Şəfəqə Doğru » Gündəm » Əliyevlə Paşinyan təkbətək görüşəcək? – Hansı şəhərdə keçiriləcək, buna kimlər mane olur?

Əliyevlə Paşinyan təkbətək görüşəcək? – Hansı şəhərdə keçiriləcək, buna kimlər mane olur?

Əliyevlə Paşinyan təkbətək görüşəcək? – Hansı şəhərdə keçiriləcək, buna kimlər mane olur?
Tezliklə Əliyev-Paşinyan görüşünün baş tutacağı haqda məlumatlar yayılır. Hətta görüşün keçiriləcəyi məkanlarla bağlı ehtimallar da səsləndirilir. Bəziləri Əliyev-Paşinyan görüşünün Moskvada, digərləri isə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın təşəbbüsü ilə İstanbulda ola biləcəyini deyir.

Politoloq Əlimusa İbrahimov Sfera.az-a açıqlamasında səsləndirilən ehtimalları şərh edib. O bildirib ki, ikitərəfli görüşün keçirilməsinin qarşısında çox ciddi maneələr var:

"İlk və ən böyük maneə Rusiyadır. Rusiya sanki Azərbaycan-Ermənistan münasibətlərini inhisara alıb və prosesə digər siyasi qüvvənin daxil olmasına imkan vermir. Həm də münaqişə tərəflərini baş-başa buraxmaq fikrində deyil. Əsas məqsəd isə Qarabağ faktoru ilə Azərbaycanla Ermənistana təsir mexanizmini əldə saxlamaqdır.

İkitərəfli görüşün keçirilməsinə mane olan digər qüvvə Ermənistanın daxilindəki Paşinyan hökumətinə müxalif olan Dağlıq Qarabağ erməni klanıdır. Onlar iki dövlət arasında münaqişənin həll olunmasında maraqlı deyil və var qüvvələri ilə prosesi pozmağa çalışırlar. Çünki münaqişənin birdəfəlik aradan qaldırılması onların siyasi səhnədən uzaqlaşdırılması və hətta həbsxanalara salınması ilə nəticələnəcəyini gözəl bilirlər”.

Müsahibimizin sözlərinə görə, Əliyev-Paşinyan görüşünə mane ola biləcək növbəti qüvvə nə qədər qəribə olsa da, Avropa və Amerikadakı dövlətlərdir:

"ATƏT-in Minsk qrupu bu sahədə hələ fəaliyyətinə xitam verməyib və danışıqların nəzarətindən kənarda keçirilməsini qəbul etmir. Bütün bu maneələrə baxmayaraq, hadisələrin inkişafı iki dövlət rəhbərinin yaxın zamanlarda görüşəcəyini labüd edir. Əgər bu barədə KİV-də məlumat gedibsə, deməli hazırlıq başlayıb. Məlum olduğu kimi, hər şey məlumatdan başlayır. Məlumat atılır, əhval-ruhiyyə öyrənilir, təbliğat işə salınır və nəticə hasil olur. İndi biz bu prosesin ilkin mərhələsindəyik. Əgər yaxın günlərdə Paşinyanla bağlı lətifələr Azərbaycan mətbuatından çıxarılacaqsa, deməli bu məsələ bir qədər ciddiləşir”.

Politoloq qeyd edib ki, görüşün Türkiyədə keçirilməsi birinci mərhələdə baş tutmaya bilər:

"İlk görüşün neytral ölkədə keçirilməsi daha məqsədəuyğundur və düşünürəm ki, tərəflər elə bu yolu da tutacaq. Nə İstanbul, nə də Moskva. Görüşün təşkil olunmasına Rusiyanın razılıq verməsi böyük nailiyyət hesab olunursa , onun Türkiyədə keçirilməsi ilk mərhələdə ciddi əhəmiyyət kəsb etməyə bilər. Amma növbəti görüşlərin sıra ilə İstanbul, Moskva, Bakı və İrəvan şəhərlərində keçirilməsini istisna etmirəm. Amma təbi ki, bütün bunların reallaşması müəyyən müddət çəkə bilər. Azərbaycanla Ermənistan bütün vasitəçiləri kənara qoyub ikitərəfli görüş keçirərsə, bu onların bir-birini daha tez anlamasına yardım edər”.