Bir neçə gün öncə Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Yaqubova Layə Cümşüd qızı həyat yoldaşı Nəsibov Nurlan Vəfadar oğlu ilə birlikdə 23 ədəd mobil telefonu xüsusi "ssenari" ilə keçirməyə cəhd ediblər.
Shafaqadogru.com unikal.org-a isitinadən xəbər verir ki, Yaqubova Layə Cümşüd qızı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş mühasibi Şövkət Yaqubovanın qızıdır.
Məsələ ilə bağlı açıqlama verən Şövkət Yaqubova saxlanılan şəxsin onun qızı, Nurlan Nəsibovun isə kürəkəni olduğunu təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan vətəndaşı Yaqubova Layə Cümşüd qızı həyat yoldaşı Nəsibov Nurlan Vəfadar oğlu ilə birlikdə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətini keçdikdən sonra əl yükü olan çamadanı lentin yanında qoyaraq ayaqyoluna daxil olub və orada əyninə çadra geyinərək lentin yanında qoyduğu çamadanı götürüb və "Yaşıl Kanal”a doğru hərəkət edib. Layə Yaqubova gömrük əməkdaşı tərəfindən saxlanılaraq "Qırmızı Kanal”a yönləndirilib və bu zaman həyat yoldaşının çamadanındakı qaçaqmal predmetlərinin aşkar ediləcəyini anlayan Nurlan Nəsibov diqqəti yayındırmaq məqsədilə yerə yıxılaraq özünü pis hiss etdiyini bildirib.
Gömrük əməkdaşlarının diqqətinin Nurlan Nəsibova yönəldiyini görən Layə Yaqubova "Qırmızı Kanal”a daxil olmadan yenidən çamadanını lentin yanına qoyaraq ayaqyolunda çadrasını çıxarıb və əl yükü olmadan "Yaşıl Kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etməyə cəhd göstərib. Gömrükçülər tərəfindən saxlanılaraq yoxlama otağına dəvət edilən Layə Yaqubovanın havalimanının zalında qoyaraq gömrük nəzarətindən keçmək istədiyi əl yükü olan çamadanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 6 ədəd "Samsung S9 64GB”, 1 ədəd "Samsung Note 9 128GB” , 5ədəd "İphone XS Gold 64GB”, 3 ədəd "İphone XS Space Gray 64GB” , 1 ədəd "İphone XS Gold 256GB”, 1 ədəd "İphone X Silver 64GB”, 1 ədəd "İphone XS MAX Space Gray 256GB”, 1 ədəd "İphone XS MAX Space Gray 64GB”, 1 ədəd "İphone XS MAX Gold 256GB” və 2 ədəd "İphone XS MAX Gold 64GB” markalı mobil telefonlar, əl çantasından isə 1 ədəd "Samsung S9 64GB” markalı mobil telefon aşkar olunub.
Yaqubova Layə Cümşüd qızı ilkin izahatında mobil telefonların həyat yoldaşı Nurlana məxsus olduğunu, gömrük nəzarətindən bu üsulla keçməyi də onun planlaşdırdığını bildirib.