Şəfəqə Doğru » Gündəm » “Qazaxıstanı alt-üst etmiş “5-ci kalon” bu saat Azərbaycanda nə iş görür?”- Sabiq nazir...

“Qazaxıstanı alt-üst etmiş “5-ci kalon” bu saat Azərbaycanda nə iş görür?”- Sabiq nazir...

“Qazaxıstanı alt-üst etmiş “5-ci kalon” bu saat Azərbaycanda nə iş görür?”-  Sabiq nazir...
"30 ildir ki,  Azərbaycan xalqında da, dövlət sistemində də artıq, dediyim kimi, müstəqillik, Rusiyadan ayrı yaşamaq mentaliteti formalaşıb.  Artıq bu düşüncə ilə neçə nəsil yetişib. Bunları dəyişmək mümkündürmü?..” 
 
"Gəlin özümüzü Rusiyadan həddindən artıq qorxutmayaq...”
 
Qazaxıstanda baş verən faciəvi olayların məhz Rusiyanın "5-ci kalon”u tərəfindən planlaşdırılıb icra edildiyi və bütün bunların imperiyanın keçmiş SSRİ sərhədləri çərçivəsində bərpasına xidmət etdiyi iddia olinur. İctimai-siyasi proseslərə bu aspektdən yanaşsaq, bəs Azərbaycandakı  "5-ci kalon” dediyimiz qüvvələr bu saat ölkəmizlə bağlı nə iş görür və bu yaxın aylarda, bu il ərzində nələr etməyi planlaşdırır?
 
Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Moderator.az əməkdaşıyla  telefon söhbətində  bəhs edilən mövzuda  bu və digər sualları belə cavablandırıb:
 
-Əvvəla, dünyada birmənalı olaraq tarixi bir proses baş verib - SSRİ dağılıb və bunun əsasında dünya quruluşu dəyişib. İndi deyirsiz ki, yenidən Sovet İttifaqı bərpa ediləcək. Təbii ki, yox...
 
-Amma 1917-ci ildə çar Rusiyası dağıldı və 5 il sonra  onun yerində fərqli formada yeni imperiya – Sovet İttifaqı quruldu. Yəni imperiya, sadəcə, cildini dəyişdi. Bəs bu aspektdən necə yanaşırsız məsələyə?
 
-Bilirsiz,  onu da unutmayaq ki, artıq son 30 ildən çox müddətdə  postsovet məkanında yüz milyonlarla insanın zehnində müstəqillik və dövlətçilik ideyaları  formalaşıb.  Və bunu beyinlərdən silmək qeyri-mümkündür. Bu məsələni hansısa ölkəyə qoşun yeritməklə də həll etmək mümkün deyil. Mümkün olsaydı, yəqin ki, Putin indiyədək bunu edərdi. Artıq insanlar mənəvi-psixoloji baxımdan bu ideyları tam şəkildə qəbul edib. Prosesləri arxaya doğru yönəltmək isə mümkün olan iş deyil axı...
 
-Zəhmət olmasa, əsas sualımıza  qayıdaq. Azərbaycanda "5-ci kalon” nə iş görür və nələri planlaşdırır?
 
-Ölkəni Rusiya təsirinə qaytarmaq cəhdləri, təbii ki, olacaq. Mən bunu istisna etmirəm. Amma  30 ildir ki, Azərbaycan xalqında da, dövlət sistemində də artıq, dediyim kimi, müstəqillik, Rusiyadan ayrı yaşamaq mentaliteti formalaşıb. Artıq bu düşüncə ilə neçə nəsil yetişib. Bunları dəyişmək mümkündürmü? Və bunu dəyişdirə bilməyəcəyimiz halda hər bir ölkə sakinin yanında bir rus əsgəri qoymaq da mümkün deyil axı... Gəlin özümüzü Rusiyadan həddindən artıq qorxutmayaq...
 
-Axı o da var ki, Rusiya həmin Qazaxıstanda, o cümlədən digər keçmiş müttəfiq respublikalar kimi Azərbaycanda da əsrlərlə, hətta 30 illik müstəqillik dövründə də açılmamış arxivlərdən-filandan,  eləcə də rusdüşüncəli təbəqələrdən yararlanaraq nəhəng bir orduya bərabər sistem, yəni Kremlə bağlı "5-ci kalon” qurub?..
 
-Yox... "5-ci kalon” nə edə bilər ki? Onların nə edə biləcəklərini fikirləşək... Onlar hansısa çaxnaşma, iğtişaş yarada bilərlər. Hansısa şayiələri, dezinformasiyaları, fikirləri yaya bilərlər. Və s...  Amma tarixi-siyasi proseslərin qarşısını ala bilməzlər axı... Bu, mümkün olan şey deyil...  Bir sözlə, mən SSRİ-nin bərpasına inanmıram və gözləmirəm ki, kimsə bunu edə... Kimlər edəcək ki?.. Nəzərə alaq ki, Rusiya elitasının uşaqlarının 90 faizi Qərbdədir. Onlar SSRİ-ni bərpa edəcək? Yoxsa yenidən kommunistlər baş qaldıracaq... Rusiyanın özündə kommunist qalıbmı? Bizdən beşbetər hamısı Qərbə baxır... Dincəlməyə haraya gedirlər? Qərbə... Pullarını harda saxlayırlar? Qərbdə?.. Və birdən-birə bunların hamısını atıb SSRİ bərpa edəcəklər? Bu yönümdə hansısa siyasi partiya var, yaxud yeni neo-kommunist ideologiyası var? Heç nə yoxdur axı? İndi bütün bu gerçəkliklər qarşısında biz heç nədən emosiyaya qapılıb özümüzü niyə qorxutmalıyıq?  Keçmiş sovet imperiyasının ideologiyası var idi?  İndiki Rusiyanın hansı ideologiyası var? Onun adını bilən var?  Yox... Bütün postsovet məkanındakı kimi Rusiyada da gerçək ideologiya budur: qazan pulunu və kef elə?..
 
- Bəs Qazaxıstandakı faciəvi olaylar zamanı  Moskva tele-kanallarında sovet dövründəki kimi, məhz o dövrün "Vremya” proqramının sonundakı hava məlumatını müşayiət edən eyni məşhur musiqi ilə verilən tele-çarxda bütün keçmiş müttəfiq respublikaların paytaxtlarının iqlim proqnozunun( Bakı, İrəvan, Tiflis, Kiyev, Tallin, Vilnüs, Daşkənd və s.) verilməsi nə deməkdir? Ən azı, Putinin işğal hədə qorxusu deyil bu?..
 
-Məncə, gülməlidir bu şeylər(Gülür)... Yenə soruşuram, ümumi bir ideologiya var yeni ittifaq yaratmaq üçün? Bizə desələr ki, gəlin Rusiyaya birləşək. Biz soruşmayacağıq ki, nə üçün, hansı məqsədlə birləşməliyik?..
 
-Əvvəla, gözümüzün qarşısında heç Qazaxıstana  KTMT adı altında  faktiki Rusiya ordusunu yeridəndə qazax xalqından nəsə soruşan olmadı... İkincisi də, ümumi birləşdirici ideologiya kimi onu tətbiq edə bilərlər ki, bütün keçmiş ittifaq məkanındakı xalqların xeyli hissəsi yoxsulluqdan, işsizlikdən, evsizlikdən, eyni zamanda mənəvi-ideoloji boşluqdan əziyyət çəkir. Hər yerdə kiçik bir qrup korrupsiyaya qurşanıb varlanır, əksəriyyət isə minbir əzabla dolanır. İfrat sosial ədalətsizliyə kütləvi etiraz var. Yəni vəziyyət normal deyil. Və bu səbəblərdən orta yaşlı və yaşlılarda müəyyən mənada bərabərlik olan keçmiş  SSRİ ilə bağlı dərin bir  nostalji hissi yaranıb. Görünür, Kreml, Putin məhz bu məqamdan da birləşdirici  amil kimi yararlanmağa çalışır...
 
-Əslində normal olmayan vəziyyət, bilirsiz, hardadır. Hindistanda, Banqladeşdə, Afrikada... Yəni insanların aclıqdan, susuzluqdan can verdiyi ölkələrdə... Bizdə də o birilərə nisbətən yaxşı, yaxud pis ola bilər. Düzdümü? Ondan artıq ola bilməz ki? Deyirik ki, pis yaşayırıq. İndiki dövrdə yaxşı yaşamaq üçün dünyaya nəsə istehsal edib satmalısan... Bəs biz nə satırıq? Əsasən meyvə-tərəvəz... Nə satırıqsa, ona da uyğun dolanırıq... Bəli, aramızda  kimsə yaxşı yaşayır, kimsə pis... Belə vəziyyət ABŞ-da da var. Orada da hamı yaxşı yaşamır ki...
 
-Əsasən kütləvi korrupsiya narahat edir insanları... Demək olar ki, nisbətən Baltikyanı ölkələri çıxmaq şərti ilə bütün postsovet ölkələrində bu amil çox ağrıdıcıdır.  Sosial ədalətsizlik ifrata varıb... Və xarici qüvvələr Qazaxıstanı da elə buna kəskin etiraz dalğasından yararlanıb qarışdırılar...
 
-Korrupsiya hər yerdə var. Düzdür, bu, böyük problemdir. Amma onu inqilabla həll etmirlər ki... Hər halda kimsə mənə sübut etsin ki, hardasa inqilabla hakimiyyətə gələnlər  özləri yenidən rüşvət almağa, özbaşınalıq etməyə başlamayıb. Və ya bundan sonra inqilabla hakimiyyətə kim gəlsə, eyni əməlləri təkrar etməyəcək... 
 
-Tofiq müəllim, necə hesab edirsiz, indiyə qədər "Qərbin, Amerikanın adamı", "demokrat" kimi tanıdılan Paşinyan nədən KTMT çərçivəsində hamıdan öncə hərbi birləşmə göndərməyə hazır olduğunu bəyan etməklə Qazaxıstandakı diktator sayılan Nazarbayev rejiminə bir növ qahmar çıxdı?  Və bunu etməklə o, Ermənistan hakimiyyətinin Qarabağ siyasətinə hansı "töhfə”ni vermək  niyyətindədir?
 
-Bilirsiz, əvvəla, demokrat olmaq peşə deyil, peşə baş nazirlikdir... Və görünür, Paşinyan KTMT-ni canlandırmağa töhfə vermək istəyir ki, gələcəkdə bir problem olanda  həmin təşkilat Ermənistanın da köməyinə gəlsin... Amma KTMT artıq  30 ilə yaxındır fəaliyyət göstərir və yalnız birinci dəfədir ki, belə bir real əməliyyat keçirməyə başlayıb. Özü də dediyim kimi, cəmi 2400 əsgər ilə... Odur ki, bunlar ciddi görsənmir. Bu hərəkətlərin hamısı bir teatr tamaşasına bənzəyir...
 
Sultan Laçın