Şəfəqə Doğru » Gündəm » Ölkənin giriş-çıxışlarında “Yaşıl dəhliz”, amma: Keçin, keçə bilirsinizsə

Ölkənin giriş-çıxışlarında “Yaşıl dəhliz”, amma: Keçin, keçə bilirsinizsə

Ölkənin giriş-çıxışlarında “Yaşıl dəhliz”, amma: Keçin, keçə bilirsinizsə
"Nə qədər ki, gömrükdə süründürməçilik, məmur sahibkarlığı olacaq, o zamana qədər də...”

2016-cı ilin avqust ayında Azərbaycanın gömrük sistemində "Yaşıl dəhliz” buraxılış sistemi istifadəyə verildi. Prezident İlham Əliyevin həmin ilin may ayında imzaladığı fərmanla qüvvəyə minən bu sistem qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etmək məqsədinə xidmət edir. Rəsmi açıqlamada belə deyilir.

Qeyd edək ki, "Yaşıl dəhliz”dən istifadə etmək istəyən idxal və ixrac iştirakçıları üçün vahid qaydalar müəyyən edilib. Həmin qaydalara görə, vergi hesabatlarını Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə təqdim edən, vergiləri tam həcmdə və vaxtında ödəyən, muzdlu işçilərininin sayını və əmək haqlarını düzgün bəyan edən, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına əsasən aparan, gücləndirilmiş elektron imzaya sahib olan və yazışmaların elektron şəkildə aparılmasına üstünlük verən, saxta sənədləri qəbul və təqdim etməyən, son 3 il ərzində iqtisadi sahədə cinayətin törədilməsinə görə barəsində cinayət təqibi aparılmayan istənilən sahibkar bu sistemdən istifadə edə bilər.

Xüsusi olaraq vurğulanır ki, vergi ödəyicisi partnyor vergi ödəyici statusunun əldə olunması üçün vergi orqanlarına müraciət etdikdə, həmin müraciət vergi orqanlarının müvafiq struktur vahidi tərəfindən araşdırılır, vergi ödəyicisinin fəaliyyəti göstərilən meyarlara uyğun gəldiyi halda ona "Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” bildiriş verilir.

Lakin əksər sahibkarlar hesab edirlər ki, bu sistemdən heç də hamı yararlana bilmir. Onların sözlərinə görə, qeyd olunan normativlərə cavab verən sahibkarlar deyil, özlərinə yaxın şirkətlər bu imtiyazlardan bəhrələnir.

Milli Məclisin sabiq üzvü, iqtisadçı ekspert Nazim Bəydəmirli AYNA-ya açıqlamasında deyib ki, "Yaşıl dəhliz” beynəlxalq ticarətdə mühüm alətlərdən biridir: "Gömrük sistemində baş verən neqativ hallarla bağlı dəfələrlə müzakirələr aparılsa da, bu sahədə təəssüflər olsun ki, şəffaflıq bu gün də yoxdur. Bunun da öz növbəsində dərin və qaranlıq səbəbləri var. Elektron xidmətləri həyata keçirmək üçün Dövlət Gömrük Komitəsinin rəsmi saytında müxtəlif müraciət formaları mövcuddur. O cümlədən "Yaşıl dəhliz” gömrük buraxılış sisteminin müraciət forması da yerləşdirilib. Əslində "Yaşıl dəhliz” sistemi dünya təcrübəsində geniş şəkildə tətbiq olunur və kifayət qədər uğurlu nəticələri var. Misal üçün, Gürcüstanda məhsul idxal olunan zaman onu öz anbarında gömrük qeydiyyatına salan, bununla bağlı müraciət edən sahibkarların maşını terminala girmir. "Yaşıl dəhliz" vasitəsilə birbaşa yola salınır. Bu da öz növbəsində xərclərin azalmasına səbəb olur”.

"Azərbaycanda isə qısa "gömrük bəyannaməsi” deyilən forma mövcud olsa da, buna demək olar ki, riayət olunmur. Halbuki, bu forma "Yaşıl dəhliz” sisteminin elementlərindən biridir ki, sahibkarlar gətirdikləri yükləri əvvəlcədən bəyan etsinlər. Əgər onun gətirdiyi məhsullarla bağlı hər hansı şübhə yaranırsa, onu terminala dəvət edə bilərlər. Hətta baxış da keçirə bilərlər, bu məsələdə heç bir problem yoxdur. Ancaq ölkəmizə daxil olan bütün məhsullar tam etibarilə məmur sahibkarlığına aid deyil. Bu kateqoriyaya aid şirkətlər ciddi maneələrlə rastlaşmır. Hansı ki, sadə sahibkarlar tərəfindən məhsul idxal olunur, o məhsullar gömrük terminallarına yönəldilir”, - deyə mütəxəssis bildirib.

Bəydəmirlinin sözlərinə görə, həmin terminallarda sahibkarların məhsulları həftələrlə, bəzən aylarla saxlanılır: "Sahibkarlar kifayət qədər əngəllərə məruz qalırlar və onlardan böyük məbləğdə əlavə vəsaitlər tələb olunur. Bu da nəticə etibarilə ölkəboyu qiymətlərin bahalaşmasına gətirib çıxarır. Bundan ziyan çəkən isə vətəndaşlar, istehlakçılar olur. Əslində isə yükləri sahibkarın anbarına boşaltmaqla da bu prosesi həyata keçirmək olar”.

Həmsöhbətimiz vurğulayıb ki, sahibkarları məcburetmə metodlarından biri "Yaşıl Dəhliz”in kağız üzərində fəaliyyət göstərməsidir: "Bu baxımdan nəinki nizam-intizamlı vergi ödəyicilərinin, istənilən sahibkarın hüququ olmalıdır ki, bundan istifadə etsin. Gömrük prosedurlarını asanlaşdırmaq əvəzinə daha da çətinləşdirirlər. Bu da, heç şübhəsiz, bəlli maraqlara xidmət edir. Təəssüf ki, gömrük məmurları sahibkarlarla orta əsrlər metodu ilə davranırlar. Məmur sahibkarlığına aid olan şirkətlər heç bir maneə olmadan istənilən məhsulu ölkəyə gətirə və "Yaşıl dəhliz” sistemindən də yalnız onlar bəhrələnə bilir”.

Milli Məclisin daha bir sabiq üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadə də AYNA-ya şərhində bildirib ki, idarəetmə sistemində şəffaflıq yoxdur və bu, gömrük sistemində də özünü büruzə verir: "Əslinə qalsa, bir çox sahələrdə özbaşınalıq və süründürməçilik halları davam edir. Bununla bağlı ən yüksək rəsmi səviyyədə məsələ qaldırılsa da, xəbərdarlıqlar edilsə də, ciddi dəyişikliklərin şahidi olmuruq”.

"Hesab edirəm ki, cəmiyyətin həyatı bir-birinə zəncirvari bağlıdır. Bir sahədə şəffaflığı təmin etmədən, orada qayda-qanun yaratmadan digər sahələrdə bunu həyata keçirmək elə də asan deyil. Bu baxımdan məsələyə kompleks yanaşılmalıdır”, - deyə müsahibimiz söyləyib.

Ağazadə hesab edir ki, Azərbaycanda gömrük rüsumları çox bahadır və bu məsələyə yenidən baxılmalıdır: "Uzağa getmək lazım deyil, qonşu Gürcüstan və qardaş Türkiyə təcrübəsini Azərbaycanda tətbiq etmək kifayətdir ki, bu sahədə müsbət dəyişikliklərə nail olaq. Adını çəkdiyim dövlətlərdə gömrük rüsumları çox aşağıdır”.

"Mən deputat olduğum dövrdə də, partiya sədri olaraq da dəfələrlə bu məsələni qaldırmışam. Sahibkarların gömrük rəsmiləşdirmələri zamanı qarşılaşdığı problemlər dünənin, bu günün problemi deyil. Bu, uzun illərdir belə davam edir. Bəzən olub ki, bizə də bununla bağlı müracitələr daxil olur. Elə hallar da olub ki, müdaxilə etmişik və məsələ öz həllini tapıb. Gömrük ölkənin giriş-çıxış qapısıdır və bu sistemdə şəfaflığı təmin etmək qarşıda duran əsas vəzifələrdən biridir”, - deyə partiya sədri fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev