Şəfəqə Doğru » Gündəm » İsveçin NATO üzvlüyünə Rusiya müdaxilə edir -İDDİA

İsveçin NATO üzvlüyünə Rusiya müdaxilə edir -İDDİA

İsveçin NATO üzvlüyünə Rusiya müdaxilə edir -İDDİA
Rusiya İsveçin NATO-ya daxil olmasının qarşısını almaq üçün səylər göstərir. 

   Bunu SVT telekanalına müsahibəsində İsveç Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin rəhbəri Tomas Nilsson deyib.

   "Onlar İsveçdə ictimai rəyə və qərarların qəbuluna təsir etmək istəyirlər. Biz bunu adətən daxili nüvə adlandırırıq: demokratiyamız və özümüzün seçdiyimiz həyat tərzimiz. Onlar buna təsir göstərməyə, həm də üzvlük üçün müraciət məsələsinə təsir etməyə çalışırlar", deyə Tomas Nilson bildirib.

  Nilssonun sözlərinə görə, Rusiyanın İsveçə qarşı hibrid əməliyyatlarının arxasında həm Rusiya dövləti, həm də onun etibarlı şəxsləri dayanır.

   Nilsson İsveçin NATO-ya daxil olması halında Rusiya rəsmilərinin "hərbi-texniki tədbirlər” haqqında ictimaiyyətə açıqlamalarını təsir nümunəsi hesab edir. O, həmçinin bildirib ki, ötən il ərzində İsveçdə mühafizə olunan bir sıra obyektlərdə müəyyən "xarici vətəndaşlar” saxlanılaraq polisə təhvil verilib.

   Qeyd edək ki, ötən il Rusiyanın Ukraynaya hücumu fonunda İsveç və Finlandiya ənənəvi neytrallıqlarından əl çəkməyə qərar verib və NATO-ya üzv olmaq üçün ərizələr təqdim ediblər. Lakin Türkiyə Finlandiyanın Alyansa üzv olmasına "yaşıl işıq" yandırsa da, İsveçlə bağlı fərqli qərar verib. Ankara PKK terrorçularının təhvil verilməsini tələb edir ki, yalnız bundan sonra İsveçin NATO-ya daxil olmasına icazə verəcək.
    Bəzi məlumatlara görə, Rusiya İsveçdə Türkiyə əleyhinə təxribatlar təşkil edib ki, Ankara bu ölkənin NATO-ya üzv olmasına razılıq verməsin.