Şəfəqə Doğru » Gündəm » Rusiya sərhədləri QAPATDI - TIR-lar geri qayıdır?

Rusiya sərhədləri QAPATDI - TIR-lar geri qayıdır?

Rusiya sərhədləri QAPATDI - TIR-lar geri qayıdır?
Bir neçə gün əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Azərbaycandan 55 şirkətə dəmir yolu ilə pomidor və alma ixacına icazə verildiyini açıqladı. Xəbərə görə, qərarın tətbiqinə iyun ayının 15-dən başlanmalı idi.

Qərarın Federal Xidmətin rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli arasında 10 və 11 iyun tarixlərində aparılan danışıqların nəticəsində qəbul edildiyi açıqlanıb.

Qərara görə, ixrac fitosanitar sertifikatlar əsasında baş tutmalı idi.

İcazə verilən şirkətlərdən 31-inin pomidor, 24-ünün isə alma istehsalı üzrə fəaliyyət göstərdiyi də qeyd olunmuşdu. Oktyabrın 1-dən isə Azərbaycandan Rusiyaya alma və pomidor ixracı konteynerlərlə həyata keçirilməli idi.

Amma proseslər tamamilə əks istiqamətdə inkişaf edib. Aldığımız məlumatlara görə, Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı problem nəinki həllini tapıb, hətta ixrac tamamilə dayandırılıb.

Bizim.Media-ya açıqlama verən Göyçaylı fermer Mərud Məmmədov bildirib ki, pomidor ixracı ilə bağlı problem də öz həllini tapmayıb:

"Bir müddət danışıqlar aparıldı, Rusiya tərəfinin Samur postundan keçən maşınların sayının 200-dən 400-ə qədər artırması ixraca təkan oldu. Yollar bir az seyrəldi, amma daşınma qiymətlərində heç bir dəyişiklik olmadı. İndi isə bir neçə gündür ki, ixracı tamamilə dayandırıblar ki, Azərbaycanla Rusiyanın idxal - ixrac planı dolub, bağlanan müqavilə yerinə yetirilib, artıq məhsul qəbul edilmir. Yeni müqaivlənin bağlanıb-bağlanmayacağını bilmirik. Fakt odur ki, 3-4 gündür ki, ixrac dayanıb”

Problemlər qismən həllini tapdığı günlərdə Göyçaydan Rusiyaya pomidor ixracı reallaşdımı?

Fermer bildirib ki, Göyçay sahibkarları arasında böyük şirkətlərin vasitəçiliyi ilə ixracı reallaşdırmağa imkan tapanlar olub.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ixracına icazə verdiyi şirkətlərin arasında Göyçay fermerlərinin olub-olmamasına gəlincə, sahibkar bildirib ki, fitosanitar sertifikat almaq üçün kollektiv şəkildə AQTA-ya sənəd hazırlayıb vermək istəyənlər olub: "Biz bunu bilmərik ki, kimin adı var həmin siyahıda. Bunu AQTA-da bilərlər”.
Əllərinizdə məhsul qalıbmı?

Mərud Məmmədov bildirib ki, hazırda məhsulların gömrük postundan geri qaytarılma prosesi gedir:

"Bakıya "Meyvəli”-yə, Sumqayıta, digər şəhərlərə meyvə tərəvəz qaytarlır. Məhsul 18-20 qəpikdən alınır”.

Digər fermerlər də siyahıda adlarının olub-olmadığını bilmədiyini deyiblər. Qeyd edək ki, Samur postunda meyvə-tərəvəz ixracına fitosanitar sertifikat verilməsinə görə 5000 manat tələb olunması ilə bağlı iddialar da var.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov isə Bizim.Media-ya açıqlamasında məlumatların əsaslı olmadığını deyib:

"Heç bir əsası olmayan məlumatdır. İxrac prosesində heç bir problem yoxdur. Yük nəqliyyat vasitələrinin keçidində heç bir problem yoxdur. Artıq sıxlıq da tam aradan qaldırılıb”.