Şəfəqə Doğru » Gündəm » 9 illikdən buraxılış imtahanı necə keçiriləcək? – Yeni qaydalar

9 illikdən buraxılış imtahanı necə keçiriləcək? – Yeni qaydalar

9 illikdən buraxılış imtahanı necə keçiriləcək? – Yeni qaydalar

 Dövlət İmtahan Mərkəzi 2017-ci ildə ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanının keçirilməsi qaydaları haqqında məlumat açıqlayıb.

Mərkəzdən Lent.az-a verilən məlumata görə, 2016/2017-ci tədris ilində ümumi orta təhsil (9‑cu sinif) səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək.

 

Belə ki, buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili və hər iki bölmə üzrə riyaziyyat fənnindən ibarət olmaqla iki mərhələdə keçiriləcək.

Birinci mərhələdə şagirdlərə Azərbaycan dili və rus dili fənlərindən oxuyub‑anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq üçün 10 açıq, ümumilikdə, iki fənn üzrə 30 test tapşırığı təqdim ediləcək. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30 qapalı, ümumilikdə 60 test tapşırığı təqdim olunacaq. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük prinsipi əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək.

İmtahanın birinci mərhələsinin 2017-ci ilin fevral və mart, ikinci mərhələsinin isə iyun ayında keçirilməsi nəzərdə tutulur. Buraxılış imtahanında iştirak etməyən şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilməyəcək.

Bildirək ki, pedaqoji ictimaiyyətin, valideynlərin və şagirdlərin buraxılış imtahanında tətbiq olunacaq bu yeni qaydalarla tanış olması məqsədilə ilk olaraq 22 oktyabr 2016-cı il tarixində Gəncə şəhərində seminar keçirilib. Müəyyən olunmuş qrafik üzrə Naxçıvan, Şəki, Lənkəran, Xaçmaz, Ağcabədi, Göyçay və Şirvanda bölgə seminarları keçiriləcəkdir. Yaxın vaxtlarda "Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin  qaydaları, Azərbaycan dili, rus dili və riyaziyyat fənlərindən buraxılış imtahanı  proqramları, imtahanda V-IX siniflər üzrə yoxlanacaq məzmun standartları, tapşırıq nümunələri və onların qiymətləndirmə meyarları nəşr ediləcəkdir. Həmçinin həmin fənlərdən respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan IX sinif dərslik komplektləri əsasında qiymətləndirmə vəsaitləri çapa hazırlanır.