Şəfəqə Doğru » Gündəm » Deputat parlamentdə Priqojini Surət Hüseynova bənzətdi

Deputat parlamentdə Priqojini Surət Hüseynova bənzətdi

Deputat parlamentdə Priqojini Surət Hüseynova bənzətdi

Bu gün səhər saatlarında Rusiyada “Vaqner”in rəhbəri Yevgeni Priqojin qiyama əl atıb.

 Bu barədə Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev danışıb (modern.az).

 O, Rusiyada yaşanan hadisələri illər öncə Azərbaycanda baş vermiş qiyama bənzədib:

 “Bu, eynilə bizdə 90-cı illərdə Surət Hüseynovun qaldırdığı qiyam kimidir. Biz Rusiyadan fərqli olaraq qonşu ölkədə baş verən qiyamı pisləyirik. Bundan əlavə, qanuni hökumətin bu kimi problemləri qanuni yolla həll etməsini arzulayırıq. Hesab edirəm ki, parlament olaraq biz öz mövqeyimizi bildirməliyik”.

 

Deputat Siyavuş Novruzov isə Azərbaycanın heç bir ölkənin daxili işinə qarışmadığını söyləyib:

 

“Azərbaycan suverən ölkədir. Heç bir ölkənin daxili işinə qarışa bilməz. Qüdrət bəy burada bildirir ki, parlament münasibət bildirsin. Təbii ki, bu mümkün deyil. Amma istəyən şəxs öz fərdi mövqeyini bildirə bilər”.

 Məlumat üçün bildirək ki, "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin teleqram kanalında sensasion səs yazıları yayılıb. O, rəhbərlik etdiyi bölmələrin hücuma məruz qaldığını iddia edib və buna görə Rusiyanın hərbi rəhbərliyini günahlandırıb.

 Belə ki, Priqojin müdafiə naziri Sergey Şoyqu ilə hesablaşmaq üçün 25 min nəfərlik silahlı dəstə ilə Rostovdan Moskvaya doğru hərəkət etdiyini diqqətə çatdırıb. Məlum bəyanatdan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaların yalan olduğunu bildirib.

 Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi özəl hərbi şirkətin döyüşçülərini hücumlardan çəkinməyə çağırıb. Prezidentin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, dövlət başçısı Vladimir Putinə vəziyyətlə bağlı məlumat verilib və lazımi tədbirlər görülür.

 Digər məlumata əsasən, “Vaqner”in rəhbəri Yevgeni Priqojin artıq Rostovdadır. Şəhərin “Vaqnerçi”lər tərəfindən ələ keçirildiyi, bu səbəbdən bütün tədbirlərin ləğv edildiyi iddia olunur.

 Rusiya Müdafiə Nazirliyi bu gün səhər saatlarında yaydığı açıqlamada Priqojinlə bağlı vəziyyəti silahlı üsyan adlandırıb. "Vaqner"in döyüşçüləri ehtiyatlılıq nümayiş etdirməyə, idarənin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağa çağırılıb. Nazirlik şöbə və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayacaq döyüşçülərin təhlükəsizliyinə zəmanət verib.