Ermənilər Abxaziyaya və Krıma səfər edən Rusiya prezidenti Vladimir Putinin qısamüddətli olsa da Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil etməyə çalışır.
Shafaqadogru.com xəbər verir ki, bu sözləri "Atlas” araşdrımalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu Putinin avqustun 8-də Abxaziyaya səfərini şərh edərkən deyib.
Politoloq bildirib ki, Vladimir Putin avqustun 8-də Abxaziyaya getməklə və separatçıların lideri ilə görüşərək, onlara maliyyə dəstəyini artıracağını deməklə ikiqat təxribata yol verib: "Birincisi, Abxaziyaya səfər edən Putin Gürcüstanın ərazi bütövlüyünü tanımadığını bir daha təsdiqləmiş oldu, bunun üçün xüsusi açıqlamaya da ehtiyac yoxdur, elə separatçı bölgəyə getmək istənilən açıqlamanı əvəzi edir”- deyə, o, vurğulayıb.
Elxan Şahinoğlu əlavə edib ki, burada ikinci məqam isə Putin səfəri məhz avqustun 8-nə təyin etməklə Rusiya-Gürcüstan müharibəsinə və Gürcüstan torpaqlarının rəsmən işğalının 9 illiyinə işarə etdi. "Putin Ukraynadan qopartdığı Krımda da olub. Bircə Moldovanın separatçı bölgəsi – Dnestrdə olmayıb. Ancaq böyük ehtimalla bir gün qərbpərəst hökumətə malik Moldovanı qıcıqlandırmaq üçün ora da gedəcək. Şübhə etmirəm ki, erməni separatçılarının ən böyük arzusu bir gün İrəvana gələn Putini bir neçə saatlıq da olsa, Dağlıq Qarabağa gətirməkdir…”- deyə, politoloq bildirib.