Şəfəqə Doğru » Manşet » Dünya mətbuatı Qarabağdan nə yazır? - Azərbaycan fürsət pəncərəsi görür...

Dünya mətbuatı Qarabağdan nə yazır? - Azərbaycan fürsət pəncərəsi görür...

Dünya mətbuatı Qarabağdan nə yazır? - Azərbaycan fürsət pəncərəsi görür...

Ermənistan və Azərbaycan arasında vəziyyət hədiddən artıq gərgindir. İrəvan sərhəddə təxribatlar törədir, Qarabağdakı separatçılar isə Azərbaycan ordusunun mövqeləri yaxınlığında səngərlər qazmağa cəhd edir. Ümumi vəziyyətin gərginləşməsi fonunda dünya mətbuatının da diqqəti Cənubi Qafqazda baş verən proseslərdədir.

 

Modern.az dünya mətbuatında vəziyyətlə bağlı nələrin yazıldığını araşdırıb.

 

Türkiyənin “Anadolu” agentliyində dərc edilən analitik məqalədə bildirilir ki, Azərbaycanın xoşməramlı və sülh səylərinə cavab olaraq Ermənistan davamlı olaraq hərbi və siyasi təxribatlara əl atır və etdiklərini sanki Azərbaycan etmiş kimi qələmə verməyə çalışır.

 

Rusiyanın nüfuzlu “Kommersant” qəzetində dərc edilən məqalədə deyilir ki, Azərbaycan və Ermənistan yenidən hərbi münaqişə ərəfəsindədir. Müəllif deyir ki, Azərbaycan Qarabağ məsələsini tamamilə bağlamaq və Naxçıvana dəhliz əldə etmək əzmindədir: “Bakı açıq şəkildə hiss edir ki, fürsət pəncərəsi var və problemlər indi həll olunmasa, onda növbəti şansı onillikləri gözləmək lazım olacaq”.

 

Qəzetin digər məqaləsində isə bildirilir ki, Ermənistan Qarabağı (qondarma qurum - red.) tamamilə itirmək ərəfəsindədir və Rusiya bu prosesə təsir etmək iqtidarında deyil: "Təlimlərin, NATO-ya dəvətlərin və ya Qərbdən gələn təhdidlərin heç bir faydası yoxdur. Yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə sülh müqaviləsidir. Nikol Paşinyan həqiqətlə üzləşməli idi. Lakin bu faktiki hərbi məğlubiyyətin acı nəticələrini hər şeydə Rusiyanı günahlandırmaqla yumşaltmaq olar. Amma təbii ki, bu o demək deyil ki, Ermənistanın baş nazirinin narazı qalması üçün heç bir əsas yoxdur. Əgər kritik anlarda köməyinizə çatmasa, müttəfiqinizin olmasının nə mənası var?”

 

“Reuters” agentliyi Ermənistan Xarici İşlər Nazirliyinin İrəvanın hərbi eskalasiyada maraqlı olmadığı və sülh sazişinin təmin edilməsi üçün səyləri davam etdirməyə hazır olduğu barədə bəyanatını xatırladır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev agentliyə bildirib ki, Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq məqsədilə əvvəlcədən planlaşdırılmış təlimlər keçirir. “Bu, müntəzəm planlaşdırma prosesinin bir hissəsidir”, - deyən Hikmət Hacıyev Ermənistanın qoşunları sərhəddə cəmləşdirdiyini və yeni silah sistemləri aldığını bildirib. Agentlik ekspertlərdən birinə istinadən yazır ki, Ermənistan və Azərbaycan mümkün sülh sazişinə həmişəkimdən daha yaxın olsalar da, yeni böyük eskalasiya riski də var.

 

“Iran International” isə bildirir ki, Azərbaycan və Ermənistan arasında yenidən gərginlik Rusiyanın başının Ukraynaya qarışdığı bir vaxtda ABŞ-ın İrəvana yaxınlaşması ilə regionda böyük geosiyasi dəyişikliklərdən xəbər verir.



 

İsrailin “i24news” nəşrində isə qeyd olunur ki, İran Ermənistanla Azərbaycan arasında münaqişəni qızışdırır, İrəvana silah və dəstək verir. “Aİ və ABŞ-ın himayəsi altında Azərbaycan və Ermənistan arasında barışıq səyləri fonunda İran son həftələr Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırmaq üçün bütün səylərini əsirgəmir və Hindistandan silah alışına vasitəçilik edərək və hərbi dəstək nümayiş etdirir”, - məqalədə deyilir. Məqalə müəllifi iddia edir ki, İran hərbi mövcudluğunu yalnız sərhədlə məhdudlaşdırmaya bilər: “Rusiya mənbələri Tehranın İrəvanla razılaşdıraraq öz silahlı qüvvələrini Ermənistan ərazisinə daxil edə biləcəyini ehtimal edir”.

 

“Bloomberg” agentliyi Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Antoni Blinken , İran prezidenti İbrahim Rəisi , Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makronla telefon danışığından bəhs edir. Qeyd olunur ki, Paşinyan Blinkenə Azərbaycan prezidenti İlham Əliyevlə təcili danışıqlara hazır olduğunu bildirib. Agentliyin digər məqaləsində isə deyilir ki, Azərbaycan Laçından təxminən 50 kilometr şərqdə yerləşən Ağdam şəhərindən alternativ yol boyu yardım çatdırılması üçün təzyiq edir: “Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin iki yük maşını bu marşrutla 40 ton unu gətirmək üçün bir neçə gündür ki, gözləyir, lakin Qarabağdakı ermənilər bunu qəbul etməkdən imtina edirlər”.

 

Fransanın “Le Monde” qəzetində dərc edilən məqalədə sərhəddə gərginlik fonunda Ermənistanın problemli müttəfiqi Rusiyadan uzaqlaşdığı iddia edilir. “Moskvanın passivliyindən şikayət edən keçmiş sovet respublikası getdikcə Kremlə qarşı durmağa başlayıb. Ukraynaya humanitar yardımın çatdırılmasını və ABŞ-la birgə hərbi təlimlər keçirəcəyini açıqlayıb”, - məqalədə deyilir.

 

Xorvatiyanın “Jutarnji list” nəşri isə Ermənistanın Moskva ilə sevgi macərasının bitdiyi qənaətindədir: “Putinin daha bir müttəfiqi Rusiya ilə əlaqələri kəsmək niyyətindədir. İrəvan keçmiş himayədarı olan Moskvadan uzaqlaşır və Qərbin himayəsini axtarır. ...Bu transformasiya təsadüfi deyil. Ermənistan 2020-ci ildə Azərbaycanla müharibə yenidən alovlananda onu dəstəkləmədiyinə görə Moskva tərəfindən xəyanətə məruz qalıb. Azərbaycan Türkiyədən hərbi və siyasi dəstək aldı, lakin gözləntilərin əksinə olaraq Ermənistan Rusiyadan analoji dəstək almadı. İrəvan Rusiyanı Türkiyə ilə yaxşı münasibətlərini nəzərə alaraq Azərbaycana qarşı passiv və yumşaq münasibət bəsləməkdə ittiham edir”.

 

Ukraynanın "24tv" telekanalının saytı məsələlərlə bağlı hərbi ekspert Devid Şarpla danışıb. O qeyd edib ki, bu gün aqressiv Rusiya Ukraynaya qarşı apardığı müharibəyə görə öz daxilində böyük problemlərlə mübarizə aparır və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün güc və imkanlara malik deyil. "Azərbaycan məhz bunu fürsətə çevirib. Paşinyan deyib ki, Rusiyaya güvənmək strateji səhvdir. Amma başqa variant yox idi,. Vəziyyət ağırdır. Əgər gərginlik artarsa, Ermənistanın mövqeyi Azərbaycandan qat-qat zəifdir. Rusiya qoşunlarının mövcudluğu sırf simvolikdir”, - o qeyd edib.


Avstriyanın “Der Standard” nəşri isə qeyd edir ki, Rusiya Ermənistanın məyus halda ondan üz döndərdiyini görür və öz arxa baxçasına nəzarəti itirir.

 

Modern Təhlil və Araşdırma Qrupu