Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hesab edir ki, Ermənistan və Amerika Birləşmiş Ştatları arasında münasibətləri intensivləşdirmək və dərinləşdirmək üçün əla fürsət var.
"Armenpress"ə istinadən xəbərdə deyilir ki, bu barədə ABŞ-da işgüzar səfərdə olan Armen Qriqoryan "Amerikanın Səsi"nə müsahibəsində bildirib.
"ABŞ-ın regionda demokratiyaya marağı belə əməkdaşlıq üçün geniş meydan açır. Təhlükəsizlik, enerji və iqtisadiyyat bizim müzakirə etdiyimiz və əməkdaşlığımızı necə genişləndirə biləcəyimizi görmək üçün növbəti iki gün ərzində müzakirə edəcəyimiz gündəm bəndləridir", - o qeyd edib.
Qriqoryan Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda bir çox məsələlərin hələ də həll olunmadığını bəyan edib.
"Ermənistan sabit sülh sazişinin tezliklə imzalanması üçün imkan yaratmaqda maraqlıdır, çünki regionda sabitlik və sülh Ermənistanın suverenliyinə və müstəqilliyinə kömək edəcək və ölkənin demokratiyasını qoruyacaq", - Qriqoryan deyib.