var. İcra başçısı bunu ona görə etmir ki, daha çox sərvəti olsun. Məqsəd daha böyük hədəflər və başqa rayonu da ələ keçirməkdir. Politika.Az-a verilən məlumatda vurğulanır ki, Ağstafanın icra başçısının hazırda əsas məqsədi Lənkərana icra başçısı getməkdir. Bunun üçün də ona pulla bərabər, Lənkəranda narazılıq yaratmaq da lazımdır.
İddialara görə, Məhərrəm Quliyevin atası Böyküağa Quliyev hazırda Lənkəranda ciddi narazılıq yaratmaqla məşğul olan əsas adamlardan biri sayılır. Düzdür, onun açıq şəkildə bunu etmədiyi vurğulanır. Amma onun torpaq məsələlərinə qarışması, əksəriyyətə torpaq pay verməsi adı ilə satması, habelə yerli sakinlər arasında icra başçısı Taleh Qaraşovla bağlı mənfi rəy yaratmaq cəhdi də deyilənlər sırasındadır. Politika.Az-a verilən məlumatlarda deyilir ki, torpaq məsələsində daha çox narazılıq var və icra başçısının atası camaat arasında xəbər yaydırır ki, guya, səbəbkar Taleh Qaraşovdur. Halbuki onun bu məsələlərdən ümumiyyətlə xəbəri yoxdur.
Üstəlik, Böyükağa Quliyev rayon camaatı arasında «Lənkərana lənkəranlı rəhbərlik etməlidir» təbliğatını da aparır. Məlumatlara görə, hətta bir neçə dəfə bu məsələyə görə ona xəbərdarlıq da edilib.
Xatırladaq ki, Məhərrəm Quliyev əslən Lənkərandandır. Uzun müddət bu rayonun Torpaq və Xəritəçəkmə Şöbəsinə rəhbərlik edib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.