Son illərdə Azərbaycanda boşanmaların sayı kəskin artır. İl-ildən artan rəqəmlər cəmiyyət üçün təhlükəli tendensiyanın yaranmasından xəbər verir. Bəs günü gündən artan boşanmaların səbəbi nələrdir? Nəyə görə qurulan ailələr dağılır?
Statistika...
2008-ci ildə Azərbaycanda 79 964 nikah və 7 933 boşanma;
2009-cu ildə 78 072 nikah və 7 784 boşanma;
2010-cu ildə 79 172 nikah və 9 061 boşanma;
2011-ci ildə 89,4 min nikah və 10,6 min boşanma;
2012-ci ildə 78 480 nikah və 11 min 182 boşanma;
2013-cü ildə 86 852 nikah və 11 730 boşanma;
2014-cü ildə 84 912 nikah, 12 088 boşanma faktı qeydə alınıb
"Qafqazinfo” xəbər verir ki, "Bizim Yol” qəzetinin yazdığına görə, "boşanma səbəbləri arasında "xasiyyətlərin uyğunsuzluğu" ilk yeri tutur".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir ki, Ədliyyə Nazirliyindən komitəyə daxil olan məlumatlara əsasən, 2015-ci ildə 68 985 nikah qeydə alınıb. Ötən il nikahın pozulması üzrə 12 886 fakt qeydə alınıb. E.Səfərov deyib ki, Azərbaycanda boşanma səbəbləri arasında "xasiyyətlərin uyğunsuzluğu" ilk yeri tutur. Ötən il Azərbaycanda bu səbəbdən boşanmaların sayı 7318 olub. Ailə daxili zorakılıq (cinslər üzrə statistika aparılmır) səbəbindən 228, uşaqlarının olmaması səbəbinə görə 609 boşanma faktı qeydə alınıb.
E.Səfərov deyib ki, uşaqların olmaması səbəbindən boşananların sayı azalıb: "Əvvəlki illərdə uşaqlarının olmaması səbəbindən boşananların sayı daha çox olub. Belə boşanmaların sayı 1000-ə yaxın olub".
Komitə rəsmisi bildirib ki, ötən il ərzində xəyanətə görə boşanmaların sayı 413, sərxoşluqla bağlı boşanmaların sayı 369, narkomaniya ilə bağlı boşanmaların sayı 171, maddi duruma görə boşanmaların sayı 302, xəstəliyə görə boşanmaların sayı üzrə 224 fakt qeydə alınıb.
E.Səfərovun sözlərinə görə, boşanmalar daha çox 25-35 yaş arası insanlar arasında olur.
"Boşanmalarla bağlı ciddi stereotiplər mövcuddur”
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, xarakter uyğunsuzluğunun göstərilməsi ölkədə boşanmalarla bağlı ciddi stereotiplərin hələ də mövcudluğunu göstərir: "Məsələn, mində bir ərizədə seksual uyğunsuzluq məsələsi və ya zorakılıq faktı qeydə alına bilər. Lakin hansı amilin əsas gətirilməsinə baxmayaraq boşanmalar ciddi bir problem olaraq gündəmdədir və bununla bağlı ciddi tədbirlər gözə dəymir. Bu isə narahatedici bir haldır. Məsələn, boşananlara verilən 3 ayın səmərəli istifadəsi hələ də müzakirə predmeti deyil. Yaxud ailə quran şəxslərin bir ay düşünmə dövrü də səmərli istifadə edilmir. Bir ayda min boşanma ciddi rəqəmdir. Bu yeni evlənənlərin təxmini 25-30 faizini təşkil edir. Qeyd edilən 10 ailədən 7-də boşanma hadisəsinin olması isə artıq 70 faizlik göstəricidir. Bu göstəricidə isə hökumət təcili tədbirlər həyata keçirməlidir".
M.Zeynalova deyir ki, boşanmalara təsir edən amillər çox müxtəlif ola bilər. Ekspertin fikrincə, bu sosial iqtisadi amildən tutmuş sosial psixoloji, dəyərlər sisteminin pozulması, hətta ekoloji problemlərin təsirindən yarana bilər.
"Bu sahədə olan mütəxəssislərin köməyi ilə elmi fəaliyyət planı hazırlanmalıdır”
Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, boşanmalar artdığı kimi qeydə alınan nikahların sayında azalmalar var: "Ümumiyyətlə bu tip məsələlərə bir faktorla yanaşmaq düzgün deyil. Çünki cəmiyyət günü-gündən mürəkkəbləşir. Cəmiyyət mürəkkəbləşdikcə də hadisələrə təsir edən faktorlar kompleks xarakterli olur. Yəni cəmiyyətin mürəkkəbləşməsi bir hadisəyə bir neçə faktorun təsir etməsinə səbəb olur. Boşanmaya bəzilərinin fikrincə, iqtisadi vəziyyətin aşağı olması, bəzilərinin fikrincə isə psixoloji vəziyyət təsir edir. Ancaq bunların hamısını birgə dəyərləndirmək lazımdır. Əsas məsələ ondan ibarətdir ki, cəmiyyət günü- gündən mürəkkəbləşir və faktorlar da çoxkomponentli olur. Ona görə də bu sahədəki faktorlardan danışsaq, burada iqtisadi və mənəvi faktorlar təsir edir. Əgər təkcə iqtisadi faktorlar təsir etsə idi, Azərbaycanda iqtisadi vəziyyətin bundan da ağır olduğu vaxtlar olub. Tək iqtisadi amil rol oynamır. Sosial şəbəkələr, mənəvi amillər, reklamlar, texnologiyanın gətirdiyi mühit və s. təsir edir".
Ə.Qəşəmoğlunun fikrincə, son zamanlar fiziki sağlamlıqla bağlı olan məsələ də ailələrdə boşanmaların olmasına təsir edir. Reproduktiv sağlamlıq problemi bu məsələyə təsir edir: "Ona görə də burada həm fiziki, həm psixoloji, həm də iqtisadi faktorlar var. Vəziyyətdən çıxış yolu isə hökmən bu məsələyə ciddi alimlərin, bu sahədə olan mütəxəssislərin köməyi ilə elmi fəaliyyət planının hazırlanmasıdır. Bu plan həmin kompleks faktorları nəzərə almalıdır. Qanunvericilikdə, maarifləndirmədə də dəyişikliklər olmalıdır. İstər maddi təminat baxımından, istərsə də gənc ailələrə yardım baxımından müəyyən dəyişikliklər edilməlidir. Bu bir dəfə qəzetin, bir dəfə deputatın, bir dəfə mütəxəssisin deməsi ilə həll olunası məsələ deyil. Artıq cəmiyyət bu məsələlərə elmi yanaşmamızı tələb edir. Kiminsə təklif verməyi ilə cəmiyyətdə baş verən sosial-iqtisadi prosesləri həll etmək mümkün deyil. Elmi əsaslarla mütəxəssislərin hazırladığı elmi fəaliyyət planı əsasında fəaliyyət göstərmək lazımdır".