Şəfəqə Doğru » Gündəm » “Kupça” amnistiyası:500 min sənədsiz evin sahibi bunu gözləyir - AKTUAL

“Kupça” amnistiyası:500 min sənədsiz evin sahibi bunu gözləyir - AKTUAL

“Kupça” amnistiyası:500 min sənədsiz evin sahibi bunu gözləyir - AKTUAL
Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacaq.

"Sənədsiz evlərin sənədləşdirilməsi prosesinə nə zamandan başlanılması nəzərdə tutulur?” sualına cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bununla bağlı müvafiq qanunvericilik aktı qəbul edildikdə prosesə başlanacaq. Qeyd edək ki, uzun illərdir ki, sənədsiz evlərlə bağlı problem həll edilməmiş qalır. Ölkə başçısı tərəfindən bu istiqamətdə tapşırıq verilməsinə baxmayaraq, mövcud vəziyyət onu göstərir ki, minlərlə vətəndaş hələ də çıxarış əldə edə bilməyib. Bəs yeni qanunvericilik aktı bu istiqamədə problemi həll edəcəkmi və həmin sənədləşmə prosesi daşınmaz əmlak bazarında bahalaşmaya gətirib çıxaracaqmı? Shafaqadogru.com -un məlumatına görə, millət vəkili Azər Badamov Cebhe.info-ya bildirib ki, evlərin sənədləşdirilməsi ilə bağlı kifayət qədər qanunvericilik bazası mövcuddur:

"Ölkə başçısı da bir neçə il bundan öncə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı öz tapşırığını vermişdi. Qanunlarda da müəyyən qədər sadələşdirmələr aparılmışdı. Bakı şəhəri üzrə evlərin sənədləşdirilməsi üçün təftiş aparılmışdı və ölkə başçısına hesabat verilməli idi. Yəqin ki, bu istiqamətdə işlər davam etdirilir və davam etdiriləcək. Ancaq Milli Məclisə müvafiq dəyişikliklə bağlı hələ ki, bir müraciət daxil olmayıb.

Qanunvericilik təşəbbüsü ilə bağlı belə bir layihə təqdim olunmayıb. Əgər təqdim olunarsa, müzakirə edəcəyik və dərhal da Milli Məclis bu istiqamətində dəyişikliklərin edilməsinə səs verəcək. Məqsəd sənədsiz evlərin tez zamanda sənədləşdirilməsidir. Bu çox narahatedici bir məqamdır. Problemin həlli istiqamətində hər bir orqan üzərinə düşən vəzifəni tez bir zamanda icra etməlidir”.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı məsələnin illərdir ki, qaldırıldığını deyir:

"Hətta ölkə başçısının bununla bağlı tapşırığı olub. Ancaq hələ ki, bu istiqamətdə ciddi bir addım atılmayıb. Bu gün Bakı və Abşeronda çıxarış verilə bilməyən, 500 mindən çox sənədsiz fərdi həyət evləri var ki, bu da birbaşa dövlət büdcəsini gəlirdən, vətəndaşları isə mülkiyyət hüququndan məhrum edib. Bununla bağlı hansısa bir addımın atılması istiqamətində amnistiya olmalıdır. Bu gün ölkədə, xüsusilə də Bakı və Abşeron ərazisindəki çıxarışsız fərdi həyət evlərinə baxsaq, onların böyük əksəriyyətinə "kupça” verilə bilmir. Zamanında hansısa bir qurum, yerli icra hakimiyyəti, yaxud bələdiyyə tərəfindən tikinti ilə bağlı sərəncam verilib. Həmin sərəncamlara əsasən ərazi bölünərək digər vətəndaşlara etibarnamə yolu ilə satılıb. Əslində bu, qanunazidd bir hərəkətdir. Etibarnamə yalnız bir şəxsin əvəzinə o olmadığı zaman hansısa bir işin görülməsi ilə bağlı verilir. Ancaq böyük həyət evləri, villalar, müəyyən əmlaklar digər vətəndaşlara satılıb.

Məsələn, 2000-ci ildə bir şəxsə sərəncamla 6 sot torpaq verilib və etibarnamə əsasında 2-3 şəxsə satılıb. Həmin evlər də dəfələrlə başqa şəxslərə satılıb. Bu gün həmin evlər özəlləşəndə sərəncam verilmiş şəxsin adına rəsmiləşir. Sərəncam verilmiş şəxs sağdırmı, vəfat edibmi? Yaxud həmin əmlak onun adına özəlləşdisə, o, digər digər şəxslərin xeyrinə alqı-satqıda qərar verəcəkmi? Bunlar hamısı sual altındadır. Bunlar hamısı gələcəkdə baş verəcək böyük bir problemlərin başlanğıdıcıdır”.

Ekspertin sözlərinə görə, hansı əmlakda vətəndaş yaşayırsa, onun sənədinin olub-olmamasından asılı olmayaraq, bələdiyyənin, yerli icra nümayəndəsinin qeydiyyatındadırsa, ünvan alıb və hansısa formada qeydiyyata düşübsə, həmin şəxslərin yaşadıqları mənzillərə çıxarış birbaşa faktiki yaşayan insanlara verilməldiir:

"Əgər köhnə sahiblərə verilərsə, bu, gələcəkdə çox böyük məhkəmə proseslərinə yol açacaq. Çünki zamanında bu problemlərin öhdəsindən gəlinmədiyi və vətəndaşlara aidiyyəti qurumlar tərəfindən verilmiş çıxarışlar, tikintilər özəlləşdirilmədiyinə, 2000-ci ildən bu günə qədər verilmiş sərəncamlar dəfələrlə etibarnamə ilə digər vərəndaşlara satıldığına görə onlar köhnə sakinlərin adına rəsmiləşərsə, həmin ərazilərdə vətəndaş narazılıqlarına gətirib çıxara bilər. İlk növbədə monitorinqlər aparılmalıdır ki, faktiki olaraq hansı ərazidə hansı vətəndaş yaşayır. Bu seçimlər olmalı və daha sonra özəlləşdirmə başlamalıdır”.

Ekspert deyib ki, bu gün ölkə ərazisində, xüsusilə də Bakı, Abşeron, Sumqayıt, Xırdalanda hər bir şəxsin həyətyani sahəsində su, işıq, qaz və həmin şəxslərin adına qeydiyyatdan keçmiş sayğaclar var:

"Bir vətəndaş 10-15 il həmin ünvanda yaşayırsa, sayğaclar onun adına rəsmiləşibsə, demək ki, rəsmi dövlət qurumları bu mənzilin həmin şəxsə məxsus olduğunu qəbul edib və onun adına sayğac verir. "Azərsu”, "Azəriqaz”, "Azərişıq”, bələdiyyə, mənzil istismar idarələri bu mənzilin həmin şəxsə aid olduğunu qəbul edib, onun adına rəsmi arayışlar verirsə, demək bu, artıq əmlak həmin şəxsin mülkiyyətindədir. Sadəcə həmin şəxsin mülkiyyət hüququ tanınmalı və çıxarışların verilməsinə çoxdan başlanılmalı idi ki, bu gün dövlət büdcəsi bu sahədən yararlansın. Hazırda alqı-satqı prosesləri ən çox ucuz fərdi həyət evlərində və onlar da çıxarışları olmayan ərazilərdə aparılır. Gün ərzində həmin ərazilərdə minimum 80-100 alqı-satqı prosesi gedir ki, əgər onların çıxarışı olsaydı, hər kvadratına görə dövlət vergilərdən yararlanardı. Bu gün çıxarış olmadığına görə vətəndaş o vergiyə gedən xərci hər hansı bürokratik yollarla digər şəxslərə verir ki, həmin mənzil digər vətəndaşın adına keçirilsin. Mövcud vəziyyətdə uduzan tərəf dövlətin büdcəsi və vətəndaşdır. Mülkiyyət hüququ tanınmadığına görə vətəndaş öz evinə qeydiyyata düşə bilmir. Rayon qeydiyyatında olan vətəndaşın Bakıda mənzili var, sadəcə çıxarış olmadığına görə qeydiyyata düşə bilmir. Vətəndaş bələdiyyə vergisi verə bilmir.

Bələdiyyələrin çıxarış olmadan hansısa bir əmlakdan vergi yığmaq hüququ yoxdur. Bundan başqa, vətəndaş dükandan kreditlə hansısa bir məişət əşyası almaq istəsə, 10-15 ildir paytaxtda yaşasa da çıxarış ala, qeydiyyata düşə bilmədiyinə görə həmin kreditdən yararlana bilmir. Çünki rayon qeydiyyatındadır. Bu kimi problemlərlə bağlı həm ölkə büdcəsi, həm iqtisadiyyatımız mənfiyə doğru gedir. Beləliklə, əgər Bakıda 500 mindən çox çıxarışsız fərdi həyət evi varsa və hər həyət evində 3 vətəndaşı olduğunu düşünsək, demək paytaxt ərazisində milyondan artıq vətəndaş qeydiyyatsız yaşayır”.

Sənədləşmə reallaşdığı təqdirdə qiymətlərin artmasına gəldikdə isə ekspert deyir ki, həmin ərazilərə çıxarış verilərsə, bu, birbaşa ipoteka predmetinə çevrilə bilər:

"Çünki vətəndaşın mənzilinin çıxarışı varsa, o, həmin mənzili banka girov qoyub kredit əldə edə bilər. Yaxud vətəndaş həmin mənzili ipoteka yolu ilə digər vətəndaşa sata bilər ki, burada da həm banklar yararlanar, həm vətəndaş öz evini rahat şəkildə satar, həm də digər şəxslər ucuz həyət evi ala bilər. Bunun qiymətlərin artmasına təsiri ola bilər. Çünki çıxarışların verilməsi zamanı müəyyən dövlət rüsumları ödəniləcək. Çıxarışların verilməsi mülkiyyət hüququnun tanınması deməkdir ki, bu, birbaşa vətəndaşın ölü kapitaldan diri kapitala keçməsidir. Yəqin ki, qiymət artımı olsa belə, əmlak bazarında canlamla yarada bilər.

Bu gün vətəndaşın əlində 30-35 min pul varsa, onun paytaxt ərazisində həmin qiymətə bina evi alması qeyri-mümkündür. Ancaq çıxarışı olmayan 30-35 min manata həyət evi var ki, vətəndaş onu almağa risk edə bilmir. Bu kimi problemlərin aradan qaldırılması ilk növbədə iqtisadiyyatın ayaqda durmasına, büdcəyə vəsait daxil olmasına səbəb olacaq. İndiyədək ciddi addımlar atılmasa da, böyük gözləntilər ondan ibarətdir ki, hansısa qərar, sərəncam verilsin və bu problemlər aradan qalxsın”.