Görəsən rəhbərlik etdiyi təhsil şöbəsini rüşvətxorluq girdabına sürükləyən Zərifə xanımı, yaxın vaxtlarda nələr gözləyə bilər? Zərifə Məmmədova soyadı ilə tanınan Yevlax şəhər təhsil şöbəsinin müdiri vəzifəsini daşıyan Zərifə xanımın adı, artıq respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsinlər. Amma, bu gün Yevlax şəhər təhsil şöbəsini uçruma sürükləyən Zərifə xanımın adı çəkiləndə, hər kəs onu təhsilimizin qənimi hesab etməkdən belə çəkinmirlər. Belə bir yanaşma nədən və hardan qaynaqlanır? Səbəb nədir ki, təhsil şöbəsinin şefinə qarşı bu cür ictimai münasibət formalaşıb? Odur ki, bütün bunlar haqda lazımi məlumatları əldə etmək üçün, heç də vaxt itirməyə dəyməz. Sadəcə olaraq şəhərin bir neçə təhsil ocaqlarına, o cümlədən "solaxay idarəçiliyin” tətbiq olunduğu 10 saylı şəhər orta məktəbinə baş çəkmək kifayət edər ki, hörmətli Zərifə xanımı nədən təhsilimizin qənimi hesab edirlər yanaşmasına, bu və ya digər formada aydınlıq gətirə bilək. Çünki, informasiya mərkəzimizi məlumatlandıran mənbə bildirir ki, xanım şöbə müdiri neçə illərdir ki, daşıdığı vəzifəsinə sahib olub və ötən illər ərzində də o, Yevlax təhsilinə də elə bir zərbələrini vurub ki, həmin zərbələrin izini hələ uzun müddət silmək mümkün olmayacaq. Zərifə xanımın həyata keçirdiyi idarəçiliyin mahiyyəti haqda məlumatları informasiya mərkəzimizə çatdıran mənbə bildirir ki, o, hər il dərs günü başlamazdan əvvəl məktəb direktorlarının iştirakı ilə bağlı qapılar arxasında "məşvərəti-məclis” keçirir və hər bir məktəb direktoruna lazımi tapşırıqlarını da verir. Keçirilən görüşdə təhsilə dair bir sıra məsələlər müzakirəyə çıxarılsa da, əsas müzakirə mövzusu şöbə müdirinin maraqlarının təmin olunmasına yönəldilir. Məsələn, o, keçirilən "məşvərəti-məclis”də məktəb direktorlarına tapşırıqlarını verir ki, yeni dərs ili başladı, mütləq məktəblilər dərsə məktəbli formasında getməlidirlər. Bəli, belə bir tapşırıq günün tələbi olsa da, amma, hər kəs verilmiş tapşırıqların mahiyyətini dərk edir ki, həmin tapşırıqlar heç də elə-belə verilmir. Çünki, şəhərin mərkəzi hissəsində və ətraf ərazilərdə məktəbli formasını tikən bir neçə sexlər var ki, həmin sexlər də, bu və ya digər yollarla xanım şöbə müdirinə bağlı olan sexlərdir. Elə ki, dərs günü başlamazdan əvvəl həmin sexlərdə məktəbli formaları tikilib hazır olur, o halda xanım şöbə müdiri məktəb direktorlarından konkret siyahını tələb edir və məktəbli formalarını da onlara siyahı ilə paylatdırır. Ümumi satışdan əldə olunan gəlirin bir hissəsi həmin sexlərə çatsa da, gəlirin daha çox hissəsi isə, şöbə müdiri ilə məktəb direktorları arasında "pay-püş” edilir. Bundan əlavə, şəhərin təhsil ocaqlarında direktor vəzifəsini daşıyanların tam əksəriyyəti, Zərifə xanıma bağlı məktəb direktorlarıdırlar. O, belə bir addımlarını atarkən yüz ölçüb bir də biçib. Yəni, əvvəlcədən götür-qoy edib ki, hər təhsil ocağına rəhbər təyin olunan şəxs, mütləq ona bağlı şəxs olmalıdır. Çünki, müəyyən maxinasiyaları, saysız-hesabsız qanunsuzluq əməllərini və.s ört-basdır etmək üçün, o, zamanında məsləhətli addımlarını atıb. Bu gün də nəticə göz önündədir. Məsələn, şəhərdəki mənbəmiz informasiya mərkəzimizi məlumatlandıraraq bildirir ki, dərs günü başlamazdan əvvəl, Yevlaxın təhsil ocaqlarında dərs saatları rəhbərliyin maraqları çərçivəsində satışa çıxarılır. Satış mərkəzi şəhərdəki "Təbiət” şadlıq sarayının altında yerləşən və Samir adlı şəxsə məxsus olduğu bildirilən mağazada həyata keçirilir. Belə bir olaylar haqda məlumatları informasiya mərkəzimizə verən mənbə onu da bildirir ki, Zərifə xanımım "dobro” deməsindən sonra, əksər məktəblərdə təcili qruppalar da yaradılır və hər qruppa 100-200 manata satılır. Şəhərin əksər məktəblərində "ölü siniflər” də mövcuddur. Bu sırada şəhər 10 saylı məktəbinə direktorluq edən Xoşbəxt xanımın adı, daha çox öndə çəkilir. Çünki, Xoşbəxt xanım gündəlik Yevlax təhsilinə bədbəxliklər bəxş etməkdədir. Adicə onu vurğulamaq yerinə düşər ki, 10 saylı məktəbdə 1 dərs saatı müəllimlərə 15-20 manata satılır. Fənlər üzrə əsas ixtisas sahibi olan müəllimlərə az dərs saatı verilir. Kollec təhsili alanlara isə, müəyyən maraqlar çərçivəsində 8-10 saat dər saatı verilir. Hər ibtidai sinfin açlışına görə, müəllimlərdən 150-200 manat "şirinlik” alınır. Məktəbdə elə sinif var ki, şagirdlərin adları jurnallarda getsə də, özləri məktəb üzü tanımırlar. Xoşbəxt xanımın bədbəxt etdiyi 10 saylı şəhər məktəbdə müzakirə olunan mövzulardan biri də, onun kürəkəninin həmin təhsil ocağında gecə gözətçisi "işləməsidir”. Amma fakt budur ki, onun kürəkəni Türkiyədə yaşayır. Doğma qızının adı ştat cədvəlində gündüz gözətçisi getsə də, onun da gözətçilikdən heç cür xəbəri olmur. Hələ bunlar azmış kimi, şəhərdə vəzifə sahibi olan şəxslərdən birinin həyat yoldaşının adı ştat cədvəlində müəllimə olsa da, həmin xanım da heç vaxt məktəb üzü tanımır. Şəhər təhsil şöbəsində işləyənlərdən birinin qız övladının adı isə, həmin məktəbdə texniki işçi kimi getsə də, o RF-ı ərazisində yaşayır və belə bir səbəb üzündən də, heç vaxt məktəb üzü tanımır. Şagirdlərə verilməli olan kitabların çoxu şəhərin mağazalarında satışa çıxarılır və bütün bunlarında başında da, hörmətli Zərifə xanım durur. İndi bir anlığa fikir verək. Bütün bu kimi maxinasiyaların arxasında nələr durur? Təhsilimizi inkişaf etdirmək, yoxsa büdcə pullarını belə bir yollarla altüst etmək? Maraqlı haldır ki, Yevlaxın təhsil ocaqlarında yığılan pullar, məhz Səyad müəllimin adı ilə yığılır. Səyad müəllim də təhsil şöbəsində müavin işləyir və o, Tərtər rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədovun qayınatasıdırdır. Yevlax təhsilində yaşanan belə bir ab-havanın varlığı onu söyləməyə əsas verir ki, bəli rəhbərliyin yarıtmaz idarəçiliyi, ümumi vəziyyətin bu həddə gəlib çatmasına səbəb olan əsas amildir. Diqqəti cəlb edən hal odur ki, şəhər icra hakimiyyətinin başçısı ümumi vəziyyət haqda kifayət qədər məlumatlı olsa da, o da hər hansı qabaqlayıcı tədbirlərini görmür. Artıq dövr dəyişib, zaman yeniləşib. Yəni sabiq nazirin idarəçiliyi, bu gün yeni təfəkkürə, yeni idarəçilik üslubuna söykənən cənab Mikayil Cabbarovun idarəçiliyi ilə əvəzlənib. Rəhbərliyin dəyişdiyi ilk vaxtlarda, əmələ gələn ab-hava əksəriyyətdə belə bir fikir formalaşdırmışdı ki, Yevlax təhsilində şöbə müdirliyi vəzifəsi, heç də Zərifə xanıma düşərli olmayacaq. Sevindirici hal o oldu ki, cənab Mikayıl Cabbarov təyinatının ilk günlərindən müəyyən addımlarını atmağa başladı. Yerlərdən ünvanlanan şikayətlərin araşdırılması, baş verən neqativ amillərin müəyyən olunması, işinin öhdəsindən gələ bilməyən rəhbər şəxslərin dəqiqləşdirilməsi və vəzifələri ilə vidalaşmaları istiqamətində lazımi addımlarını atması, hər kəsə ümid verdi. Belə olan halda inanırıq ki, yaxın vaxtlarda "yola salınacaq” vəzifə sahiblərindən biri də, hörmətli Zərifə xanım olacaq. Həmin günün reallaşacağını tək biz yox, Yevlax təhsilində əvəzsiz xidməti olanlar da səbirsizliklə gözləyirlər. İnanırıq ki, xanım şöbə müdirinin şöbə müdirliyindən "yola salınması” Yevlax təhsilinə yeni bir nəfəs verəcək. Bu əksəriyyətin istəyi, həm də zamanın tələbidir. (Azerinfo.az) P.S. Hörmətli oxucular! İnanırıq ki, bizim belə bir açıqlamamızdan sonra Yevlax təhsilini "qara günə” sürükləyən, təhsilimizə olmazın zərbələrini vuran hörmətli Zərifə xanımın idarəçiliyinə, xüsusilə də 10 saylı şəhər məktəbində qol qoyulan maxinasiyalara olduqca diqqət döstəriləcək və cənab Mikayıl Cabbarovun qol qoyulan saxtakarlıqlarla bağlı qərarı, yəqin ki, yaxın günlərdə hər kəsə də bəyan olacaq.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Shafaqadogru.com Azerinfo.az-a istinadən bildirir.