Şəfəqə Doğru » Gündəm » Məmurların sayında ixtisarlar aparılmalıdır - GƏLİŞMƏ

Məmurların sayında ixtisarlar aparılmalıdır - GƏLİŞMƏ

Məmurların sayında ixtisarlar aparılmalıdır - GƏLİŞMƏ
Hökumət qənaət rejiminə keçməyə çalışır. Son günlərdə qəbul edilən bəzi qərarlara baxsaq, qənaət rejiminin konturlarını görmək mümkündür. Məsələn, Nazirlər Kabineti "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, Təhsil Nazirliyinə ayrılan xidməti minik avtomobillərinin say həddi 75-dən 23-ə endirilib.

Təhsil Nazirliyinin ərazi və yerli bölmələr üzrə ayrılan xidməti minik avtomoillərinin sayı 65-dən 13-ə endirilib. Həmçinin, Milli Məclisin deputatlarına verilən bəzi pul təminatları da ləğv edilib. Məlumatlara görə, iyulun 1-dən etibarən deputata hər ay vəzifə maaşı, vəzifə maaşına əlavə və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün verilən vergilərdən azad olunan pul təminatı ləğv olunub. Habelə, Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatlarına verilən deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı ləğv edilib. Bundan əlavə, məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün verilən onun iki aylıq vəzifə maaşı məbləğində müavinət də ləğv olunub.

Qeyd edək ki, deputatların maaşlarının artırılması ilə bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin iyunun 29-da keçirilən plenar iclasında III oxunuşda qəbul edilib. Qanuna edilmiş dəyişikliklə Milli Məclisin sədri 3 550 manat miqdarında aylıq vəzifə maaşı alacaq. Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq. Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Dünyada gedən proseslərə, məhz törədilən kataklizmləri (çoğrafi deyil, sosial, iqtisadi termin kimi yanaşsaq) nəzərə alsaq, qənaət rejiminə keçid labüddür. Yola salmaqda olduğumuz pandemiya da sübut etdi ki, qarşıdakı illərdə vəziyyət daha da pisləşə bilər. İqtisadi böhranlar, quraqlıq, aclıq, qıtlıq, su müharibələri, bəzi dövlətlərin dünyanın şəklini dəyişmək cəhdi... bütün bunlar gələcəkdə həyat şərtlərinin daha da ağırlaşacağının xəbərçisidir. Bu vəziyyətdə hökumətlər fors-major hallar üçün planlar, proqramlar tərtib edib, ehtiyat tədbirləri görür. Dövlət büdcəsinin qənaət rejiminə keçməsi də bu tədbirlərdən biri hesab edilməlidir. Necə ki, bir ailə qiymət artımı qarşılığında məsrəflərini minimuma endirməyə çalışır, eləcə də böyük ailə - dövlət ehtiyatların, gəlirlərin rasional xərclənməsi istiqamətində əməli iş görməlidir. Büdcə mənasız, əlavə xərclərdən azad edilməlidir.

Harda ki, "bunsuz” da keçinmək olar”, prinsipi işləyir, orda "bunsuz” keçinilməlidir. Məşhur "Ad günü” filmində Əlinin həyat yoldaşı övladına ad günü məclisinin keçirilməsinə etiraz edir, deyir ki,"bu dəm-dəstgah nəyə lazımdır. Ondansa uşağa palto alaq”. Söhbətə qulaq kəsilən qayınata isə qaşlarını çatıb: "dövlətdə "kiçik” və "böyük” siyasət anlayışı var. Elə bilirsən, bu bayramlar, təntənəli mərasimlər dövlətə lazımdır, filan qədər pul xərclənir bu cür tədbirlərə. Amma bu, dövlətin "kiçik siyasətidir”. Xalqa bayram da yaşatmaq lazımdır, parad da...”. Buradan çıxış edərək indi də müəyyən xərcləri, əgər onlar "kiçik siyasətə” aid deyilsə, azaltmaq olar. O qədər mənasız, "olmasa da olar” işlərə pullar xərclənir ki!

Təhsil Nazirliyinin xidməti avtomobillərinin sayının azaldılmasını, eləcə də millət vəkillərinin bəzi müavinətlərinin, əmək haqqına əlavələrin ləğvini qənaət rejiminə keçidlə əlaqələndirmək olarmı?

İqtisadçı Əkrəm Həsənov "Şərq”ə açıqlamasında, əvvəla, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna edilmiş dəyişiklik layihəsinin ictimaiyyətə təqdim olunmadığını bildirdi: - Şəxsən mən bu layihənin mətninin hardasa açıqlandığını, çap olunduğunu görməmişəm. Deyirlər, dəyişiklik edilib. Bəs harda yazılıb, harda açıqlanıb bu yeni layihə? Milli Məclis sanki bu layihəni gizli saxlayır. Qanun layihəsi ortada yoxdur. Milli Məclis "havadan”, "göydən” layihə qəbul edəndə onu dərhal təqdim edirlər, geniş şəkildə açıqlayırlar. Amma vəzifə maaşları və əlavələr haqqında qanun layihəsini gizlədirlər. Biz bilmirik, nə ləğv olunub, nə əlavə edilib. Bircə bunu bilirik ki, deputatların əmək haqqı 4 min manatdan 8 min manata çatıb. Hansısa əlavələr ləğv edilibsə, əvəzində onsuz da yenə yüksək əmək haqqı alacaqlar. Amma bütün hallarda bəzi əlavələrin, müavinətlərin ləğvi təqdirəlayiqdir. Onsuz da ölkədə icbari tibbi sığorta tətbiq edilir. Belə olan halda deputatlara müalicə xərclərinə görə niyə əlavə pul ödənməlidir? Və yaxud, deputat xarici səfərlərə dövlət hesabına gedir. Əmək haqqı da yüksəkdir, ona niyə əlavə məzuniyyət, istirahət pulu verilməlidir? Bunlar məntiqsiz şeylərdir.

Təhsil Nazirliyinə məxsus xidməti avtomobillərin sayının azaldılması da müsbətdir. Xərcləri minimuma endirmək lazımdır.
İqtisadçı qənaət rejiminə keçidlə bağlı fikirlərini də "Şərq”lə bölüşdü:

- Aydın məsələdir ki, ixtisarlar, azalmalarda məqsəd qənaətdir. Avropa ölkələrində nazirlər işə piyada, ya ictimai nəqliyyatla, ya da velosipedlə gedir. Bizdə də nəinki nazirlər, nazir müavinləri, komitə sədri və müavinləri, hətta idarə rəisləri, şöbə müdirləri də xidməti avtomobildən istifadə edir, hələ üstəlik, ailə məsələləri, şəxsi işləri, övladlarını məktəbə aparıb-gətirmək üçün də xidməti avtomobillərdən istifadə edirlər. Mən həmişə demişəm ki, məmurun maaşı yüksək olmalıdır ki, rüşvət almasın. Amma məmurun gəlirləri də şəffaf olmalıdır, gəlirlər açıqlanmalıdır. Dövlət vəsaitindən necə istifadə olunduğu, nə qədər vergi ödəndiyi bilinməlidir. Sizə deyim ki, hazırda ən böyük bədxərclik xarici səfərlərdədir. Pandemiya göstərdi ki, onlayn işləmək də mümkündür. Yəni xarici ölkələrdə təşkil edilən tədbirlərdə onlayn formatda da iştirak etmək olar. Məcbur deyillər ki, hansısa ölkəyə səfər etsinlər.

Onsuz da hamı bilir ki, xarici ölkəyə səfərlər daha çox gəzinti məqsədi daşıyır. Hamısı xaricə gəzməyə gedir. Orda danışdıqlarını, səsləndirdikləri təklifləri, imzaladıqları sənədləri onlayn qaydada da edə bilərlər. Amma yox, pandemiya bir qədər yumşalan kimi hamısının xaricə "ayağı açılıb”. Bu, dövlət büdcəsindən 100 milyonlarla vəsaitin xərclənməsi deməkdir, həm də lazımsız yerə.

Bizim ölkədə məmurların sayı həddindən artıq çoxdur. Əgər məmur sayında ixtisar aparılmırsa, qənaət rejimindən geniş mənada danışmaq əbəsdir. Görün, nə qədər xarici dövlətdə Azərbaycanın səfirliyi, diplomatik korpusu, konsulluğu, nümayəndəliyi və bunların hamısının nə qədər əməkdaşı var. 50 il əvvəl bu lazımlı sayılırdı. Səfirlər, konsullar dövləti təmsil edirdi.

Müasir zamanda onlara geniş ehtiyac yoxdur. Dövləti xarici ölkələrdə yaşayan, işləyən, təhsil alan vətəndaş da çox gözəl təmsil edə bilər. Əgər onlarla normal qaydada iş aparılsa. Qısası, hökumət istəsə, qənaət rejiminə keçə bilər. Büdcəyə də az zərər verilər.