Şəfəqə Doğru » Gündəm » “Qarabağ ermənilərini Bakının köməyilə saxlamağa çalışır” – Paşinyanın son açıqlaması buna hesablanıb?

“Qarabağ ermənilərini Bakının köməyilə saxlamağa çalışır” – Paşinyanın son açıqlaması buna hesablanıb?

“Qarabağ ermənilərini Bakının köməyilə saxlamağa çalışır” – Paşinyanın son açıqlaması buna hesablanıb?
"Rusiyadan uzaqlaşmaq və Qərbə yaxınlaşmaq istəyən Paşinyan anlayır ki, Bakı və Ankara ilə münasibətləri normallaşdırmadan bu istəyini reallaşdıra bilməyəcək. Odur ki, münasibətləri yaxşılaşdırmaq niyyətini ortaya qoymağa məcbur olub. Bilir ki, hazırda Ermənistan üçün bunun alternativi yoxdur”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin iclasında Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyi barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən, politoloq Əlimusa İbrahimov deyib:
 
 
"Paşinyanın bu bəyanatı onun bu vaxta qədər dediklərinin pik nöqtəsi idi. O, bundan öncə bir neçə dəfə sözügedən mövzularla bağlı açıqlamalar vermişdi. Zamanında kommunikasiyaların açılmasından, delimitasia və demarkasiya məsələlərindən danışıb. Bütün bunlar onun dünən səsləndirdiyi həmin fikirlərə hazırlıq məqsədi daşıyırdı. Belə açıqlamaları ilə ölkə vətəndaşlarını sanki sözügedən gedişaata hazırlayırdı.
 
 
Bununla Paşinyan dünyaya, Türkiyə və Azərbaycana mesaj verir ki, artıq Bakı ilə münasibətləri yaxşılaşdırmaq kursu götürüb. Ermənistan Türkiyə və Azərbaycanla münasibət qurmağa məcburdur. Çünki başqa çıxış yolları yoxdur. Əks təqdirdə, daha çox dərəcədə Rusiyanın təsir və təzyiqi altında qalmaqda davam edəcək”.
 
 
Ekspert qeyd etdi ki, Paşinyan gec-tez onsuz da belə bir bəyanatla çıxış etməli idi:"Bundan sonra bəyan etdiyi istiqamətdə real addımlar atmalıdır. Hazırda Qarabağda 20-25 min erməni qalıb. Amma onların vəziyyəti elədir ki, yerdə qalanlar da çıxıb getməyə hazırdır. Düşünürəm ki, qışa doğru Qarabağdakı ermənilərin sayında azalma olacaq. Görünür, Paşinyan məhz Bakının köməyilə Qarabağdakı erməni əhalisini saxlamağa cəhd edir. Belə ki, Azərbaycanla münasibətlərin yaxşı olması, təbii ki, Qarabağda yaşayan ermənilər üçün də yaxşıdır”.

Elçin