"Şəki İpək” kombinatı fevralın 1-dən fəallyyətini qeyri-müəyyən müddətə dayandırıb. Halbuki, ötən il hökumət ipəkçiliyin inkişafı üçün dövlət büdcəsindən subsidiya ayrılıb. Bu məqsədlə Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat yönəldilmişdi.
"İpəkçi” qəzetinin baş redaktoru Aydın Məmmədov "Gununsesi.info”ya bildirdi ki, subsidiyalar sayəsində əldə olunan ucuz xammal, dünya bazarında ipəyə, ipək məhsullarına təlabatın artması və bunların qiymətlətinin yüksəlməsi Şəki İpək kombinatınin daimi işləməsi üçün yetərli olmayıb. Xam parçaya müştəri tapılmadığından fevralın 1-dən etibarən qeyri-müəyyən müddətə işi dayanıb”.
A.Məmmədovun sözlərinə görə, hazırda dünya toxuculuq sənayesində istehsal edilən parçanın yalnız 0,2 faizini təbii ipəkdən toxunan parçalar təşkil edir: "Çin bütün dünyada istehsal olunan ipəyin 70 faizini verir. Çindən sonra ən çox ipək istehsal edən ölkə Hindistan, sonra isə Özbəkistandır. Ümumiyyətlə 60 ölkədə az-çox ipək istehsalı var. Hər ölkədə istehsal olunan ipək keyfiyyətinə və qiymətinə görə fərqlənir. Bu gün dünya bazarında Çin ipəyinin 1 kq-ı 68-71 dollar, Viyetnam ipəyi 65-68 dollar, Hindistan ipəyi 60-65 dollar, Özbəkistan ipəyi isə 48-55 dollar qiymətindədir. Son iki il ərzində ipəyin qiyməti iki dəfə yüksəlib. Məsələn, 2016-cı ildə Çin ipəyinin qiymət 34 dollaridi.
Son illərdə Azərbaycanda, Özbəkistanda və Türkmənistanda ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı dövlət proqramları qəbul olunub. 2016-cı ildə Azərbaycanda birdən-birə 70 ton, 2017-ci ildə 244 ton yaş barama tədarük edilib. Cari il üçün isə 400 ton yaş barama yetişdirilməsi proqnozlaşdırılıb və heç şübhə yoxdur ki bu il ölkədə 300 tondan artıq yaş barama əldə olunacaqdır. Məlumat üçün əlavə edək ki, 2,8 kq yaş baramadaq 1 kq quru barama, 3 kq quru baramadan isə 1 kq ipək hasil olur. Başqa sözlə, 1 kq ipəyin əldə olunması üçün 8,4 kq yaş barama lazımdır. Əgər bu il Azərbaycanda yaş barama tədarükü 400 ton olacaqsa, bu 47, 6 ton xam ipək, 300 ton olacaqsa bu 35, 7 ton xam ipək deməkdir.
A.Məmmədov qeyd edir ki, Azərbaycanda yaş baramanın alıcısı "Şəki-İpək” ASC-dir: "Ötən il barama yetişdirən fermerlər – kümdarlar, yetişdirdikləri baramanı kq-nı "Şəki-İpək” ASC-yə 4 manata satıb, lakin həm də yetişdirdikləri baramanın hər kq-ı üçün dövlətdən 5 manat subsidiya alıb. Bir sözlə, kümdarlar yetişdirdikləri məhsulun kq-nı 9 manata satıb.
Lakin subsidiyalar sayəsində əldə olunan ucuz xammal, dünya bazarında ipəyə, ipək məhsullarına təlabatın artması və bunların qiymətlətinin yüksəlməsi "Şəki İpək” kombinatınin daimi işləməsi üçün yetərli olmayıb.
Hazırda dünyanın bir çox toxuculuq müəssisələri ipək və ipək məhsulları, o cümlədən xam ipək parça axtarırlar; bunlardan bəziləri internet üzərindən "İpəkçi” qəzeti ilə əlaqə yaradıb bizdən "Şəki ipək” kombinatının məhsulları ilə bağlı informasiya istəyirlər. Biz onları məlumatlandırırıq və lazımı ünvana istiqamətləndiririk. Bunlardan birini – Hindistanda gündə 8 ton ipək işlədən şirkətin nümayəndəsini isə Şəkiyə dəvət etmişdik. Yaxın günlərdə bura gələcəyini və qiymətlər münasib olarsa bütün ipəyi və ipək məhsullarını alacağını bildirmişdi. Lakin xam parçaların qiymətləri ilə qiyabi tanış olandan sonra dedi ki, burada qiymətlər Hindistandan iki dəfə bahadır. Baxmayaraq ki, Şəki ipək kombinatı xam parçasını 1 m-i təxminən 16 dollardan artıq qiymətə təklif etmir. Lakin bu da məlumdur ki Çin bazarında bundan aşağı qiymətə hazır ipək parça almaq mümkündür”.