2022-2023-cü tədris ilinin başlamasına sayılı günlər qalıb. Amma təhsilimizin "qayğısı"na qalan repetitorlar dərs yükünün çox olmasını nəzərə alaraq, sentyabrın 1-dən məşğələlərə başlayacaqlarını elan ediblər. Artıq "fəaliyyət"ə başlayan müəllimlər "WhatApp" qruplarındakı "dərslər ağırdır", "uşaqlar çatdıra bilməyəcəklər" mesajları ilə onsuz da narahatlıq içərisində olan validyenlərin təlaşını daha da artırırlar.
Belə anlaşılır ki, ölkə məktəblərində tədris düzgün qurulmur, orta məktəblər təhsil verə bilmir. Adı pulsuz olan təhsilin keyfiyyəti sıfıra düşüb, əvəzində ödənişli təhsil prioritetə çevirilib.
Necə deyərlər, sovet dövründəki kimi, pulun var oxu, yoxdur get özünə gün ağla...Shafaqadogru.com xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bu barədə Modern.az-a danışıb. Ekspert deyib ki, repetitorların şagirdləri hazırlığa daha tez çağırmasına səbəb olan bir neçə amil var:
"Belə ki, müəllimlər dərslərə daha tez başlamaqla öz şagirdlərinin məktəbdə daha aktiv olmasına, sinif yoldaşlarından öndə olmasına çalışırlar. Daha tez başlayıb, daha çox şagirdə dərs deməyə çalışırlar. Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarını mart ayında keçirməsi repetitorların tədrisə daha tez başlamalarına gətirib çıxarır. Müəllimlər nəzərə alırlar ki, bəlkə imtahan fevral ayında keçiriləcək. Çalışırlar ki, bütün hallarda proqramı çatdıra bilsinlər”.
Ekspert düşünür ki, repetitorların daha tez fəaliyyətə başlaması maddiyyatla bağlıdır:
"Onlar gəlirlərinin vaxtını uzatmağa çalışırlar. 7 yox, 8-9 ay dərs keçmək istəyirlər. Amma şagirdlərin tətili bitirmədən dərsə başlamaları onlara müəyyən qədər psixoloji təsir edir. Azərbaycanda hava şəraiti kifayət qədər istidir və şagirdlərin normal tədrisinin təşkili mümkün deyil. Müəllimlər öz maddi maraqlarına görə şagirdlərə bu tipli çətinlik yaratmamalıdırlar. Hazırlıqlar sentyabrın 15-i başlasa daha yaxşı olar. Amma buraxılış imtahanlarının tez başlamağını nəzərə alsaq, müəllimləri də çox qınamaq olmur”.