Dünən Bakı Apellyasiya Məhkəməsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətin Konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin barəsindəki həbs qətimkan tədbiri qərarından verilən apellyasiya şikayətinə baxılıb.
"Qafqazinfo"nun məlumatına görə, müdafiə tərəfinin B.Abdullayevin azadlığa buraxılması tələbi rədd edilib və apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.
Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev vəzifəsindən azad olunub.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Ə.Ağami artıq həbs olunub, E.Məmmədov isə əməliyyat zamanı zərərsizləşdirilərək öldürülüb.
Xatırladaq ki, B.Abdullayevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308.2-ci (əzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi də irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi B.Abdullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.