Şəfəqə Doğru » Gündəm » Xalqın gözü qarşısında öldürülən lider və Paşinyanın aqibəti - TARİXƏ BAXIŞ

Xalqın gözü qarşısında öldürülən lider və Paşinyanın aqibəti - TARİXƏ BAXIŞ

Xalqın gözü qarşısında öldürülən lider və Paşinyanın aqibəti - TARİXƏ BAXIŞ

Ermənistan müxalifəti aprelin 5-də paytaxt İrəvanda mitinq keçirib. Azərbaycan, Ermənistan və Avropa İttifaqı Şurası rəhbərlərinin Brüssel görüşündən əvvəl təşkil olunan mitinqdə diqqətçəkən anlar yanaşıb. 

 

Etiraz aksiyası zamanı qaldırılan bir plakat xüsusilə diqqət çəkib. Belə ki, İrəvanın mərkəzində minlərlə etirazçının toplaşdığı aksiyada rumıniyalı diktator Çauşeskonun həyat yoldaşı birgə çəkilmiş fotosu qaldırılıb. Bu məqam Ermənistan mediasında və sosial şəbəkələrin erməni seqmentində geniş müzakirə predmetinə çevrilib. 

 

Sensasiya kimi səslənsə də, ermənilər hesab edirlər ki, Paşinyanın sonu diktator Çauşesko kimi olacaq, yəni xalq tərəfindən öldürüləcək...

 

 

Paşinyan və Çauşesko arasında hansı oxşarlıq var, Nikolun ölümü həqiqətən xalq tərəfindənmi olacaq?

 

Shafaqadogru.com  hər iki siyasətçinin həyatı ilə bağlı diqqətçəkən məqamları oxuculara təqdim edir:

 

Xatırladaq ki, Nikolae Çauşesko 26 yanvar 1918-ci ildə Rumıniyanın Skorniçeşti kəndində dünyaya gəlib. Ailənin 10 uşağından biri olan Çauşesko yaxşı təhsil ala bilib. 1932-ci ildə gizli fəaliyyət göstərən kommunist gənclər hərəkatına qoşulub, 1936-cı ildə isə Kommunist Partiyasına üzv olub. Kommunistlərin mitinqlərində iştiraka və təbliğata görə həbs edilən gələcək diktator iki il məhbəs həyatı yaşayıb.

 

Siyasi məhbus təcrübəsi ona ömürlük kommunist və antifaşist təbliğatının fəal iştirakçısı damğasını vurub. Siyasi karyerasında bunun Çauşeskoya böyük köməyi dəyib. Həbsdən çıxandan sonra rumın liderin təşəkkül tapmasında və gələcək nailiyyətlərində əhəmiyyətli rol oynayacaq Yelena Petresku ilə tanış olub və 1946-cı ildə onunla ailə həyatı qurub.

 

 

İxtisasca jurnalist olan Paşinyana gəlincə, o, 1998-ci ildə öz qəzetini qursa da, bir il sonra həmin media qurumu bağlanıb. O, dövrün Milli Təhlükəsizlik naziri Serj Sarkisyana böhtan atmaqda təqsirli bilinərək Çauşesko kimi həbs cəzasına məhkum edilib. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyana rəğbət bəsləyən Paşinyan ikinci prezident Robert Köçəryan, müdafiə naziri Serj Sarkisyan və onlara müttəfiq olan oliqarxları sərt tənqid edib, 2007-ci il parlament seçkilərində kiçik müxalifət partiyasının rəhbəri kimi marafona qoşulub və səslərin 1,3%-ni toplayıb.

 

 

Kütləvi iğtişaşların təşkilində təqsirli hesab edilən Paşinyan 2009-cu ilin ortalarına qədər gizlənib. O, mübahisəli şəkildə 7 il həbs cəzasına məhkum edilib. Lakin Paşinyan ümumi amnistiya çərçivəsində 2011-ci ilin may ayında azadlığa buraxılıb. 2012-ci ildə Ter-Petrosyanın geniş müxalifət koalisiyası olan Ermənistan Milli Konqresindən parlamentə seçilib.

 

 

Yoxsulluqdan hakimiyyətə

 

1947-ci ildə Rumıniyada kommunistlər hakimiyyətə yiyələnəndən sonra Çauşeskonun karyerasında sürətli yuksəliş dövrü başlayıb. 1965-ci ilin mart ayında baş katib Georgiu-Dejanın ölümündən sonra Çauşesko Rumıniya Kommunist Partiyasının birinci katibi olub. Çauşeskonun regionun kommunist ölkələrinə – Çin, Şimali Vyetnam və Şimali Koreyaya səfəri və sərt dövlət modelləri onu heyrətə gətirib. Ölkəyə qayıtdıqdan sonra özü üçün seçkilər keçirib. Rumın liderin təyin etdiyi seçkilərdə şübhəsiz ki, özü qalib gəlib. Bundan sonra isə o, ömürlük hakimiyyətdə qalacağını bəyan edib.

 

O, ailəsinin əlində böyük hakimiyyət cəmləşdirir. Həyat yoldaşı və sadiq dostu Yelena ölkənin ikinci şəxsi olur.

 

Çauşeskonun hakimiyyəti zamanı "ailə” sözü İtaliya mafiyası haqqındakı filmlərdəki çaları alıb. Bu ölkədə hər şey onun ailəsinə məxsus idi, tarixi dəyərlərdən tutmuş qoruq meşələrindəki marallara qədər.

 

 

"Xalqın adamı", qəzetçi, siyasi məhbus, müxalifətçi deputat və Baş nazir olan Paşinyanın keçdiyi yol da o qədər asan olmayıb.

 

 

Paşinyan 2018-ci ilin yazında xalqın içindən hakimiyyətə gəlir. Hakimiyyətin ilk günü Nikol tərəfdarları ilə birgə mitinq keçirir, axşam saatlarında isə Baş nazirin iqamətgahından "Facebook”da canlı yayım təşkil edir ki, bura xalqın evidir.

 

Xalqa müraciət edərək, bundan sonra ölkədəki hər şeyin şəffaf olacağına söz verir və sübut olaraq ofisində virtual ekskursiya keçirir.

 

 

Həftədə bir neçə dəfə o, millətə müraciət edərək islahatları dəstəkləməyə çağırır, opponentlərini hiylə qurmaqda günahlandır və konstitusiyaya dəyişiklərin ediləcəyinin anonsunu verirdi. Ta ki, 2020-ci ilin sentyabrın 27-də Qarabağda başlayan müharibəyə qədər...

 

Müharibənin gedişatında Paşinyan xalqın nifrətini qazanmağa başladı. 10 noyabr gecəsi, elə "Facebook” üzərindən Paşinyan erməniləri bir daha şoka saldı. Ermənistanın məğlub olduğunu elan edəndə, xalq onun kabinetini darmadağın etdi. Paşinyan ofisi qarət olundu, haqqında ən ağır təhqirlər səsləndirilir.

 

Nikol əşyaları ilə birlikdə həmin gecə xalqın dəstəyini də itirdi.

 

Hakimiyyət və ölüm qorxusu

 

Həddən artıq ehtiyatlı və vasvası Çauşesko o dövr üçün Avropa liderləri arasında ən böyük mühafizəyə sahib idi. Həmişə hər hansı xəstəliyə yoluxacağından qorxurdu. Onun şəxsi mühafizəçisi özü ilə spirt flakonu gəzdirir və Çauşesko hər hansı əşya ilə təmasdan sonra əllərini silirdi.

 

Şübhəçilik, hətta ideologiya baxımından dost olduğu SSRİ-yə səfər zamanı da özünü göstərirdi. Ancaq Çauşeskonu Moskva xəttinin sadiq tərəfdarı adlandırmaq olmazdı. Rumın liderin SSRİ ilə ilk ziddiyyəti 1968-ci ildə ortaya çıxdı. O zaman Çauşesko Varşava müqaviləsi qoşunlarının Çexoslovakiyaya soxulmasına qarşı idi. 1984-cü ildə Rumıniya Los-Anceles olimpiadasını boykot etməyən yeganə sosialist ölkəsi oldu. Bəzi digər məsələlərdə də Çauşesko müstəqil kurs yürüdürdü. Ancaq bununla yanaşı, həmin siyasət SSRİ-dən gələn maddi yardımın qarşısını kəsirdi.

 

Eyni zamanda sosialist Çauşesko Qərb liderləri ilə də dostlaşırdı. Rumıniyaya pul lazım olanda Kennedi və kraliça II Yelizaveta ilə görüşüb, onlardan maddi yardım istəyirdi.

 

 

Nikola sui-qəsd cəhdi

 

Müharibədən sonra Ermənistanın baş naziri Nikol Paşinyana qarşı dəfələrlə sui-qəsd cəhdinin olduğu deyilir. Amma hər dəfə belə halların qarşısı alınıb. Bununla bərabər, Ermənistan Qərb və Rusiya arasında oyun oynamağa davam edir. Belə ki, hakimiyyətə gələndə Nikol Paşinyan Qərbə yaxınlığı ilə seçilirdi. Amma regionda olan proseslər göstərdi ki, Ermənistan hələ də Rusiyadan asılı vəziyyətdədir.

 

Hakimiyyət qorxusu və xalqın əli ilə ölüm

 

Çauşesko özü dəbdəbəli həyat yaşayır, qiyməti 100 min dollar olan bahalı maşınlarda gəzirdi. Özü və ailəsi üçün tikdirdiyi çoxsaylı iqamətgahların yemək otaqlarında qablar bahalı metallardan, büllur tualetlərində unitazlar mərmərdən idi. Rəhbərin həyatının təminatı üçün yol verilən israfçılıq ölkə büdcəsinin böyük hissəsinin xərclənməsinə səbəb olurdu. Bu da nəticədə xarici borcun artmasına gətirib çıxardı.

 

70-ci illərin sonuna borc 13 milyard dollara çatdı. Rumıniya iqtisadi iflas ərəfəsində idi. Bu da ölkə daxilində məhsul qıtlığı yaratdı. O vaxtdan yanacaq və ərzaq çatışmazlığı rumınların gündəlik həyatının tərkib hissəsinə çevrildi. Əmək fəaliyyətinə pinəçi köməkçisi kimi başlayan Çauşeskonun hakimiyyət zirvəsinə yüksəlişi Roma imperatorları stilində dəbdəbə ilə davam etdi. Atını senator edən Kaliqulaya tam bənzəmək üçün Çauşesko Korbu adlı sevimli təmtəraqlı itini şan-şöhrətə bürüdü. İt üçün onu Buxarestdə gəzdirən xüsusi limuzin ayrılmışdı. İt Çauşeskunun çoxsaylı villalarının birində dəbdəbəli otaqda yatırdı. Sevimli itin xidmətində hətta telefon da var idi. Hər gün Londondan it biskvitləri alıb, Buxarestə göndərmək isə Rumıniyanın Böyük Britaniyadakı səfirinin xidməti vəzifəsinə daxil idi. Devrilməzdən bir müddət əvvəl Çauşesko sevimli itinə Rumıniya ordusunun polkovniki rütbəsi verdi.

 

Mükafatlarının sayına görə Çauşesko Leonid Brejnevlə rəqabətə girə bilərdi. Dəfələrlə Sosialist Əməyi Qəhrəmanı adını alan Çauşesko dost xalqların da bir çox mükafatını əldə etmişdi.

 

Sosialist düşərgəsində və Şərqi Avropada baş verən dəyişikliklər Rumıniyadan da yan keçmədi. 1989-cu ilin dekabrında ölkədə narazılıqlar baş qaldırdı. Transilvaniyada narazılıq daha güclü oldu. Əhalinin böyük hissəsinin onu dəstəkləyəcəyinə ümid edən Çauşesko 1989-cu ilin dekabrın 17-də regionun şəhərlərinin birində, Timişoarada nümayişçilərin güllələnməsinə qərar verdi. Sabahı gün Rumıniyanın bütün şəhərlərində, ilk növbədə Buxarestdə minlərlə insan küçələrə axışdı. Bir müddətdən sonra üsyanın qarşısının alınması mümkünsüz oldu. Çauşesko dövrü baş qəhrəman üçün rüsvayçı şəkildə sona çatdı. Diktator xanımı ilə birgə Rumıniya senatının damından qaçdı. Ancaq Tırqovişte şəhərində həbs edildilər.

 

Dekabrın 25-də rumın hərbçilər prezident və xanımı ilə bağlı məhkəmə prosesi qurdu. Proses televiziya vasitəsilə yayımlanırdı. Cəmi iki saat davam edən məhkəmə prosesində Nikola və Yelena Çauşeskolar soyqırımı ittihamıyla ölüm hökmünə məhkum edildilər. Şikayət üçün formal olaraq 10 gün vaxt verilsə də, hökm televiziya yayımı başa çatan kimi həyata keçirildi. Güllələnməni həyata keçirmək üçün yüzlərlə könüllü hazır idi, yalnız 4 nəfər - bir zabit və üç əsgər seçildi. Keçmiş diktator və xanımının meyiti bir neçə gün stadionda qalandan sonra Buxarestdə dəfn edildi.

 

 

Paşinyana gəlincə, onun hakimiyyət dövrü tarixdə məğlub olma və Qarabağın itirilməsi kimi qalacaq. Ermənistan xalqı hər şeyə görə şəxsən Baş nazir Nikol Paşinyanı və onun komandasını günahlandırır. Müxalifət Paşinyanı xain adlandırır və hesab edir ki, məhz onun hərəkətləri bu cür nəticəyə gətirib çıxardı.

 

Paşinyanı dövlətə xəyanətdə günahlandıran etirazçı kütlə onu Çauşesko ilə müqayisə edərək, baş nazirin eyni aqibəti yaşayacağını hesab edirlər.