Novruz bayramı ərəfəsində Azərbaycanın ümumtəhsil müəssisələrində şagirdlər üçün nəzərdə tutulan tətil günlərinin sayı açıqlanıb.
Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bayramın ilk günü bazar gününə təsadüf etdiyindən, bayramdan əvvəlki həftənin dərs günlərində dəyişiklik olmayacaq.
Belə ki, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 19-u, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 18-i dərs günüdür.
"Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 20 mart tarixinin bazar gününə təsadüf etməsi ilə əlaqədar martın 25-i iş günü hesab olunmur. Bununla əlaqədar, bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində martın 26-sı, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə martın 28-i dərs günü olacaq", - nazirlikdən bildirilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin "2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 24 dekabr 2015-ci il tarixli 402 nömrəli Qərarına əsasən, bu il 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləri kimi təsbit olunub və həmin günlər iş günü hesab edilmir.
Xatırladaq ki, 2015-2016-cı tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrində dərslər iyunun 14-də başa çatacaq. Dərs ili müddətində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün isə 5 gün (1-5 may) əlavə yaz tətili müəyyən edilib.